PDF Oxu

Köşə

  • 6 128

Uşaq intiharlarının real səbəbləri – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Xırdalan şəhərində daha bir (son 1 ayda 4-cü) yeniyetmə qızın hündür binadan özünü ataraq intihar etməsi xəbəri media və sosial şəbəkələrə bomba kimi düşdü. Bu qız da əvvəlkilər kimi orada yaşamırmış və kənardan gəlib. Hadisənin təfərrüatları hələ məlum olmasa da, bu intihar faktının da əvvəlki 3 intiharla eyni zəmində ola biləcəyi haqda cəmiyyətdə şübhələr güclüdür və müzakirələrdə fərqli versiyalar da irəli sürülür.

Faktla bağlı hüquq-mühafizə orqanları təhqiqat aparır və yəqin ki, tezliklə səbəblər aydın olacaq və günahkarlar cəzalandırılacaq. Lakin hüquq-mühafizə orqanları hadisələrin qarşısını ala bilməz. Burada nəticələrlə uğraşmaq yox, səbəblərin tapılıb aradan qaldırılması lazımdır. Bu iş isə əsasən valideynlərin və uşaq və gənclərlə bağlı fəaliyyət göstərən müvafiq dövlət orqanlarının üzərinə düşür.

Uşaq intiharlarının artmasının müxtəlif səbəbləri var. Əsas səbəb psixoloji problemlərdir. Əvvəla, ətrafdan çox güclü psixotron təzyiqin, mənəvi terrorun olduğunu qeyd etməliyik. Xüsusən də internetdən. Siz heç əlində kitab, qəzet oxuyan və ya bir-biri ilə şahmat oynayan uşağa, yeniyetməyə rast gəlmisinizmi? Son illərdə mən rast gəlməmişəm. Valideynlər azyaşlı uşaqların əlinə bahalı smartfonlar alıb verib, yaxalarını kənara çəkiblər. İnternetdə ağla gələn və gəlməyən hər cür təhlükəli materiallar var. Hansı ki, psixikaya çox ağır zərbə vurur, dəyərlər sistemini dəyişdirir, əxlaqsızlığı, narsizmi, eqoizmi, həzz və əyləncədən üstün dəyər olmadığını təbliğ edir.

Televiziyaların burada müstəsna rolu var. Xüsusən, özəl televiziyalar və orada çıxış edən bir çox məşhurlar var gücləri ilə insanların xüsusən yeniyetmə və gənclərin əxlaqını pozmağa, ailə institunu dağıtmağa, uşaq tərbiyəsini lazımsız bir şeyə çevirməyə açıq şəkildə səsləyir. Seriallar, şou verilişlər, “ujas” filmləri psixologiyanı məhv edir. Valideynlər də uşaqları ilə oturub bunlara baxırlar.

Elm sübut edib ki, televiziya və internet insan psixikasına hər şeydən güclü təsir edir. Bu vasitə ilə hələ psixoloji cəhətdən formalaşmamış uşaqları istədikləri istiqamətə yönəldə bilirlər. Subliminal mesajlarla, 25-ci kadrlarla dolu olan tele-istehsallar şüuraltına işləyir və yalnız pis məqsədlərə xidmət edir. Buraya müasir aqressiv cizgi filmlərini və komputer oyunlarının psixika dağıdıcı təsirini də əlavə etsək, mənzərə tamamlanar.

Yəni, ətrafdan çox güclü psixoloji təzyiq, daha doğrusu, psixotron terror var. Uşaqları bu psixotron terrorun öhdəsindən təkbaşına gələ bilməz. Ona görə də valideynlər uşaqları üzərində fasiləsiz nəzarət tətbiq etməli, onlara vaxt ayırmalıdırlar.

Konkret olaraq uşaqlarına sahib çıxmayan onların tərbiyəsi ilə məşğul olmayan, onlara vaxt və diqqət ayırmayan, qayğı göstərməyən, fasiləsiz olaraq nəzarət etməyən valideynlərin övladları böyük risk altındadır.

Bəs uşaq intiharlarının artmasında sosial problemlərin payı varmı? Əlbəttə var. Müasir uşaq və yeniyetmələrin bir çoxu asudə vaxtlarını səmərəli keçirmək üçün müvafiq istiqamətlərə yönələ bilmirlər. Belə ki, idman və yaradıcılıq kurslarının 99 faizi pulludur və qiymətlər də çox bahadır. Adi idman və yaradıcılıq mərkəzlərində bir kursun qiyməti 50-100 manat arasındadır. Bir evdən 2-3 uşaq olduğunu nəzərə alsaq, valideynlərin çox böyük əksəriyyətinin bunun üçün maddi imkanları yoxdur. Bu səbəbdən də bir çox uşaqlar taleyin ümidinə, internetə və ya küçələrə buraxılır və orada da narkomaniyanın və sair kriminal faktorların təsirinə məruz qalırlar, psixologiyaları da korlanır.

Bu, artıq dövlətin həll edə biləcəyi məsələdir. Dövlət uşaqlar üçün çox sayda idman və yaradıcılıq kursları, elmi və ixtiraçılıq mərkəzləri təşkil etməlidir - həm də pulsuz. Bu halda biz gələcəyimiz olan uşaq və yeniyetmələrin sağlam formalaşmasını təmin edə bilərik.

Qısası bu problemin həlli yolu dövlətin və cəmiyyətin birgə işindən keçir. İkisindən biri bu prosesdə iştirak etməsə, problem həll olunmayacaq.

Digər xəbərlər