Vallah, sizdən söhbət düşəndə Cəlil Məmmədquluzadənin “Biz” felyetonunu xatırlayıram və bu əsnada da sual verirəm: siz kimsiniz? Və öz-özümə də cavab verirəm ki, siz heç kimsiniz.
Yox, əgər mənim bu sual-cavabımdan acıqlanıb, hirslənib, alovlanıb, qəzəblənib partlasanız, cümlənizlə üzərimə üsyana gəlsəniz, əsla unutmayın ki, sizə bundan fərqli suallarım olar. Dəxi siz bu suallara cavab verməyəndə, məcburən yenə də cavabını özüm vermiş olaram.
Siz kimsiniz? Müxalifətsiniz. Bəs kimə və nəyə müxalifsiniz? Siz xalqa müxalifsiniz. Xalq sizi harada xatırlayır? Küçədə. Necə xatırlayır? Çığırmaqla, Milli Məclisdə bir-birinizlə tutaşmaqla, dara düşəndə bir-birinizi didib-parçalamaqla... Nə cür yadda qalmısınız? Qrand hesabına ağa qara, haqqa nahaqq deyən.
Siz kimsiniz? O yerdə ki, xalq üçün lazımlı işlər görülür, tezcə o işi tərsinə çevirmək istəyində olanlar. Lakin gücünüz çatırmı? Çatmır. Gücünüz danışmağa çatır ki, buna da bizdə “dil pəhləvanı” deyirlər. Lakin aşığın sözü qurtaranda “neynim, neynim” dediyi kimi, axı sizin də sözünüz 90-larda qurtarıb, 30 ildir “neynim, neynim”, deyirsiniz, “neynim” sizə kömək olurmu? Olmur.
Siz kimsiniz? Bu aralar Rusiyanı Azərbaycandan çıxarmağın vacibliyindən dəm vuran yığnaq. Maraqlıdır, axı həmin bu Rusiya bir vaxtlar dostunuz idi, torpaqları əlinizdən alıb verdi Ermənistana. Sizə də hakimiyyət sözü verdi, lakin ara qarışdı, mənsəb itdi. Rusiya da oldu sizə düşmən.
Siz kimsiniz? Hakimiyyət üçün dəridən-qabıqdan çıxan, başqa heç nə. Uzun illərdir ki, hakimiyyət sizin səhvlərinizi düzəltməklə məşğuldur. O, guya ki, halına yandığınız şəhid, qazi, veteranlarımız da sizin 90-lardakı səhvinizin qurbanlarıdır.
Siz kimsiniz? Bu necə suverenlikdir ki, Azərbaycan vətəndaşı öz dədə-baba torpağına gedə bilmir, deyən. Hansı ki, sonuncu dəfə elə öz dədə-baba torpaqlarında minaya düşüb ölənlərimizin hələ 7 günü tamam olmayıb.
Siz kimsiniz? Azərbaycan tərəfi Ermənistana gedən ermənilərə benzin verir, deyən. Bir sərkərdədən çəkdiyiniz misalınız da var: “Qaçan düşmənin yolunun üstündə qızıldan körpü tikmək lazımdır”. Sonra da “qaçan düşmənin də, daha Yerevana qiyam üçün gedənlərin deyil”,- deyirsiniz. Bilə-bilə ki, Azərbaycan tərəfi qaçanlara deyil, orada yaşayanlara humanitar yardım edir, lakin deyirsiniz də. Çünki danışmaqdan başqa əməliniz yoxdur. Bir də ki, gedənin gedib Yerevanda qiyam etməsi sizi niyə bu qədər narahat edir? Yoxsa... Burada deyiblər bax, heç hənanın yeridir?..
Siz kimsiniz? Əli, Məmməd, Gültəkin, İlham, Natiq, Tofiq, nə bilim daha kimlər, kimlər... Bildiyim odur ki, bir xalq olaraq məhz müxalifimizin siz olmağınız bizim ən yazıq tərəfimizdir. Qonşu belə, müxalif belə...
Mətanət Məmmədova