Bircə sağ tərəfimizi bilsək, vallah, solumuz məlum olacaq... Ay qardaş, ay bacılar, bu sağ və sol məsələsi elə bir müşküldür ki, hər gün insanların bu müşküldən nə vaxt xilas olacağı barədə düşünməyə bilmirəm. Çünki hər gün metrodayam, eskalatorda qalxıb-enirəm və sağ-sol məsələsi ilə üzləşirəm.
Deməli, bu sağ və sol məsələsi üstündə bəzi insanlar bir-biri ilə hər gün dalaşır, bir-birini təhqir edir, çiyinlərindən ya hirslə vurur ki, yol ver, ya əmrlə vurur ki, yol ver də, ya da xahişlə vurur ki, yol ver, nə olar, yol ver...
Mən də hər gün bu mənzərələri seyr etmək məcburiyyətində qalıram. Seyr etdikcə də Allaha şükür edirəm ki, nə yaxşı ki, məktəbdə oxuyarkən bədən tərbiyəsi müəllimimiz rəhmətlik Məhyəddin müəllim o vaxt sağ-solumuzu bizə öyrədib. Bizi “sağa dön, sola dön” deməkdən zinhara gətirmişdi. Aradabir deyinirdik ki, bu kişi bizdən nə istəyir axı. Sən demə bu günlər üçün deyirmiş də kişi. Allah sənə rəhmət etsin, ay müəllim.
Seyr edirəm hər gün bu mənzərələri. Çox vaxt gülümsəyirəm, soruşsanız ki, niyə? Cavab verərəm ki, çünki onlar dalaşarkən, bir-birilərini təhqir edərkən, çiyinlərindən vurub “ay qardaş, ay bacı, yol ver” deyərkən məlumat bürosundan da dayanmadan-durmadan bildirilir ki, eskalatorda sağda dayanın, sol tərəfi keçid üçün boş saxlayın. Bax, buna gülməyib, nə edəsən? Amma özümü tez yığışdırmağa çalışıram ki, kənardan baxanlar deyər, bunun başı xarab olub, öz-özünə gülür, ya da onlara güldüyümü zənn edib sağ-solunu tanımayanları ötürüb düşərlər mənim canıma.
Düşünürəm ki, görəsən nədəndir ki, insanların əksəriyyəti kardır. Elə bu an məlumatda sağ və sol məsələsi təkrarlanır, bunu eşidə-eşidə yanımdakı yenə də yerindən tərpənib qarşımdakı boş yerə keçmir. Deyirəm, yazıq, yəqin kardır...
O gün iki qadın ta bir-birilərini rüsvay etdi. Bilmirəm hansı yolu kəsmişdi, o biri keçə bilməmişdi, mən enirdim, onlar qalxırdılar. Ta bir-birilərini biabır etdilər. Amma anlaşılırdı ki, məsələ bu sağ və sol məsələsidir.
Qulaqlarıma dedim ki, tez ol, kar ol, eşitmə. Sonra da dedim ki, bu kar olmaq nə gözəlmiş...
Onsuz da bilirəm camaat Tiktoku, Votsapı, İnstagramı qoyub mənim bu yazıdığımı oxuyan deyil. Amma dedim olar da, birdən kimsə sosial şəbəkələrdən vaxt tapıb bizim də saytımıza qonaq gələ bilərsə, oxuyar, bəlkə bu sağ məsələsində bir faydam olar. Sağ da belədir ki, bunu bilsən, sol məlum olacaq...
Mətanət Məmmədova