Nədən narazıdırlar? Hələ də bu barədə məlumatı olmayan varsa, bilsin ki, “Bolt”lar gediş haqqının kartla ödənilməsindən narazıdırlar. Nə üçün narazıdırlar? Bunun tutarlı bir səbəbi var. Səbəb odur ki, “Bolt”ları biz özümüz pis öyrətmişik. Yəni əksər sərnişin həmişə bu taksilərdən istifadə edərkən ödənişi artıq edib. Necə? Məsələn, gedişimiz 3.55, 2.70, 1.80, 4.60 və sair olanda biz bu qəpik hissəni də manat olaraq ödəmişik. Beləliklə də, “Bolt”lar bundan xeyli razı qalıblar. Bir gedişdə 3.55 əvəzinə 4 manat, 2.70 əvəzinə 3 manat, 1.80 əvəzinə 2 və sair qazanıblar. Təbii ki, aramızda elələri də var ki, ödənişi qəpiyə-qəpik ödəyir, bu da sözsüzdür. Lakin məlumatımıza əsasən əksər sərnişin yuxarıda qeyd etdiyimiz kimi, yəni artıqlaması ilə ödəniş edir. Söhbət bunda deyil, halal xoşları olsun.
Lakin bu kart məsələsi ki, var, bax burada “Bolt”larla bizlər arasında kiçik anlaşılmazlıqlar yaranmağa başlayıb. Belə ki, “Bolt”lar görür ki, müştəri ödəniş üçün kartı seçir, hərdən bir bəhanə ilə sifarişi ləğv etməyə çalışırlar. Məsələn, bu günlərdə bu vasitə ilə ödəniş etdiyim üçün üç sifarişimi ləğv etməli oldum. Onlardan birincisinə sürücünün açıqca kart ödənişilə işləmədiyini, ikincisinə sürücünün hələ çox uzaqda olduğunu bildirməsi, üçüncüsünə isə sürücünün namaza getməli olduğunu deyib sifarişin ləğvini xahiş etməsi səbəb oldu. Bu kimi hallar son vaxtlar “Bolt”lardan istifadə edənlərin əksəriyyətinin başına istənilən an gəlir.
Bəs nə üçün “Bolt”lar belə edirlər? Axı fəaliyyətini bu qayda ilə quranlar müştərinin ödəmə üsullarından hər ikisinə hazır olmalıdırlar. Onsuz da sərnişinlər ödənişi əksər vaxtlarda nəqd ödəyir. Beləliklə də bu, sürücülərin ürəyincə olur. Bəs belə isə kartla ödəniş zamanı nə üçün müştəriyə belə laqeydcəsinə yanaşırlar?
Müştəri nə etsin ki, ödəmə iki cür təyin edilib: nəqd və kartla. Müasir dövrdə də tamamilə kartlaşdığımıza görə, bəzən cibimizdə bir manat nədir, bir qəpik də olmur. Belə olanda isə təbii ki, adam küçənin ortasında əl açıb taksi pulu dilənməyəcək ki... Kartdan istifadə edib mənzilbaşına çatmalıdır da...
“Bolt”lar isə vurğuladığım kimi, bu kart məsələsindən olduqca narazıdırlar. Onsuz da taksidən həmişə istifadə edən adamın cibində hər zaman da pulu olur, bu, başqa məsələ. Hərdənbir istifadə edənlər üçün isə bunun bir qədər fərqli olduğunu düşünərək xəbərdar etmək istədim ki, nə edirlər etsinlər, ciblərində heç olmasa 5-6 manata yaxın hər zaman pul saxlasınlar. Yoxsa harasa təcili getməli olduqda baxacaqlar ki, kartla ödənişi görən “Bolt”lar onlardan üz çevirir. Onlar da birincini ləğv edib ikinciyə, ikincini ləğv edib üçüncüyə keçəcək, yəqin ki, dördüncünü də sürücünün özü ləğv edəcək. Belə olan təqdirdə isə yollarda saatlarla qalmalı, gediləcək yerə yubanmalı olacaqlar.
Bu “Bolt”lara belə bir sual ünvanlamaq istəyirəm ki, bəs necə olur, müştəri ödənişi artıqlaması ilə ödəyəndə heç qalıq hissəni qaytarmaq barədə düşünmürsünüz, lakin ödəməli olduğu əsl məbləğə etiraz edirsiniz? Müştəri nə etsin ki, sizin işiniz budur, bu qaydalar əsasında çalışmağı qəbul etmisiniz? Axı ona da bəzən ucuz və sərfəli bir nəqliyyat vasitəsi lazımdır. O da tələsə bilər. Onun da haqqıdır ki, “Bolt”un təqdim etdiyi ödənişi ödəyərək istədiyi ünvana çata bilsin.
Kim haqlı, kim haqsızdır, bunu “Bolt”lar bir papaqlarını qarşılarına qoyub yaxşıca düşünsünlər. Düşünürəm ki, bu barədə fikirləşmək həm onların özləri, həm də müştəriləri üçün sərfəli ola bilər...
Mətanət Məmmədova