PDF Oxu

Köşə

  • 6 480

Cinayət sayılmayan qətl – KÜNCDƏN BAXIŞ

image

və ya insan öldürülməsinə görə niyə heç bir cəza yoxdur?

Elçin Bayramlı

Abortlar faktiki olaraq qətl hadisəsidir,- bu, hələ doğulmağa imkan tapmamış körpələrə qarşı fiziki terror, analara qarşı isə həm psixoloji, həm bioloji terrordur. Abortlar, xüsusən də selektiv abortlar bir cəmiyyəti xəstə vəziyyətə salır, demoqrafik vəziyyəti ağırlaşdırır, milli genefondu məhv edir, cinslərin təbii balansını pozur. Qısaca desək, abort ən qorxunc və ən dəhşətli bəladır.

ÜST-ün hesabatlarına görə, hər il dünyada 50 milyondan çox qadın abort olunur. Onların 20 milyonu qeyri-leqal abortlardır, bu hal qadın ölümü hallarının artmasına yol açır.

Abortların 78 faizi inkişaf etmiş ölkələrin, 22 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Abortların sayına görə ən aşağı göstərici dinin hakim olduğu ölkələrdədir. Belə ölkələrdə il ərzində 1000 qadına 10 abort düşür. Digər ölkələrdə bu göstərici hər 1000 qadına 10-80 abort arasında dəyişir.

Azərbaycanda 2022-ci ildə ölkədə 58 min abort qeydə alınıb. 2021-ci ildə isə bu göstərici 47 minə yaxın olmuşdu. 2020-ci ildə isə bu rəqəm 35 mindən də az idi. Göründüyü kimi, kəskin artım var.Hələ bu rəsmi rəqəmlərdir. Hesab edilir ki, real rəqəmlər rəsmi statistikadan dəfələrlə daha çoxdur.

Həm rəsmi, həm qeyri-rəsmi statistika göstərir ki, Azərbaycanda abortların sayının artması son dərəcədə acınacaqlı haldadır. Xüsusən də, selektiv abortlar daha təhlükəlidir. Selektiv abortlara görə biz dünyada ilk yerlədən birini tuturuq.

Son 20-30 ildə bu sahədə vəziyyət daha da pisləşib. Bəzi bu işlə məşğul olan həkimlər etiraf edirlər ki, son vaxtlar müraciətlər daha çox kütləviləşib. Aydındır ki, bunların çoxu rəsmiləşmir və statistikaya daxil olmur.

Ana bətnindəki körpələrin abort edilərək öldürülməsinin heç bir bəraəti ola bilməz. Yalnız doğuşun qadının həyatına təhlükə törədəcəyi halda bu, mümkün sayılır. Hesablamalara görə, abortların yalnız 1-2 faizi son məcburiyyət halında edilir.

Abort faktiki qətl hadisəsi olmaqdan əlavə, həm mənəvi, əxlaqi, psixoloji cəhətdən deqradasiyanın son həddidir, həm də milli genefondumuzun, ailə institutumuzun tam dağılması deməkdir. Tibbi araşdırmalara görə, ana bətnindəki embrionun ürək döyüntüləri 18 gündən sonra başlayır, 40 gün sonra baş beynə impulsların getdiyi müşahidə olunur, 6-7 həftədən sonra müstəqil hərəkətə başlayır.

Yəni, ana bətnindəki uşağı öldürməklə, küçədəki hər hansı bir şəxsi öldürmək arasında heç bir fərq yoxdur. Maraqlıdır ki, qanunlar hər hansı bir qətlə ağır cəzalar verdiyi halda, körpələrin göz qabağında açıq şəkildə qətli həyata keçirildikdə buna nə qanun, nə də bir başqası reaksiya verir. Açıq şəkildə ölkədə hər gün yüzlərlə qətl törədilir. Faktiki olaraq, milli genefonda qarşı kütləvi terror törədilir. Buna görə cinayət məsuliyyəti olmadığından kim necə istəyir eləcə də hələ doğulmamış körpəsini öldürür.

Bəzi ölkələrdə abortların edilməsinə qarşı daha mühafizəkar qanunlar var. Hətta bəzi Avropa ölkələrində belə, abort etmək qadağandır və abort edən şəxs sərt cəzalandırılır.

Azərbaycan qanunvericiliyində aborta məcbur və təhrik etməyə görə 115-ci maddənin 2-ci və 3-cü hissələrinə görə islah-əmək koloniyalarında cəza verilir. Lakin könüllü aborta görə cinayət məsuliyyəti yoxdur.

Bunun qarşısını almaq üçün nə dövlət, nə də cəmiyyət heç bir tədbir görmür. El arasında “arvad-uşaq komitəsi” adlandırılan orqan dövlətin pullarını boş yerə xərcləməklə məşğuldur və bu sahədə heç bir iş görmür, hansısa effektiv təbirlər həyata keçirmir, nəzarət etmir.

Abortlar geniş planda baxıldıqda milli təhlükəsizlik məsələsidir. Demoqrafik cinsi disbalansın yaranması gələcəkdə ağır fəsadlar verəcək. Bu milli fəlakətdən xilas olmaq üçün təcili şəkildə dövlət bu məsələ ilə bağlı ya xüsusi proqram qəbul etməlidir, ya da bu sahə üzrə geniş səlahiyyətlərə malik xüsusi dövlət orqanı yaradılmalıdır. Bu sahəyə çox ciddi nəzarət olunmalıdır və çox sərt cəzalar qoyulmalıdır.

Təcrübə göstərir ki, maarifləndirmə və tbliğatlas heç nəyə nail olmaq olmur. Əksinə vəziyyət getdikcə pisləşir. Demək ümid qalır sərt inzibati tədbirlərə. Abort edən və etdirən uzun müddətə həbs cəzasına layiq görülməlidir. Yalnız bu yolla bu dəhşətli fəlakətin qarşısını almaq olar.

Digər xəbərlər