PDF Oxu

Köşə

  • 7 530

Bir başqa pul - FELYETON

image

Elçin Bayramlı

Yazının adını oxuyan kimi ağlınıza başqa fikirlər gəlməsin, söhbət başqa pullara susayıb vətəninin, xalqının, dövlətinin maraq və mənafelərini başqa dövlətlərin siyasi və dini mərkəzlərinə satanlardan getmir. Bu “başqa” söhbəti, tamam başqa söhbətdir.

Məsələ ondan ibarətdir ki, bir 15 əvvəl xalqımızın bir çox 11 il məktəb oxumuş və bir miqdar elm hasil etmiş nümayəndələri alver sövdələşmələrində pulumuzun adını və məbləğini başqa cür ifadə edirdilər. 250 manatlığa “Qız qalası”, 500 manatlığa “Nizami”, 1000 manatlığa “Məmməd”, 10 min manatlıq əskinasa isə “Şirvan” deyirdilər. Çox uzatmadan keçək “mustafa”ya...

Deməli, biri vardı, biri yoxdu... yox belə olmadı, bu axı nağıl deyil, olmuş əhvalatdır, nə qədər şahidi filanı var. Əhvalat vaqe olur 2000-ci illərin ortalarında Tovuz şəhərində. O illər Tovuz televiziyasında işləyən vaxtlarım idi. Günlərin bir günündə bir yas məclisində iştirak edirdim, məclisdə mənimlə eyni stolda oturmuş bir ağsaqqal kişi söhbət eləyir, deyir ki, bəs filan yerim ağrıyırdı, getdim bolnisiyə (?) müalicə götürdüm, həkimə bir başqa pul verdim, amma genə bir xeyri olmadı...

Adamın rüşvət verməsi və bunu ictimai yerdə rəsmi etiraf etməsi məni o qədər də təəccübləndirmədi, çün belə söhbətlər adidən də adi bir şeydir məmləkətimizdə. Məni “cin atı”na mindirən o oldu ki, bu ağsaqqal rüşvəti niyə öz manatımızla deyil, başqa pulla- böyük ehtimalla dollarla və ya rublla ödəyib. Nəticədə aramızda belə söhbət yarandı:

- Dayı, həkimə niyə basqa pul verirdiniz ki, öz pulumuza nə gəlib?

- Öz pulumuzdan verdim də.

- Bəs deyirsiniz bir başqa pul verdim?

- Başqa deyəndə, yəni, paşka deyirəm də…

- Hə paçka, …nə paçkası idi?

- Şirvan

- Şirvan nədir? Bu adda dünyada valyuta olduğunu eşitməmişəm.

- Ayə məni dolayıbsan? Şirvan də, şirvan… yanı 10 minlik pul var idi ey, ondan...

- Axı indi o əskinas yoxdur, ləğv olunub, neçə illərdir təzə manatlar dövriyyədədir, o köhnə işləməyən pulları necə verdiniz ona?

- A kişi, təzə pullan verdim ee, prosta o qədər eləyir.

- Nə qədər yəni?

- Bir “başqa” şirvan qədər.

- Bir “paçka” şirvan nə qədər edir ki?

- Qoy görüm... ayə 200 manat eləyir dana indiki pulnan…1 aylıq maaşım getdi bajoğlu …

- Bəs onda deyin ki 200 manat verdim də. Özü də, 200 manat necə bir “paçka” edə bilər, axı 2 manatlıq pulumuz yoxdur?

- Paza keçmişik ee, a bala, pulu başqa ilə verməmişəm ey, yanı bir başqalıq şirvan qədər pul vermişəm dana, 2 dənə təzə yüzlük idi…

- Belə deyin də, “bir başqa şirvan” əvəzinə “200 manat” demək daha rahat deyilmi?

- Ağzımız öyrəşib… təzə puldan adamın başı çıxmır…

- Dayıcan, Sovet vaxtı 50 il bu sistemlə pul alıb-vermisiniz, indiki pulumuz da elə o vaxtkı dəyərdədir. O vaxt da məsələn, qənd 1 manat idi, indi də, o vaxt da siz 200 manat maaş alırdınız, indi də. Yazıq “şirvan” neçə ildir dövriyyədən çıxarılıb, amma hələ də ondan əl çəkə bilmirsiniz... Şirvan, Məmməd, Nizami, Qız qalası filan… Elə hökumət yaxşı eləyib pulun ustundə şəkilləri ləğv elədi…

- Bizdə baş qoyublar a bala? Sovet dağılandan sonra pulun bərəkəti də getdi, o vaxt o 200 manata bir ay adam kimi dolanırdıq, indi dövrani-gərdişi-kəcrəftar səbəbindən o pul bir həftəyə də çatmır...

Bu söhbət əsnasında yanımda oturan iş yoldaşım elə hey ətəyimdən çəkirdi ki, "aya dincəl, kişi ilə nə işin var, qoy necə istəyir desin də, sən jurnalistsən deyə indi hamı ədəbi dildəmi danışmalıdır?". Əslində, mənim bu daayını dolamaq fikrim yox idi, sadəcə adamların niyə pulun üstündə aşkar yazılmış rəqəmləri deyə bilməyib, o pullara müxtəlif adlar qoymasının səbəblərini öyrənmək istəyirdim. Ona görə də, bu söhbət bir qədər də uzanmışdır.

Söhbətin gerisini yazıb vaxtınızı almayım,- “ayda 200 manat qazanırsınız, bəs o qədər rüşvəti necə və niyə verirsiniz”,.. “verməsən olmur bala, bəs o həkim 120 manat maaşla acından ölsünmü?”- kimi mənasız sual-cavabı burda yazmağın nə faydası var?!

Sovet vaxtı məşhur bir anektod var idi- Bir gün SSRİ rəhbəri Xruşşovla Çinin rəhbəri Mao Tszedun görüşürlər. Mao müəllim deyir ki, bizdə istedadlı “fokusnik”lər çoxdur, onlar bir aylıq maaşı bircə gündə xərcləyib bitirirlər. Nikita yoldaş da qayıdır ki, bizdə daha istedadlıları var- ayda 200 manat alırlar, amma 500 manat xərcləyirlər…

Bizdə indi vəziyyət bu sarıdan daha qəlizdir. Bizim məmurların, artistlərin, həkimlərin, müəllimlərin… maaşı ilə onların aylıq xərcləri arasındakı keçilməz uçuruma nəzər salmaq kifayət edir ki, məsələ aydın olsun. Mən hələ bahalı daşınar və daşınmaz əmlakı demirəm…

Məndən sizə amanat, rüşvət alanda da, verəndə də öz pulumuzdan istifadə edək, yoxsa ölkədə manatın məzənnəsi aşağı düşər, inflyasiya sürətlənər, Mərkəzi Bankın məzənnəni saxlamaq üçün xərclədiyi milyonlar batar, üstəlik, bazarda qiymətlər, bank kreditləri daha əlçatmaz yüksəkliklərə bayraq sancar. Onsuz da bəzi iribuynuzlu dəllallar qiymətləri artırmağa girəvə gəzirlər. Sonra demədi deməyin…

Digər xəbərlər