Elçin Bayramlı
“Azərbaycan uşaqların cins seçiminə görə dünyada 1-ci yerdədir”. Bu fikirləri BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı bildirib. BMT nümayəndəsi qeyd edib ki, ölkəmiz 2021-ci ildə bu məsələdə 1-ci yerdə olan Çini artıq üstələyib: “Bütün selektiv abortlar kriminal abortlardır. Bununla Cinayət Məcəlləsinin qapısı açılır”.
Son illərdə ökədə qeydə alınan abort sayı 30-35 min civarında dəyişir. Xüsusən də, selektiv abortlar daha təhlükəlidir. Bəzi abortlar gizli edildiyindən rəsmiləşmir və statistikaya daxil olmur. Buna görə də, hesab edilir ki, real rəqəmlər rəsmi statistikadan dəfələrdə çoxdur.
Abortlar faktiki olaraq qətl hadisəsidir, - bu, hələ doğulmamağa imkan tapmamış körpələrə qarşı fiziki terror, analara qarşı isə həm psixoloji, həm fizioloji terrordur. Abortlar bir cəmiyyəti xəstə vəziyyətə salır, demoqrafik vəziyyəti ağırlaşdırır, milli genefondu məhv edir, cinslərin təbii balansını pozur. Qsaca abort ən qorxunc və ən dəhşətli bəladır. Abort faktiki qətl hadisəsi olmaqdan əlavə, həm mənəvi, əxlaqi, psixoloji cəhətdən deqradasiyanın son həddidir, həm də milli genefondumuzun, ailə institutumuzun tam dağılması deməkdir. Tibbi araşdırmalara görə, ana bətnindəki embrionun ürək döyüntüləri 18 gündən sonra başlayır, 40 gün sonra baş beyinə impulsların getdiyi müşahidə olunur, 6-7 həftədən sonra müstəqil hərəkətə başlayır.
Ana bətnindəki uşağı öldürməklə, küçədəki hər hansı bir şəxsi öldürmək arasında heç bir fərq yoxdur. Maraqlıdır ki, qanunlar hər hansı bir qətlə ağır cəzalar verdiyi halda, körpələrin göz qabağında açıq şəkildə qətli həyata keçirildikdə buna nə qanun, nə də bir başqası reaksiya verir. Açıq şəkildə ölkədə hər gün minlərlə qətl törədilir. Faktiki olaraq, milli genefonda qarşı kütləvi terror törədilir.
Bunun qarşısını almaq üçün nə dövlət, nə də cəmiyyət heç bir tədbir görmür. El arasında “arvad-uşaq komitəsi” adlandırılan orqan dövlətin pullarını boş yerə xərcləməklə məşğuldur və bu sahədə heç bir effektiv iş görmür, hansısa təbirlər həyata keçirmir, nəzarət etmir. Bu komitə ləğv olunmalıdır və xüsusi bir dövlət orqanı yaradılmalıdır. Bəzi ölkələrdə abortların edilməsinə qarşı daha mühafizəkar qanunlar var. Hətta bəzi Avropa ölkələrində belə, abort etmək qadağandır və abort edən şəxs sərt cəzalandırılır. Bizdə demək olar ki, bu məsələ ilə bağlı nə aidiyyatı dövlət orqanları maraqlanır, nə cəmiyyətin, nə də mətbuatın vecinədir.
Abortlar geniş planda baxıldıqda milli təhlükəsizlik məsələsidir. Bu milli fəlakətdən xilas olmaq üçün təcili şəkildə dövlət bu məsələ ilə bağlı ya xüsusi proqram qəbul etməlidir, ya da bu sahə üzrə geniş səlahiyyətlərə malik xüsusi dövlət orqanı yaradılmalıdır. Bu sahəyə çox ciddi nəzarət olunmalıdır və çox sərt cəzalar qoyulmalıdır.
Ana bətnindəki körpələrin abort edilərək öldürülməsinin heç bir bəraəti ola bilməz. Yalnız doğuşun qadının həyatına təhlükə törədəcəyi halda bu, mümkün sayılır. Hesablamalara görə, abortların yalnız 1-2 faizi son məcburiyyət halında edilir.
Azərbaycan qanunvericiliyində aborta məcbur və təhrik etməyə görə 115-ci maddənin 2-ci və 3-cü hissələrinə görə islah-əmək koloniyalarında cəza verilir. Lakin könüllü aborta görə cinayət məsuliyyəti yoxdur.
Təcrübə göstərir ki, maarifləndirmə və təbliğatla heç nəyə nail olmaq olmur. Əksinə, vəziyyət getdikcə pisləşir. Demək, ümid qalır sərt inzibati tədbirlərə. Abort edən və etdirən uzun müddətə həbs cəzasına layiq görülməlidir. Yalnız bu yolla bu dəhşətli fəlakətin qarşısını almaq olar.