Dünən qarşılaşdığım mənzərələrdən sonra bu qənaətə gəldim ki, şəhərimizin əksər sakini 31 oktyabrı Tik-tok bayramı kimi qeyd etdi. Müəyyən səbəblərdən bir neçə vaxt girişi məhdudlaşdırılan Tik-tok sosial şəbəkəsinin dünən günorta saatlarından sonra açıldığını bilən insanlar əməlli-başlı bayram sevinci yaşayır, bir-birilərini bu münasibətlə təbrik edirdilər.
Düzdür, bu sevincin səbəbi mənə və mənimkimilərə xeyli gec məlum olsa da, necə deyərlər, bizə sonradan çatsa da, bu Tik-tok bayramının “sevincinə qatıla da bilməzdik. Çünki bizə görə Tik-tokdur da, həmişəki Tik-tok. İnsanların özlərini rüsvay etdiyi, biabırçılığın son həddi Tik-tok. Özümüz cəhənnəmə körpə, məsum övladlarımızı da oyunçusuna çevirdiyimiz Tik-tok. Bu körpələrə nələrisə öyrədib, əzbərlədib, sonra danışdıraraq videolarını çəkib yerləşdirməklə baxış yığmaq ovuna çıxdığımız Tik-tok. Uşağının psixologiyasına, inkişafına, gələcəyinə zərbə vuranların Tik-toku...
Nəyini bayram edəcəkdik Tik-tokun? Burada bəzi videoların qarşımıza çıxdığı anda utandığımızdan yerin yeddinci qatına girdiyimiz üçünmü? Yeməyi dəlicəsinəmi deyim, anormalcasınamı deyim, yeyərək özünü çəkən adı qadın olanları yenidən görəcəyimiz üçünmü?
Tik-tokdur da, nəyinə sevinir bu camaat, nəyini bayram edir, anlamaq bir qədər çətindir. Rəqsini çəkib burada paylaşanların, ağsaqqalını, ağbirçəyini söhbətə tutub gizlicə video çəkib əyləncə mövzusuna çevirən nəvələrin utancıdır da Tik-tok. Ailəsinə xəyanəti utanmadan göstərən, bununla qürur duyanların üz qarasıdır. Saatlarla canlı yayın açıb evinin işini-gücünü bir kənara buraxanların, canlı yayındaca gördüyümüz ayağı yalın, çılpaq-geyindirilməmiş uşaqların “anaları”nın söhbət yeridir. Saatlarla özü ağılda qadınlarla söhbətdə olan həmin qadınların uşaqlarının qarnının aclığından-toxluğundan kimin xəbəri var? Nə danışdığını, nəyi təlqin etdiyini özü də anlamayan, camaata paltar ütüləməyi öyrədən, guya yemək bişirməyi aşılayan, əslində isə canlı yayında gördüyümüz tökülü evlərin sahibi qadınların paxırını açan “güzgüdür” Tik-tok.
Əttökən məsələlərin müzakirə edildiyi, əttökən sualların verildiyi, bəzən canlı dalaşmaların, söz atmaların, sözü çəp gələnlərin ünvanıdır Tik-tok. Şüuraltında olanları şüurüstünə çıxaran, mentaliteti ayaqlar altına salan, ayıbın nə olduğunu unutduran mexanizmdir Tik-tok...
Gəl, hələ bu Tik-tokun gəlişini bayram et. Yolda qarşına çıxanı təbrik et, zəng vur, mesaj yaz, bilməyənləri də xəbərdar et, digər sosial şəbəkələrdə elan yaz: ay camaat gözünüz-başınız aydın oldun, Tik-tok açıldı...
Hər kəsi xəbərdar et ki, toplaşsınlar yenidən Tik-toka. Başısoyuq valideynlər telefonu versinlər azyaşlı uşaqların əlinə. Özləri də otursunlar televizorun qarşısında, seriala dalsınlar, uşaq da Tik-tokda qarşısına çıxanların hamısına baxsın, keçsin...
Hər kəsi xəbərdar et ki, qoy hamı toplaşsın Tik-toka. Özünə hörmət hissini dənizə atıb, torpağa basdırıb burada qadın, kişi adına- ümümilikdə insana layiq olmayan videolarla, söhbətlərlə, mesajlarla gənclərimizin qarşısına çıxsınlar. Onların əxlaqına, tərbiyəsinə sitəm etsinlər. Camaatın gül kimi balalarını öz murdar hərəkətləri, davranışları, ədəbsizlikləri ilə məhv etsinlər.
Tik-tok açılıb, “gözümüz aydın olsun”. Açılıb ki, bizdən yaxşıları alıb əvəzinə pisləri verməyə davam etsin. Açılıb ki, bizdən qopara-qopara getsin.
Nə qədər ki, bütün bunların fərqinə varmağa ya dərrakəmiz, ya vaxtımız, ya da ağlımız yoxdur, hələ çox Tik-tok bayramları keçirəcəyik. O zamanadək ki, bir də ayılacağıq ki, Tik-tok bizə qara bayram keçirir...
Mətanət Məmmədova