PDF Oxu

Köşə

  • 6 138

Adın nədir?.. FELYETON

image

-Ay, nə qəşəng qızdır bu, adı nədir?

-Kumsaldeniz.

-Allah saxlasın.

***

-Bu gözəl qızın adı nədir?

-Medina.

-Maşallah.

***

-Nə şirin əkizlərdi bunlar, adları nədir?

-Manisa, Peykər.

- Allah xoşbəxt etsin.

***

-Bu nə gözəl oğlandı, adı nədir?

-Dominik.

-Allah qorusun.

***

-Allah saxlasın, nə şirin oğlunuz var, adı nədir?

-Ronald.

-Adı ilə böyüsün.

***

-Hüqo, Alfanso, qaçmayın, yıxılarsınız.

-Bağışlayın, Allah saxlasın, nə gözəl uşaqlarınız var.

-Çox sağ olun.

-Adlarını necə dediniz?

-Hüqo, Alfanso.

-Maşallah.

***

-Seva, Cana, yanıma gəlin, çox aralanmayın.

-Maşallah, nə gözəl qızlardır bunlar.

-Çox sağ olun.

-Əsl adları nədir?

- Elə Seva, Canadır da.

-Hə, anladım, adları ilə böyüsünlər.

***

-Ay, maşallah, nə gözəl övladlarınız var. Allah saxlasın. Əkizdirlər?

-Çox sağ olun, Amin, yox bir-birindən bir yaş fərqləri var.

-İkisi də oğlandır?

-Yox, Barbare qızdır, oğlan Stefanedir.

-Eləmi? Maşallah.

***

-Oğlum, Samuel, buraya gəl.

-Maşallah, böyük oğlan olsun.

-Çox sağ olun.

-Adını kim qoyub?

-Babası...

***

Eşitmişdim ki, yer öz oxu ətrafında fırlanır. Bir anlığa mənə elə gəldi ki, elə indicə fırlanıb, məni hansısa başqa ölkəyə apardı? Bu vaxt yanımdan bir cavan qız keçirdi, onu saxlayıb soruşmaq istəyirdin ki, ay qızım, bura haradır, o tərəfdən bir ana “Aziz, Aminə, Məhdi, uzağa getməyin”,- dedi. Bunu eşitcək, dedim, yox, heç hara getməmişəm, Azərbaycandayam...

Mətanət Məmmədova

Digər xəbərlər