PDF Oxu

Köşə

  • 3 499

Uşaqlar 3, böyüklər 7 manata...

image

Məktəblilərin payız tətili başlandığından onların asudə vaxtını mənalı keçirmək üçün valideynlər xeyli düşünməli olurlar: necə edək ki, tətil günlərindən səmərəli istifadə edək, uşaqlara ucuz qiymətə başa gələn yaddaqalan günlər bəxş edə bilək.

Tətilin ilk günü uşaqların asudə vaxtlarının təşkili ilə bağlı eşitdiklərim xoş olmadığı üçün təbii ki, ona münasibətim də yaxşı olmadı. Deməli, bir qrup valideyn qərara gəlir ki, uşaqlarını sinif yoldaşı ilə birlikdə və sinif rəhbərinin müşayiəti ilə Milli Xalça Muzeyinə aparsınlar. Bununla əlaqədar olaraq muzeylə əlaqə saxlayırlar və məlum olur ki, muzeyə giriş uşaqlar üçün 3, böyüklər üçün 7 manatdır. Valideynlər də nə etsinlər, uşaqlara əvvəlcədən muzeyə aparacaqlarına söz verdikləri üçün getməli olurlar. Muzeyin qarşısında görüşürlər, uşaqları müəllimə təhvil verirlər, özləri isə bayırda gözləyir ki, uşaqlar çıxanda evə aparsınlar. Qeyd edək ki, uşaqları muzeyə gətirən müəllim üçün ödəniş yoxdur.

Sözün həqiqi mənasında, eşitdiklərimdən çox sarsıldım. Axı muzeylər bizim milli sərvətimizdir. Birincisi, öz sərvətimizdən istifadə nə üçün ödənişli olmalıdır? Yaxşı, ödənişlidirsə, nə üçün bu qədər baha qiymətədir?

Deməli, bir valideyn bir uşaqla muzeyə gedirsə, bu, 10 manata başa gəlir. 2-3 uşaqla isə daha baha qiymətə. Elə bu qiymətlərin fonunda muzeyə turistlərin ödənişi ilə də maraqlandıq. Məlum oldu ki, turistlər üçün ödəniş 10 manatdır. Böyüklər və turistlər üçün tur paketlər də var ki, 10 nəfərlik tur paket böyüklər üçün nəfərə 5, turistlər üçün 7 manatdan hesablanır. Muzeydə bələdçi xidməti Azərbaycan dili də daxil olmaqla ərəb, ingilis və rus dilləri üçün ödənişlidir, yəni 12 manat, 10 nəfərdən artıq tamaşaçı üçün 15 AZN. Maraqlıdır, məlumat 1 nəfər üçün verilir, ya 10 nəfər üçün, bu eyni deyilmi? Bəs qiymət nə üçün 12 manatdan 15 manata qalxır?.. Bir də ki, mən biləni muzeylərdə bələdçi ştatı var ki, bu vəzifəni həyata keçirən şəxs əmək haqqı alır.

O da maraqlıdır ki, turist gəlib bizim ölkəmizdə muzeyə 10 manat ödənişlə tamaşa edir, biz yerli əhali isə 7 manat? Yaxşı, biz tur paketdən istifadə etmək üçün necə, 15 gün əvvəldən adam toplamalıyıq ki, muzeyə baxışımız ucuz başa gəlsin?

Bu məsələdə maraqlı nüanslar var. Uşaqlar və tələbələr üçün tur paket yoxdur. Hansı ki, kollektiv şəkildə muzeyə gedəcək olan məhz məktəbli və tələbələrdir. Uşaq və tələbələrimizi xalqın milli dəyərləri ilə ödənişli əsaslarla tanış ediriksə, bəs muzeyə getməyə heç bir imkanı olmayan minlərlə uşağın, tələbənin aqibəti necə olacaq?

Belə nümunələrlə xarici ölkələrdə də rastlaşmaq olur. Lakin turistlərlə yerli əhali arasında qiymət olduqca fərqlidir. Yəni yerli əhaliyə sərf edəcək dərəcədədir.

Bu gün muzeyin qarşısında dayanıb övladını gözləyən ondan artıq valideyn onlarla birlikdə muzeydə olmasını çox arzu edərdi. Lakin 7 manat ödəniş etmək hər kəsin imkanı daxilində deyil. Axı hələ tətil yeni başlayıb. Uşaqları hara aparsan, bundan da baha qiymətlər səni gözləyir. Valideyn də uşaqlarla bərabər asudə vaxt keçirmək istəsə, bu, ailə büdcəsində xeyli vəsaitin itirilməsi deməkdir. Odur ki, muzeylərimizin qiymətlərə yenidən baxmasına ehtiyac var.

Məncə uşaq və tələbələrin muzeylərə girişi ödənişsiz, böyüklər üçün isə 3 manat olmalıdır. Turistlər üçünsə elə müvafiq qiymət seçmək lazımdır ki, ölkəmizdən gedəndən sonra növbəti illər üçün də buranı seçməyə qərar verə bilsin.

Mətanət Məmmədova

Digər xəbərlər