PDF Oxu

Köşə

  • 2 686

3 il əvvəl, 1 dekabr -KÖŞƏ

image

Həmin gün Ali Baş Komandanımızın xalqımıza yenə də qələbə müjdəli müraciəti var idi: Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq.

Dövlətimizin başçısının bu dəyərli kəlamlarını dinləyərkən xəyalən 28 il öncəki Laçına getmişdim. O Laçına ki, 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən tərəfindən işğal edilmişdi. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmış, 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrinə məcburi köçkün kimi səpələnmişdi. Ermənistan tərəfindən Laçında 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilərək rayona 7.1 milyad dollar həcmində ziyan vurulmuş, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalaraq, 264 nəfər şəhid, 103 nəfər əlil olmuş, 65 nəfər girov götürülmüşdü.

2020-ci ilin 44 günlük Vətən müharibəsi tariximizin parlaq səhifələrini təşkil edir. Bu parlaqlığı çox məqamlar xarakterizə edir. Dövlət-xalq birliyi, həmrəylik, vətənpərvərlik, torpaq sevgisi, bayraq sevdası, ölümün üzünə dik baxmaq və sair. Lakin biz nəsil üçün daha önəmli olan bir məqam da var ki, bu gün 30 illik Qarabağ yaralarını sağaldan həkimlər məhz biz nəslin övladlarıdır. 30 ildə sağalmaq bilməyən, qanı süzən, qaysaq bağlamayan yaraları 30 il əvvəl o acı günlərin hər birinin canlı şahidi olanların övladları sarıdı. Bu yaraların üstünə öz qanlarını məlhəm edib çəkdilər. 30 ilin yaraları 44 gündə sağaldı. Bu yaraları sağaldanlar həm də torpaqlarımızın nisgildən kor olan gözlərinə də məlhəm oldular. Torpaq canlandı, özünə gəldi, bayrağına, insanına, yurddaşına qovuşdu. Onların – o həkimlərin, o şəhidlərin hesabına. Qürur duyduğumuz, qarşılarında əbədiyyən baş əydiyimiz igid oğullarımızın hesabına geri alındı yurd yerlərimiz. Onlar öz gənc ömürlərini torpağın azadlığına, milli mənliyin xilasına, bir də ata-babalarının torpaq təşnəsinə qurban verib bizi torpaqlı, elli, yurdlu etdilər. Üzərimizdən qaçqınlığı, köçkünlüyü götürdülər. Və tarix durduqca Qarabağın şahinlərinə, yaraların təbibinə çevrildilər. Ağdama, Kəlbəcərə, Laçına da qələbə cığırlarını o igidlər açdılar. Ruhunuz şad olsun, Vətən oğulları!

Beləliklə, Laçın 1 dekabr 2020-ci ildə azad oldu. Artıq Laçın abadlaşır, yenidən qurulur. Sakinlərinin bir hissəsi ata-baba yurduna qovuşub. Qarşıda Qayıdış davam edəcək. Bütün bunlar insanın ürəyini dağa döndərir. O ürəyi ki, vaxtilə ermənilər ona dağ çəkmişdi.

Laçın, azadlığın mübarək olsun! Bu gün 3 il əvvələ qayıtmaq necə də gözəl duyğudur.

Mətanət Məmmədova

Digər xəbərlər