Keysəriyyə müasir dövr qadınlarının ən məşhur doğuş seçimidir, desəm, elə bilirəm, bir qədər yanılaram. Ona görə də günün dəbidir, deməyim daha çox yerinə düşər. Necə ki, budu, dizi, topuğu cırıq-cırıq şalvarlar, göbəyi bayırda qoyan köynəklər (gənclərin dili ilə desək, krop) dəbə düşdü, hamı geyindi ki, dəbdən geri qalaram, eləcə də keysəriyyə. İndi ən “elitni” qadınlar gərək keysəriyyə ilə doğsunlar, yoxsa, keysəriyyəlilərdən geri qalarlar.
Məşhur olduğu qədər də dəhşətli olan keysəriyyə ölkəmizdə həm dövlət, həm də özəl xəstəxanalar tərəfindən həyata keçirilsə də, burada özəllərin xüsusi “payı və yeri” var. Bu doğuş növünün zərərlərindən, ən əsası isə sonrasından xəbərsiz gənc qadınlar dünyaya övladlarını yalnız bu yolla gətirməyi seçirlər. O qadınlar ki, onların maariflənməyə çox ehtiyacları var.
Əvvəllər doğuş zamanı hansısa bir çətinliyi olan qadına keysəriyyə məsləhət bilinirdisə və o, son anda bu əməliyyat vasitəsilə övladını dünyaya gətirirdisə, müasir dövrümüzdə əksər gənc qadınların yalnız bir seçimi var, o da keysəriyyədir.
Keysəriyyənin rahat yolla övladını dünyaya gətirmək metodu olduğunu düşünənlər əslində çox yanılırlar. Əgər normal doğuş bir neçə dəqiqə çəkirsə və ana doğuşdan bir saat sonra normal həyata qayıdırsa, keysəriyyə zamanı 1-2 saatlıq əməliyyat, daha sonra isə ananı 1-2 aylıq yataq rejimi və necə deyərlər, “özünü qoru, yəni ağır qaldırma, hər qidanı yemə, mayeni bu qədər qəbil et, uşağı yalnız oturaq vəziyyətdə qucağına al” mərhələsi gözləyir.
Yaxşı, bunların hamısını qoyaq bir kənara, keysəriyyə ilə doğuşdan sonrakı proseslərdən danışaq. Deməli, indi həm də özəl xəstəxanalarda uşağı dünyaya gətirmək dəb halını alıb. Nəyə görə? Çünki bizim gənclər, əlbəttə əksər gənclər həyatını foto və video üzərində qurub və paylaşmaq hissi onlar üçün digər hisslərin hər birindən üstündür. Ona görə də görünüş etibarilə mənzərəli, “baqatı” yerlər axtarırlar. Və onlar özlərini təbii ki, özəl xəstəxanalarda tapırlar. Çox baha qiymətə-2500-3000 manata başa gələn keysəriyyələr bu gənc qadınlara nə divan tutur, bunu onlar hələ gec anlayacaqlar. Bu seçimlə əslində dünyaya sağlam övlad gətirdiklərini də zənn etməkdə çox yanılırlar...
Keçək küvəz məsələsinə. Deməli, keysəriyyə sonrası küvəz mərhələsi başlanır. Küvəz bu mərhələdən heç bir uşağı yayındırmamağa çalısan həkimlər üzərinə çalışdıqları xəstəxananın qoyduğu öhdəlikdir. Onlar küvəzə neçə uşaq cəlb edə bilirlər, bu yolla xəstəxananın büdcəsinə nə qədər vəsait daxil edirlər, bu barədə hesabat verirlər. Beləliklə, doğulan uşaq müayinə olunur və valideynlərə ciddi xəbərdarlıq edilir ki, bəs uşağınızın ciyərlərində, beynində problem var, hökmən küvəzə qoyulmalıdır. Valideyn də titrətməyə düşür və uşağın küvəzə qoyulmasına dərhal razılıq verir. Küvəzin də evi yıxılsın, qiymətini eşidəndə adamın huşu başından çıxır. Bəzi özəllərdə günü 50-80, bəzilərində 100-150( dərman, onu al, bunu alla, bu da ucuz başa gəlmir, olur elə 200-300), hətta 200-300 manat olan bu prosedur bir yana, hələ 1000-2000 manat depozit də qoymalısan. Bir sözlə, abrını tökürlər.
Beləliklə, xəstəxanadan yaxa qurtarmaq gəlir 5000 manata yaxınlaşır, çox halda isə bunu keçir. Bu da tibb ocaqlarının bizə bəxşişi... Hələ bundan sonra keysəriyyə qurbanı anaların südü gəlmir, başlayırsan aptek və marketlərdə səni həsrətlə gözləyən süni qidalara. Bu qidaları da təbii ki, həmin xəstəxanaların həkimləri yazır. Kimə hansı firma münasibdir, səni də yönləndirir oraya. Onlar faizlərini alırlar, biz isə banklara faizə girib uşaq böyüdürük.
Odur ki, ay gənc qadınlar, bir böyük məsləhəti dinləyin, bir söz eşidin. Təbii yolla doğuşa üstünlük verin. Canınız da, uşağınız da sağ olsun, pulunuz cibinizdə qalsın, abrınız da özünüzdə...
Mətanət Məmmədova