Dünən MEDİA-nın jurnalistlər arasında keçirdiyi növbəti müsabiqənin qalibləri açıqlandı. Müsabiqədə müxtəlif nominasiyalar üzrə fərqli sahələrdə yazılar münsiflər tərəfindən seçilərək qalib elan olunub. Ümumilikdə, 13 nominasiya üzrə 50 jurnalist qalib seçilib. Qaliblər Diplom və 700 manat məbləğində pul mükafatı əldə edəcək.
Bu müsabiqəyə mən də yazı vermişdim, yer tutmasam da, müsabiqənin obyektiv keçirildiyinə şübhəm yoxdur. Bəzi yazılara baxdım, həqiqətən yaxşı yazılara üstünlük verilib. İldən ilə müsabiqəyə verilən yazılar daha peşəkar və daha güclü olur, rəqabət artır. Bu kimi müsabiqələr jurnalistikanın inkişafı üçün ən stimullaşdırıcı tədbirlərdən biridir.
Əvvəllər bu kimi müqabiqələrdə qeyri-obyektivlik açıq-aşkar idi, son illərdə isə köklü dəyişiklik var. Son müsabiqənin də ədalətli və obyektiv keçirilməsi ciddi dəyişikliyin olmasını göstərir. Bu da jurnalistlər arasında və cəmiyyətdə MEDİA-ya inamı artırır.
Ümumiyyətlə, son illərdə Medianın İnkişafı Agentliyi jurnalistlər peşəkarlığının artırılması, media məkanında daha savadlı, daha peşəkar, daha faydalı yazıların çoxalması üçün müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirir. Jurnalistlərə təlim kursları təşkil olunur, gənc jurnalistlərin media peşəkarları ilə görüşləri təşkil olunur. Qəzet və saytlara verdiyi qrantlar çərçivəsində jurnalistlərin elan olunmuş mövzularda yazılar, materiallar hazırlaması təşviq olunur. Jurnalistlər arasında yazı və süjet müsabiqələrinin keçirilməsi isə bu sahədə bir yarış yaradır. Müsabiqəyə təqdim olunan yazıların qiymətləndirilməsinin obyektiv və ədalətli aparılması bu müsabiqələrə marağı artırır.
Digər tərəfdən, sirr deyil ki, bizdə jurnalistlərin əməkhaqqı yüksək deyil, bir sıra sosial problemləri var. Belə müsabiqələrdə qalib olmaqla onlar bəzi problemlərini həll edə bilirlər. Bu da dolayı yolla MEDİA-nın daha bir məqsədinin reallaşması deməkdir. Çünki agentlik, necə deyərlər, “1 güllə ilə 2 quş vurur”- həm xalqa, dövlətə faydalı olan materialların mediada daha çox yer almasını stimullaşdırır, həm də jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasına töhfə verir. Nəticədə həm mediamız sağlamlaşır, keyfiyyətli yazılar çoxalır, həm də jurnalistlər əməkhaqqından əlavə mükafat əldə etmək imkanı qazanırlar.
Belə müsabiqələr ildə 2 dəfə təşkil olunur. Yaxşı olardı ki, il ərzində 4 dəfə keçirilsin. Çünki, ölkəmizdə minlərlə jurnalist var, lakin bir müsabiqədə yalnız 50 nəfərin mükafat alması mümkün olur. Əgər hər rübdə 1 dəfə belə müsabiqələr təşkil olunsa, il ərzində mediada arzuolunan mövzularda minlərlə peşəkar yazılar, süjetlər ortaya çıxar və daha çox jurnalist iştirak edər, qalib olar.
Keçirilən müsabiqələrin son dərəcə vacib və faydalı olmasını qeyd etməklə yanaşı, bir təklifimi də MEDİA rəhbərliyi qarşısında irəli sürmək istəyirəm.
Məlum olduğu kimi, hazırda mediamızda əsasən xəbər janrı ağırlıq təşkil edir, bir az da müsahibə, reportaj, araşdırma və təhlil yazılar olur. Mətbuatda publisistik və ədəbi janrlar itib getməkdədir. Bir çox klassik janrlarda yazılara artıq nadir halda rast gəlirik. Məsələn, felyeton, pamflet, esse, parodiya kimi janrlar itib gedib. Oçerk janrında da yazılar az olurdu, lakin MEDİA müsabiqədə həmin janrda nominasiya qoyandan sonra bu janrda yazılar artıb. Ona görə də, jurnalistikanın ölməkdə olan digər janrlarında da nominasiya olsa daha yaxşı olar. Mətbuatda təkcə məqalənin mətni deyil, materialın vizual effekti də çox vacibdir. Bəzən bir yazıya verilən bir şəkil və ya karikatura yazının özündən daha dəyərli və təsirli olur. Ona görə də, foto və karikatura janrında da nominasiyanın olması unudulmaqda olan bu sahənin dirçəlməsinə səbəb olar.
Ümid edirəm ki, bu təklifimə baxılacaq və ümumi işin xeyrinə lazımi addımlar atılacaq. Əminəm ki, bu addım ənənəvi mətbu və ədəbi janrların dirçəlməsinə, jurnalistlərin peşəkarlaşmasına, cəmiyyətdə klassik mətbuatın nüfuzunun yüksəlməsinə təkan verəcək.
Müsabiqə təşkilatçılarına və qaliblərə uğurlar arzu edirəm.