Allah şahiddir ki, biz həmişə düzü düz, əyrini əyri görüb yazmışıq və bu gün də o cür davam etməkdəyik. Baxmayaraq ki, İcbari Tibbi Sığorta cəmi 5 ildir yaradılmışdır və hələlik 3 ildir fəaliyyət göstərir, həmişə insanların bu sahədə maariflənməsində jurnalist olaraq əlimizdən gələni etmişik. Lakin elə nüanslar vardır ki, onları deməmək də mümkün deyil. Çünki bunlar səhiyyə sistemində mümkün olmayacaq hallardır. Dünən Mərkəzi Neftçilər xəstəxanasında mənim və mənim kimi neçə-neçə insanın üzləşdiyi vəziyyət kimi...
Deməli, müayinə üçün adıçəkilən xəstəxanaya müraciət etmişdim. Öncə bütün prosedur yerli-yerində getdi. Həkim qan analizləri istədi və məni USM-ə göndərdi və dedi ki, bu müayinələrin nəticələri ilə birlikdə sabah gələrsən.
Mən də USM olunmaq üçün qeydiyyata yaxınlaşdım. Burada mənə nə desələr yaxşıdır, sənin müayinəni 2024-cü ilin yanvar ayının 19-na yazırıq. Vallah, birinci nə deyəcəyimi bilmədim. Fikirləşdim ki, yəqin nə isə səhv edirlər, nəyi isə qarışdırırlar. Buna görə də sual verməli oldum və ikinci dəfə də eyni cavabı aldım.
Dedim axı həkim mənə sabah nəticələrlə, gəl, deyib. Qeydiyyatda əyləşən xanım “bir xeyli qan analizləriniz var, siz hələ bir onları verin”, -dedi. Dedim indi gedib verəcəm də, axı USM çox uzun çəkir. Bəs o vaxtadək bəlkə elə mən bu xəstəlikdən öləcəyəm. Xanımsa söylədi ki, siz, ölənə oxşamırsınız.
Bir anda əsəbiləşmək istədim, lakin elə bir anlığa da qərara gəldim ki, buradakı vəziyyət əsəbiləşməkdən çox, gülməlidir, ona görə də xanıma təbəssümlə “xarici görünüş bəzən düşündüyünüz deyil” dedim. Mən belə söyləyəndə qeydiyyatın qarşısında dayanan bir neçə xəstə də dedi ki, bəs bizim USM-i də elə uzaq zamana yazıblar. Bu nə deməkdir, anlamırıq.
Beləliklə, gedib qan analizlərini verdim və kor-peşman qayıtdım. Yolboyu düşünürdüm ki, dövlətimiz səhiyyə sistemində bu qədər islahat aparır, ölkədə insanların sağlamlığının qeydinə bu qədər qayğı göstərilir, bəs görəsən aid qurumlar işlərini nə üçün dövlət siyasətinə müvafiq şəkildə qura bilmirlər.
Bəlkə elə o qeydiyyatın qarşısındakı insanların birinin vəziyyəti son həddə idi. Bəlkə oradakı xəstələrdən hansısa biri gələn il yanvar ayının 20-dək dünyasını dəyişəcəkdi. Lakin bu günlər müdaxilə edilərdisə, hələ uzun illər yaşaya bilər. Müayinənin 20-25 gün uzadılmas, insanların sağlamlığı ilə oynamaq deyilmi?
Elə onlardan biri kimi, mən ürək problemi ilə müraciət etmişdim. Qeydiyyatda oturan xanın da sistemə baxan kimi müraciəti görür. Bəs belə olan halda ürək problemi yaşayan bir insanın müayinəsi necə yanvarın 19-na təyin edilir?
Yəni qeydiyyatçı xanımda heç bir günah yoxdur, bunu yaxşı anlayırıq. Ona tapşırıq belə verilib. Elə ona tapşırıq verənlərə üz tutub demək istərdik ki, insanların taleyi ilə bu cür oynamayın. Dövlətimiz İcbari Tibbi Sığortanı məhz vətəndaşları üçün yaradıb. Bu səhiyyə xidməti növünün əsasında onların sağlamlığı, xəstəliklərinin qarşısının vaxtında alınması, ölüm risklərinin azaldılması dayanır. Bəs belə olan halda nə üçün İcbari Tibbi Sığorta siyahısına daxil olan xəstəxanalarda bu kimi hallarla qarşılaşırıq. Bu qarşılaşmanın isə bir adı var: işi düzgün şəkildə qura bilməmək. Əks təqdirdə bu il müraciət edənin müayinəsi gələn ilə qala bilməz. Ya da bu, xəstəyə açıq şəkildə, get, USM-i özəl xəstəxanalarda etdir, deməkdir. Çarəsiz qalan xəstə isə təbii ki, ölməmək üçün birtəhər gedəcək. Lakin mən heç yerə getməyəcəyəm...
Beləliklə, gözləyək gələn il yanvar ayının 19-nu, görək həyat bizə nə vəd edir: öləcəyik, yoxsa qalacağıq? Bu yazını ona görə yazdım ki, əgər öləcəyəmsə, TƏBİB öz işini daha mükəmməl şəkildə həyata keçirməyi, başqalarının da həyatını itirməsinin qarşısını almaq üçün müayinə məsələsini bir daha nəzərdən keçirsin. Yox, əgər ölməyib qalsam, gələn il yanvarın 19-da hökmən həmin xəstəxanada müayinədən keçib, ürək problemini yaradan səbəblərin ortaya çıxmasına nail olacağam. Belə yerdə nə deyərlər, inşallah, yaşayarıq, görərik.
Mətanət Məmmədova