PDF Oxu

Köşə

  • 4 521

Dünyanın gəmisi batır... – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

.

“Biz dünyamızı o qədər dəyişmişik ki, indi burada mövcud olmaq üçün özümüzü kökündən dəyişməliyik…” Viner Norbert (ABŞ riyaziyyatçısı, “kibernetikanın atası”)

.

Qlobal iqlim dəyişməsi və təbii proseslərin pozulması artıq faciəvi nəticələrini göstərir. Təbii fəlakətlərin sayı və gücü artıb. Son bir neçə min ildə bircə dərəcə belə istiləşməyən planetimizin orta tempraturu son 1 əsrdə 3 dərəcə artıb ki, bu da faktiki fəlakət siqnalıdır. Antarktidada tarixdə ilk dəfə 20 dərəcədən yuxarı tempratur qeydə alınıb. Sibirdə 40 dərəcə tempratur qeydə alınıb.

Son elmi məlumatlar ərimənin ehtimal olunandan 100 dəfə daha sürətlə getdiyini göstərdi. Hesablamalara görə, təkcə Qrenlandiyanın əriməsi dəniz səviyyəsini 7 metr qaldıracaq, bu özlüyündə böyük fəlakətdir, bunun üzərinə Arktika və Antarktidanın da əriməsini əlavə etsək, vəziyyəti təsəvvür etmək çətin olmaz.

Son illərdə zəlzələlər, vulkanlar, qasırğalar, sellər, daşqınlar və digər təbii fəlakətlərin sayı kəskin artıb. Son aylarda Rusiyada, Çində, Amerikada və digər zonalarda sellər, daşqınlar, quraqlıq, zəlzələ, tornado və siar təbii fəlakətlər güclənib və ağır fəlakətlərə səbəb olub. Daha açıq desək, bunlar nəhəng qlobal kataklizmlərin başlayacağını göstərən ilkin simptomlardır.

Konkret olaraq bu proses antropogen təsirlərin, yəni birbaşa insan fəaliyyətinin nəticəsidir. Dağlarda buzlaqların əriməsi isə tezliklə qlobal içməli su böhranı yaradacaq və hətta su müharibələrinin baş verəcəyi ehtimal olunur. Dünya meşələrinin yandırılması, yeraltı və yerüstü təbii sərvətlərin vəhşicəsinə istismarı, havanın zəhərlənməsi, suyun çirkləndirilməsi dünyamızı məhvə aparır.

Baxmayaraq ki, iri sənaye oliqarxlarının oyuncaq “elmi” mərkəzləri diqqəti problemin əsas səbəbindən yayındırmaq üçün bəşəriyyətə nağıl danışırlar. Guya ki, bu vəziyyət Günəşdə gedən hansısa proseslər, kosmosda baş verən hansı proseslərin, qütblərin sürüşməsinin təsiri ilə imiş. Halbuki, elmi faktlar və adi müşahidələr sübut edir ki, planetimiz qəsdən dağıdılır.

Kapitalizm sistemi planetdə bütün canlı aləmin axırına çıxmağa rəvac verir. Lazımsız istehsal həcmi, vəhşicəsinə istehlak qudurğanlığı, lüzumsuz rəqabət mühiti və çoxlu sərvət əldə etmək həyasızlığı dünyanı məhvə aparır. Qısası, öz evimizi, yəni dünyamızı şüursuzcasına dağıtmaq, bütün canlı aləmin məhvi üçün biz insanlar əlimizdən gələn hər şeyi edirik.

Ultrakomfort həyat arzusu, fasiləsiz istehlak xəstəliyi, dəb və özünü başqalarından üstün göstərmək sindromu dünyanın axırına çıxır. Bəzi nüfuzlu alimlərin fikrincə, artıq planetimizi, canlı aləmi xilas etmək, bu qorxunc prosesi dayandırmaq və hər şeyi geri qaytarmaq üçün son imkanlar da itirilib.

Bir çox ekoloq alimlər artıq planetimizdəki ekoloji proseslərin qarşısıalınmaz, geridönməz formaya keçdiyini etiraf ediblər. Yəni, necə deyərlər, “bir balaca” gecikmişik. Dünya dövlətlərinin nümayəndələri müzakirə apardılar ki, qlobal istləşmənin sürətini azaltmaq üçün istehsal və atomosferə tullantılarının həcmi azaldılsın.

ABŞ təkbaşına dünya ekologiyasının korlanmasında 40 faizlik paya malikdir. Halbuki onun əhalisi dünya əhalisinin cəmi 3 faizini təşkil edir. Çin və Hindistan deyirlər ki, biz hərəmiz milyard yarım əhalini təmin etməliyik, insanlarımızın varlı ölkələrdəki kimi yaşamaq haqqı var, ya hamı eyni yaşayacaq, ya da biz heç nəyi ixtisar edən deyilik, yəni zərərli sənaye sahələrini və onun tullantılarını azaltmayacağıq. Bax, dünyamız belə bir şüursuz vəziyyətdə dağılmağa doğru gedir. Bunun səbəbi, hələ də dünyamızda ədalətli və ağıllı insan cəmiyyəti qura bilməməyimizdədir. Nə qədər ki, insanlar sağlam təfəkkürə yiyələnə bilməyib, dünyada normal idarəetmə sistemi qurulmayıb, labüd bəşəri fəlakətdən sığortalanmaq mümkün olmayacaq.

Artıq sonun başlanğıcındayıq... amma hələ də bunun fərqində belə deyilik. Bunu batmaqda olan gəmidə oturan adamların gəminin deşilən yerini qapamaq üçün birgə çalışmaq əvəzinə bir-biri ilə dava edərək digərlərinin batacağına, özünün isə xilas olacağına ümid etməsi ilə müqayisə etmək olar.

"Dünya" adlı gəmi deşilib, lakin bu heç kimi narahat etmir. Gəmi isə su ilə dolmaqda davam edir...

Digər xəbərlər