PDF Oxu

Köşə

  • 6 421

Tik-Tok bağlanacaq? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Son dövrlər Azərbaycanda Tik-Tok sosial şəbəkəsində baş verən biabırçılıqlar cəmiyyətin intellektual və əxlaqlı hissəsində qəzəb yaradıb. Bu şəbəkədə baş verənlərə etiraz olaraq bir çox vətəndaşlar hökuməti bu platformanı bağlamağa çağırırlar. Bu platformadan istifadə edən istifadəçilər isə müxtəlif mövqelər ortaya qoyurlar. Hər tərəfin öz arqumentləri var. Məsələyə hər iki tərəfdən baxmağa çalışaq.

Bağlanmaya etiraz edənlər deyir ki, Tik-Tok-da digər sosial şəbəkələr kimi adi boş platformadır və özü heç nə yaymır. Bütün şəbəkələrdə materialları yayanlar bizim insanlarımızdır. Üstəlik, bu şəbəkədə xeyli sayda faydalı kanallar da var- sağlamlıq və tibb sahəsində maarifləndirici, elmi-texnoloji məlumatları yayan, yaradıcılıqla bağlı videolar paylaşan, sosial problemlərin işıqlandırılması ilə məşğul olan və ya sadəcə xəbər yayan və s. Bir çox media orqanlarının, təşkilatların da burada kanalı var və insanlar onları da izləyir.

Bağlanmanı dəstəkləyənlər isə deyir ki, bu şəbəkədə milli-mənəvi dəyərlərimizə zərbə vuran, uşaq və yeniyetmələrin əxlaqını pozmağa yönələn hər cür murdar videolar, +18 materiallar çoxdur. Hətta ən biabırçı videolara burada rast gəlmək olur. Həm də bu şəbəkədə videolar ardıcıl göstərildiyindən və qarşına nə çıxacağını bilmədiyindən hər cür rəzil səhnələri görürsən. Beləliklə, bu şəbəkə cəmiyyətə faydadan çox zərər vurur.

Göründüyü kimi, hər iki tərəfin arqumentləri əsaslıdır. Toparlasaq belə bir reallıq ortaya çıxır- bəli, Tik-Tok sadəcə boş platformadır, özü heç nə yaymır, orada materialları yayan bizik. Burada çox sayda faydalı kanallar da var. Lakin paralel olaraq ən qəbuledilməz videolar da burada daha çox yayımlanır, çünki bu platforma bunun çünki unikal imkanlar təqdim edir. Demək, faydalı tərəflərdən daha çox zərər vuran tərəfləri var.

Şəxsi fikrimə gəldikdə, onu da nəzərinizə çatdırmaq istəyirəm. Baxmayaraq ki, rəhbəri olduğum TvPress.Az-ın Tiktokda böyük kanalı var və orada paylaşılan tv çıxışlarımdan hissələr, həmçinin sosial problemlərlə, milli-mənəvi dəyərlərimizin müdafiəsi ilə bağlı digər videomateriallar yarım milyonadək baxılır, yenə də Tik-Tokun bağlanmasının tərəfdarıyam. Həm də təkcə onun yox, İnstagramın da. Xalqımızın son 30 ildə aparılan qlobal psixotron terrordan salamat qalan mənəvi dəyərləri də bu şəbəkələrdə məhv edilir, gənc nəsil avara, əyləncə və bambılılıq üzrə ümummilli çempionat iştirakçısı kimi yaşayan amorf məxluqlara çevrilir.

Bir çox ölkələr sosial şəbəkələrdə müəyyən filtrlər və məhdudiyyətlər tətbiq edirlər. Məsələn, elə Tik-tokun yarandığı Çində elə alqoritm tətbiq olunur ki, çinklilər zərərli kontentləri görmür, ancaq faydalı kontentlərə baxa bilirlər, üstəlik hər kəs üçün gündəlik 40 dəqiqəlik baxış limiti qoyulub. Azərbaycanda da hər hansı bir formada məhdudiyyətlərin qoyulmasına ehtiyac var. Bundan başqa, sosial şəbəkədə zərərli materiallar yayan şəxslər qanunla sərt cəzalandırılmalıdır.

Ümumiyyətlə, sosial şəbəkələr saxta və zərərli məlumat yığınıdır. Dəyərlərimizi məhv edən təbliğat meydanıdır. Zərəri faydasından min dəfə çoxdur. İstənilən vaxt bir ölkədə təxribatlar və vətəndaş müharibələri törətmək gücündədirlər. Ərəb baharını xatırlamaq kifayətdir.

Qlobal şəbəkələrin açarı bizim əlimizdə deyil. Bu mərkəzlər istədikləri informasiyanın sürətlə yayımlamasını təmin edir, özlərinə sərf etməyən məlumatların isə bloklanmasını təmin edirlər. Məsələn, Ermənistanın işğalçı siyasəti, ermənilərin terror və soyqırımları ilə bağlı məlumatları yayan şəxslərə qarşı məhdudlandırma və blok qoyulur. Çünki Ermənistan hakimiyyətinin sahibləri bu qlobal şəbəkələrin sahibləridir.

Şəxsən son 15 ildə mənim müxtəlif şəbəkələrdə olan bütün profil, kanal və səhifələrim bu səbəbdən dəfələrlə uzunmüddətli blok edilib və hazırda da hamısı məhdudiyyətlər altındadır. Yaydığım materialı, yazdığım fikri çox az adama göstərir.

Ümumiyyətlə, neçə illərdir Azərbaycanda bütün sosial şəbəkələrin bağlanmasını, bir milli sosial şəbəkə yaradılmasını təklif edirəm. Həmin şəbəkəyə ziyalılardan ibarət bir ictimai komissiyanın nəzarəti vacibdir. Əks halda olan-qalan dəyərlərimiz də məhv olub gedəcək, ortalıq saxta xəbər, dezinformasiya, təxribat xarakterli materiallarla dolacaq. Gənc nəsil də zombi kimi yetişəcək. Bunun qarşısı alınmalıdır.

Digər xəbərlər