Maşallah, min dəfə maşallah, deyək ki, göz dəyməsin. Vallah, adamın ürəyi qürurla dolur ey. Mən deyim, nəyə görə, siz də dinləyin. Ölkədə qəribə istixanalar düzəldiblər, qəribə keyfiyyətli pomidor sortları yetişdirirlər, bir daha maşallah. Bu sortların toxumlarını haradan alırlar, haradan tapıb gətirirlər, nə cür əldə edirlər, görəsən? Bax bu, əkinçilikdə qələbədir. Maşallah ki, maşallah...Əvvəllər gedirdin bazara, pomidor alırdın. Bilmirdin ki, onu evə necə çatdırasan. Bütün aldıqlarını bir ayrı zənbilə yığmalıydın, pomidoru bir ayrı zənbildə ayrıca götürməli idin ki, evə sağ-salamat çatdıra biləsən. Yanından yel ötməmiş əzilirdi. Yaxşı, bir təhər evə çatdırdın. Bircə günün içərisində də yeyilib qurtarırdı 2-3 kiloqram pomidor. Bax bilmirəm bu, niyə belə olurdu.Ancaq indi pomidor ta adama əvvəlkilər kimi əziyyət vermir. Bazara get, marketə get, nə istəyirsən al, yığ bir zənbilə, istəyirsən pomidoru da lap altdan yığ. Evə qayıdanda marşrut avtobuslardakı o dəhşətli sıxlığa düş, bəzi küçələrdə qazılıb aylarla təmir edilməyən çalalara ayağın keçsin, yıxıl, yenə də evdə zənbilini boşaldanda görəcəksən ki, pomidorların heç burnu da qanamayıb. Yenə də maşallah.Vallah, inkişaf, yenilik, tərəqqi çox gözəldir. Kimin ağlına gələrdi ki, uzun illər aldığımıza bizi peşman edən pomidor illər sonra bizi belə şad-xürrəm edəcək. Hələ əzilməsini qoyaq bir kənara. Əvvəlki pomidorlar soyuducuda bir neçə gün qalandan sonra suyu axırdı, soyuducunu korlayırdı. Gəl indi buyur, təmizlə.Ancaq indiki pomidorlar, maşallah, həftələrlə qalır soyuducuda, əhvalı belə pozulmur. Həm də neçə gözəl doğranır, alma kimi. Hətta almanı doğrayanda eşitdiyin o şaqqıltı səsini pomidordan da dinlədikcə, maşallah, belə inkişafa deyirsən. Həm də bərəkəti var. Bir pomidor doğrayırsan, külfət yeyir, hələ boşqabda da qalır.Düşünürsən ki, İlahi, görəsən hansı texnologiya ilə yetişdirilir bu pomidorlar? Əvvəllər də insanlar eyni insanlar idi də. Görəsən nə dəyişib ki? Əvvəl niyə ağlımıza gəlmirdi belə pomidor istehsal etmək?Bu, tərəqqidir, yenilikdir. Müasir pomidorların qabığı da o qədər qalındır ki, bıçağın belə kəsməyə gücü çatmır. Bunun özü kənd təsərrüfatında əsl inqilabdır. Hara göndərilirsə, göndərilsin, bəzən yollarda gözləməli olduqları halda sağ-salamat çatacaqlar oraya. Təbrik edirəm.Qiyməti də pis deyil: 5-6 manat, bəzən 3-4 manata kimi, bəzənsə hələ endirim də edib 2.70-3.50-yə də salırlar. Baxır sortuna, çəkilən əziyyətə, sərf edilən vaxta, formalaşmasında işlədilən başa...Bax belə yeniliklərdən yazanda adam fərəh hissi keçirir. Maşallah olsun, camaat da ki, daşıyır daşıya bildikcə. Yay demir, qış demir. Ta turşu-filan tutan da azalıb. Deyirlər, bazar-marketdə hər zaman xiyar-pomidor var, təzə-təzə, nə edirik turşunu?Vallah, halaldır: əkənə də, yığana da, satana da, alana da, hətta bəh-bəhlə yeyənə də...
Mətanət Məmmədova