Köşə

  • 3 959

Gəncliyi bizlərdən qoparan illər… -KÖŞƏ

image

İllər... O illər həm də gözəlliyimizi və yaraşığımızı bizdən alır. Lakin fərqində olmuruq, düşünürük ki, elə həmişə belə görünəcəyik. Bu gözəlliyi, yaraşığı kim əlimizdən ala bilər ki? Bu, bizə məxsusdur. Bunu Yaradan verib bizə, bizim də olacaqdır. Lakin illər axı bunu demir, illər başqa sözlər söyləyir və söylədiklərinin hər birini həyat bizə yaşadır.

Elə ki, gəncliyin son akkordlarını dinləyirik, bundan sonra başlayırıq yavaş-yavaş yaşlanmağa. Hələ də gənclikdən əlimizi üzmürük. Düşünürük ki, yox, o, əlimizdən hara gedə bilər ki?.. Lakin gedir, həm də sürətlə gedir. Getdikcə də zərbələrini vurur. Biz anlayanda ki, yox, ta o gənclikdən heç nə qalmayıb, başlayırıq onu yenidən axtarmağa. Bunun üçün axtarışlar edirik, nələrə əl atırıq, nə əziyyətlər çəkirik, zəhmət sərf edirik, lakin gəncliyi daha heç yerdə tapa bilmirik.

Yaşlanırıq… Gəncliyin son nişanələrini itiririk. İtirdikcə də ən dəyərli nəyisə ititrdiyimizi hiss edirik. Deyirlər, adam nəyisə itirəndə, ölənədək gözü onu axtarır. Bax, bir də gənclik belədir. Baxırsan ki, yaş ötüb, olub 50-60, sən hələ də onu-gəncliyi axtarırsan. Gözlərin hər yerdə onu gəzir. Fotoları tökürsən qarşına, başlayırsan onlarla danışmağa. Kimlərəsə o şəkilləri göstərməklə gəncliyini göstərmək istəyirsən. Sənin də gənclikdə gözəl və yaraşıqlı olduğunu sübut etmək, hamının bilməsini istəyirsən.

Lakin bunlar da keçicidir. Andır, anlar isə keçir, gedir. Sənsə olduğun yerdəsən. Daha gənc deyilsən, yaşlanmaqdasan. Bax bu an ürəklər sızlayır. Düşünürsən ki, ah, nə tez ötüb getdi gəncliyim. Kaşki bir daha dönərdim o çağlara. Kaşki yenidən gənc olardım. Kaşki o illərin bircə anını geri qaytara bilərdim. Təəssüf ki, mümkün deyil. Gənclik getmişdir, yerinə yaşlılıq gəlmişdir. Ta sənin yol yoldaşın təravət deyil, soluxmuş üz, qırışlı əllərdir. Nə qədər çalşsan da, şux qamət deyil, o sürətli addımlar deyil, əyilmiş qamətinlə yavaşıyan addımlardır. Sənin yolyoldaşın günəşin zərrin şəfəqlərində parıldayan saçlar deyil, yıpranmış, ağarmış, daha parlamayan saçlardır.

Bəs ürəklər… Bəli, tək ürəyin gəncliyini bizdən qoparmağa heç bir qüvvənin gücü çatmır. İçimizdə, köksümüzdə bəlkə də o da qocalır, bilmirəm kiçilirmi deyim, yaşlanma səbəbindən formasını itirirmi deyim, lakin istəkləri, həyata baxışı, dəyişmir. O, gənclik duyğuları ilə yaşayan və bu duyğuları hər an insana anladan tək olanımızdır. Bəlkə elə buna görə deyirlər ki, ürək qocalmır. Qocalmır, bəli. Gənclikdən bizə qalan tək ürəklərimizdir. Bəlkə də tək ürək qocalmır ki, gəncliyi hər an insana anlatsın. Nə qədər gözəl bir dövrün əldən getdiyini hər an xatırlada və deyə ki, insan övladı, nə üçün qədrini bilmədin gəncliyin. Bəli, elə bu səbəbdən ürəyin qocalmamasına hökm verilib, inanın…

Beləcə, həyatda qiymətini biləcəyimiz, borclu olacağımız çox şeylər var. Gənclik də onlardan biridir. Gözəlliyimiz,yaraşığımız ilə birlikdə fəal, aktiv iş həyatımız da gəncliklə bağlıdır. Dünyaya övlad bəxş etməyimiz, onu böyük səbrlə böyütməyimiz də gəncliyin bəxşişidir. Ev qurmaq, ev sahibi olmaq da gəncliyin ərmağanıdır. Sözün həqiqi mənasında, bütün gözəl görünən hər şey gənclikdədir. Yaşayarkən qədrini bilmədiyimiz, sonra çıraq işığında axtardığımız gənclikdə…

Qədrini bilin gəncliyinizin, əziz gənclər. Həqiqətən də gəncliyi bayram etmək, onu xüsusi gün kimi qeyd etmək ən gözəl ənənələrdən biridir. Onu ildə bir gün deyil, hər gün bayram kimi xüsusi təntənə ilə anmaq lazımdır. Çünki insan övladına verilən ömrün dörd fəslinin ən gözəli gənclikdir. Gənclik bahardır, yazdır. Çiçəkləri, rayihəsi ilə gözəldir. Rəngləri, rəngarəngliyi ilə gözəldir…

Mətanət Məmmədova

Digər xəbərlər