Köşə

  • 3 980

Biz hələ də bizik... -KÖŞƏ

image

Bizlərdən bəzilərimiz böyüsək də, yetkinləşsək, ahıl yaşa çatsaq da, hələ də özümüzü apara bilmirik. Bu, çox yerdə görünür, müşahidə edilir, lakin ictimai nəqliyyat vasitələrində, ona aid dayanacaqlarda, platformada həm göz-gözə görünür, həm də nifrətə səbəb yaradır...

Vallah, adamın ağlamağımı, gülməyimi, əsəbləşməyimi, əsəbindən ölməyimi gəlir, hansı olur, deyə bilmərəm, amma onu deyə bilərəm ki, elə bir gün olmaz ki, bu hisslərin birini keçirmədən ya işə gəlib çıxa biləsən, ya da evə gedib çata biləsən.

Məsələn, dayanmısan avtobus dayanacağında, gözləyirsən. İndi də gözləmək bir qədər uzun çəkir, bu artıq hər kəsə məlumdur.

Hə, mətləbə gəlim. Gözləyirsən ki, indi marşrut gələr, bir azdan gələr. Gözləyirsən də, nə edəsən? Bir də baxırsan ki, arxadan bir nəfər tüpürdü və o tüpürcək gəlib düz sənin qarşında bərqərar oldu. Nə deyəsən, dönüb geri baxmağı məsləhət görmürəm. Çünki arxada mədəniyyət sarıdan kasıb əhval-ruhiyyədə olan adamın sifətinin ürəyinizi sıxacağından ehtiyat edirəm. Bəs nə edəsən, elə yerindəcə deyinəsən? Deyinə bilərsən, lakin nə fayda. Qaldı tənbeh etməyə, bunu da etsən, gərək dava düşə ortaya. Çünki həmin o tüpürən var ha, onda mədəniyyətdən əsər-əlamət olsa, əsla tüpürməz. Elə buna görə də inanın ki, bir söz desəniz, sizi günahkar çıxaracaq.

Daha sonra enirsən metroya ki, ya işə tez çatasan, ya da evə. Platformada yanından əlində çar-çanta ilə biri elə sürətlə ötüb keçir ki, inanın, az qalırsan düşəsən qatar yoluna. Ay qardaş, ay bacı, hələ nə qatar var, niyə tələsirsən, hara tələsirsən? Guya elə qatar gələn kimi minib gedəcəksən? Bu olardı tətildən əvvəlki vaxt ki, bir, iki deyib qatarları yola salandan sonra üçüncüyə minsən, bu da Allahın qisməti, sənə bəxşişi ola bilərdi. İndi ki, sakitlikdi, qoy qatar gəlsin dayansın, içindəki sərnişinlər ensin, min də, bəs belə iş olmaz axı...

Yaxşı, bir təhər qatara minmək nəsib, qismətin oldu. Ta qaldın qatarda, İndi gəl, en görüm, necə enirsən? Nə qapının ağzındakılar buna yol verəcək, nə də platformada dayanıb qapının açılmasını və özünü vaxt itirmədən içəriyə salmaq istəyən sərnişinlər. Sən qalırsan ortalıqda, xınc-mınc olandan sonra bir təhər ya bayıra çıxa bilirsən, ya da qatar yola düşür, bir stansiya da irəli getmiş olursan. Əsəblərin pozulur. Lakin nə fayda...

Olur da, Allahın işidir, təsadüflərin təsadüfü nəticəsində ya metroda qatarda, ya da marşrut avtobusda əyləşmisən, görürsən ki, yanındakı yer boşdur, papağını, ya da əlindəki çantanı da oraya qoyursan. Bunları əldə də saxlamaq olar da. Düzdür, boşdur, lakin o yer axı bizim papaq, çantalarımız üçün deyil. Gərəkdir ki, bir sərnişin gəlib başımızın üstündə dayana, ondan xeyli sonra bizə çata ki, əşyanı götür, qoy adam əyləşsin...

Maraqlıdır, vallah, bizim hər işimiz maraqlıdır. Bakıda ictimai nəqliyyatın fəaliyyəti nə qədər maraqlıdırsa, heç özümüzü kənara çəkməyək, bizim hərəkətlərimiz, ictimai nəqliyyatda davranışlarımız ondan da maraqlıdır.

Bəs çarə nədir? Çarə odur ki, özümüzə cavabdeh olaraq özümüzdə dönüş yaradaq. Papağımızı boş sərnişin oturacağına yox, qarşımıza qoyub bir fikirləşək. Fikirləşək ki, düzgün hərəkət edəcəyimizə qərar verək. Yoxsa, vallah, belə yürüməz... Bizlər elə biz olaraq qalarıq...

Mətanət Məmmədova

Digər xəbərlər