PDF Oxu

Köşə

  • 10 503

Seçki müşahidələrim: 32 saylı məntəqədə nələr baş verdi? – KÜNCDƏN BAXIŞ

image

7 fevral növbədənkənar Prezident seçkiləri müasir Azərbaycan tarixinə zəfər seçkiləri kimi düşdü. Sovet dövründən sonra ilk dəfə idi ki, Azərbaycanda seçkilər ölkənin bütün ərazisində keçirilirdi. Ölkə Prezidenti isə öz səsini Xankəndidə verdi və bu da bir tarixi ilk idi.

Mən bu seçkini 35 saylı Xətai 3-cü Seçki Dairəsinin 32 saylı seçki məntəqəsində başdan sonadək müşahidə etdim. Rubrikamızın adına uyğun olaraq bu, küncdən baxış idi. Həm də ən yaxın küncdən. Məlum olduğu kimi, bir məkanı tam görə bilmək üçün ən yaxşı mövqe seçimi küncdən baxmaqdır.

Komissiyanın katibi Gülsüm Hacıyevanın məntəqəni açıq elan etməsindən sonra müşahidəçilərin və jurnalistlərin qeydiyyatı başlandı.

Saat 08-də Məntəqə seçki komissiyasının sədri Aida İsmayılova tərəfindən səsvermənin başladığı elan olduqdan sonra isə seçicilər gəlməyə başladılar. İlk seçicilərin çoxu yaşlı insanlar idi, onların arasında çəliklə, araba ilə gələnlər də var idi. Bir qədər sonra məntəqədə qələbəlik müşahidə olundu. Seçicilər məntəqəyə daxil olan kimi xüsusi cihazla barmağı yoxlanır, sonra adını siyahıda tapıb bülleten alır, kabinəyə girib səslərini verir və bülleteni qutuya salırdılar. Bütün bu proses hamının gözü qarşısında tam şəffaf şəkildə keçirdi və səsvermə ilə bağlı gün ərzində bircə dəfə də şikayət və ya narazılıq baş vermədi.

Məntəqədə 10-dan artıq xarici və yerli müşahidəçi prosesə nəzarət edirdi. İstisnasız olaraq hamının barmağına görünməz boya vurulur və gələn hər seçinin barmağında boya olub-olmadığı dəqiq yoxlanırdı.

Seçki komissiyasının katibləri və üzvləri seçicilərə hər cür köməklik göstərir, onlara bilmədiklərini izah edirdilər. Komissiyanın sədri isə bülletenləri kəsib verir, hər bir seçicinin barmağına boya vurur və müvafiq sənədləşmələri aparırdı. Bir neçə dəfə seçici tərəfindən qaydaların pozulmasına bilərəkdən və ya bilməyərəkdən cəhdlər oldusa da, komissiya tərəfindən qarşısı alındı.

Əsas problemlərdən biri də bəzi seçicilərin yaşayış ünvanları ilə bağlı oldu. Bəzi sakinlərin yaşadığı yeni tikilmiş binalar hələ qeydiyyata olmadığından və ya başqa yerə qeydiyyatda olan, lakin uzun müddətdir ki ərazidə yaşayanlardan müvafiq sənəd təqdim edənlərə səsvermə üçün şərait yaradıldı.

Seçici fəallığı yüksək idi. Maraqlı məqamlardan biri də o idi ki, xeyli seçici ailəvi olaraq gəlmiş, uşaqlarını da gətirmişdi ki, bu tarixi prosesdə iştirak etsin. Saat 19-a bir neçə dəqiqə qalmış təngnəfəs özünü çatdıranlar da oldu ki, son dəqiqələrdə səs verdilər.

Saat 19:00-da komissiyanın sədri Aida xanım səsvermənin bitdiyini elan etdi. Bütün müşahidəçilərin gözü qarşısında qutular açıldı və bülletenlər bir-bir yoxlanıb sayılmağa başlandı. Məntəqə siyahısında olan 1100 seçicidən 773 nəfər seçki bülleteni almış və səsvermədə iştirak etmişdi. 3 etibarsız bülleteni çıxmaq şərtilə 770 seçicidən 667-i İlham Əliyevə səs vermişdi.

Qalan bülletenlər möhürləndi, müvafiq sənədlərə qeydlər edildi və bütün sənədlər 35 saylı DSK-ya təqdim olundu.

Məntəqə açılandan bağlananadək 1 saniyə belə müşahidəyə ara vermədən hər şeyi müşahidə etdim. Ümumilikdə deyə bilərəm ki, bu məntəqədə bircə dəfə də qanun pozuntusu baş vermədi, hər hansı bir təbliğata, seçiciyə təsir faktına, təkrar səsvermə cəhdinə, qutuya əlavə bülleten atmaq cəhdinə rast gəlinmədi. Faktiki səsvermə prosesi tam şəffaf və demokratik şəkildə keçdi.

Şübhə etmirəm ki, ölkə üzrə də ümumilikdə elə olub. Əlbəttə, mən yalnız bir məntəqədə gördüklərimi yazıram və bəzi məntəqələrdə hər hansı bir pozuntulara rast gəlinməsi mümkündür. Lakin bir şeyi əminliklə deyə bilərəm ki, hər hansı bir saxtakarlığa və ya müdaxiləyə heç ehtiyac da yox idi. Hər namizədin nə dərəcədə ictimai nüfuza malik olduğunu onsuz da hamı bilir.

Beləliklə, İlham Əliyevin 92-93 faizini toplayaraq yenidən Prezident seçilməsi həm qanuni mübarizə, həm də şəffaf səsvermə prosesi ilə təsdiq olundu. Həqiqətən də, bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Qarabağ fatehi, beynəlxalq miqyasda nüfuzlu liderlərdən biri olan İlham Əliyevə alternativ yoxdur.

Şübhə yoxdur ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan növbəti 7 ildə daha böyük uğurlara imza atacaq, sosial-iqtisadi inkişaf daha da sürətlənəcək, dünyada ölkəmizin siyasi nüfuzu daha da yüksələcək.

Digər xəbərlər