Köşə

  • 4 311

Kimlərinsə hər hansı maraqları Bakı üçün qətiyyən maraqlı deyil..! - KÖŞƏ YAZISI

image

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan hərbçisinin qanı heç vaxt yerdə qalmayacaq. Artıq Azərbaycan həmin ölkə deyil ki, əsgər və zabitlərinə tərəf açılan atəşi cəzasız buraxsın. Qafan-Zəngilan ərazisində, daha doğrusu, Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş sonuncu olay, yəni erməni tərəfinin təxribatına cavab olaraq DSX-nin keçirdiyi "QİSAS" əməliyyatı bir daha dövlət başçımızın mövqeyini sübuta yetirmiş oldu. Lakin məsələ yalnız erməni tərəfinin təxribat törətməsində deyil. Düşmən bir reallığı da unutmamalıdır - elə də keçmişdə olmayan Sarıbaba, Böyük İşıqlı, Qaragöl və s. əməliyyatları çox yəqin ki, Ermənistanın yaxşı yadındadır. Və bütün bunların müqabilində dəqiq olan budur ki, Azərbaycan artıq daha sərt cavablar verməklə Ermənistanı və onun havadarlarına lazımi dərslərini verəcək və verir də!

Artıq rəsmi bəyanatlarda da vurğulanır ki, baş verənlərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Hansı ki, bir neçə ay idi şərti sərhədlərdə sakitlik hökm sürürdü və bu sakitliyi də həmin hərbi-siyasi rəhbərlik pozdu. Amma gəlin görək, bu məsələdə yalnız Ermənistan rəhbərliyi məsuliyyət daşıyır?

Artıq kifayət qədər bəllidir ki, məsuliyyət təkcə İrəvanın deyil, həm də Avropa müşahidəçilərinin (bundan sonra EUMA) üzərindədir. "Binokl siyasəti" ilə, eləcə də gizli hərbi-kəşfiyyat instruktorları vasitəsilə Bakıda qıcıq yaratmağa cəhd edənlər də sözsüz ki, məsuliyyət daşımaqdadırlar.

Həmin avropalılar ki, hadisə baş verən anda, yəni "QİSAS" əməliyyatı başlayar-başlamaz, öz sevimli "durbinlərini" ataraq dərhal oradan qaçıblar...

Və əgər EUMA təmsilçiləri reallıqdan çıxış etmək üçün özlərində güc, vicdan tapa bilsələr bəyanat verib deməlidirlər ki, bəli, təxribat Ermənistan tərəfindən başlayıb, bunu sübut edən videomüşahidə kadrları var. Amma bunu edəcəklərmi? Çox yəqin ki, etməyəcəklər.

O cümlədən, bu təxribatın arxasında Ermənistanın əsas havadarlarından olan Fransa, ABŞ maraqları da dayanıb. Lakin kimlərinsə hər hansı maraqları Bakı üçün qətiyyən maraqlı deyil..!

Afət Tahirqızı

P.S. Artıq o da bəllidir ki, təxribatı şərti sərhədlərdə "könüllü" hərbi qurumun - "Yerkrapın" terrorçuları törədiblər. Əbəs deyil ki, bu terror yuvasının əvvəlki rəhbəri, hazırda deputat olan Tiqran Abramyan parlamentdəki çıxışında deyib: "İmkan verməməliyik ki, Azərbaycan nə təbliğat sahəsində, nə də sərhəddə özünü azad hiss etsin, cavabsız zərbələr endirsin. Zaman göstərdi ki, xilasımız Azərbaycana qeyri-mütənasib zərbə vurmaqdan keçir”.

Bax belə... Yəni, bu da dolayısı ilə olan bir etirafdır. Nə deyirik? Qoy "qeyri-mütənasib zərbə" haqqında düşünsünlər. Amma sonra demədi-deməsinlər ki, nəyə görə tarixi Qərbi Azərbaycan torpaqlarında-Qafanda, Mehridə və s. ərazilərdəki yüksəkliklərdə hansı səbəbdən Azərbaycan bayrağı dalğalanır (?!)

Digər xəbərlər