Köşə

  • 4 220

“Serenada” və ya İlana “ulduz” göstərməyin zamanı çatıb! KÖŞƏ

image

Təmiz Azərbaycan dilində olmayan, başqa dildən lüğətimizə daxil olan “serenada” kəlməsinin mənasını, hesab edirəm ki, hər kəs bilir. Bilməyənlərə sovet dövründə gürcü kinematoqraflarının istehsal etdiyi “Serenada” qısametrajlı filminə baxmağı tövsiyə edərdim. Məqsədim hörmətli oxuculara dil dərsi vermək deyil. Son illər ermənilərin başsız başbilənlərinin Azərbaycanla bağlı atdıqları addımları izləyib belə nəticəyə gəlmək olar ki, bu, əsl “serenada”dır. Baxanlar bilir, baxmayanlar üçün həmin filmin qısa məzmununu bildirmək istəyirəm. Zəif, arıq, gücsüz biri kifayət qədər ağır çəkili, güclü birinə ilişir. Gəlib onu bir neçə dəfə şillələyir. Bir neçə şillədən sonra səbri tükənən ağırçəkili kişi zəif oğlanın başına bir yumruq vurur. Oğlan yıxılır, xəstəxanaya düşür. Sağalıb yenidən ilişir ağırçəkili kişiyə. Bu hal bir neçə dəfə təkrar olunur. Hər dəfə də zəif oğlanın bir neçə şilləsinə dözən ağırçəkili kişi sonda bir zərbə ilə onu yerə sərir. Təbii ki, sosialist realizminin tələbi ilə sonda tərəflər barışırlar. Amma bizi bu sonluq yox, zəif, cılız oğlanın özündən üç dəfə ağır çəkisi olan kişiyə ilişməsi məqamı maraqlandırır.

Gələk mətləbin ortasına. 2016-cı ildə uzun illərin zərbələrinə səbir edən Azərbaycan ordusu haylara yüngülvarı bir “yumruq” atdı. Başını itirən ozamankı başsız erməni başbiləni Sarkisyan düşdü əl-ayağa, onun üstünə yüyürüb yalvardı, bunun ayağını yaladı, nəhayət, dayandıq ki, yəqin ağılları başlarına gələr. Haradan? Ağalarına güvənib yenə başladı bizi incitməyə. 2020-ci ildə bir də bizə yumruq atmaq istədi və ordumuz bu yumruğu göydəcə dəf edib başına elə zərbə vurdu ki, Ermənistan düşdü “beynəlxalq siyasi hospital”a. Yenə tamamilə ölməyini istəmədik, imkan verdik ki, bəlkə ağıllandı. Amma bu dəfə də ağıllanmaq əvəzinə başladı bizi qıdıqlamağa. Bir dəfə sərhəddə bizə yumruq atdı, əvəzinə qulaqlarını kəsib, elədik “təkqulaq” (Andranikin nəvələridi axı, onlara təkqulaqlıq yaraşır – T.N.). Yenə ağıllanmadı. Azərbaycanın içindəki terrorçu dəstələrə yardım elədi ki, bəlkə nəsə əldə elədiləır. Nə qədər desək ki, ağlını başına yığ, haqqa, imana gəl, bizə ilişmə, eşitmədi. Bu dəfə Azərbaycan ordusu cəmi 23 saata güvəndikləri bu terror dəstələrini rinqdəki nokauta düşən boksçunun gününə saldı. Ordan, burdan ermənidən çox erməniçilik edənlər ha çığırdılar, ha bağırdılarsa, ordumuz bu nokauta salınmış terrorçulara güzəşt eləmədi və sürüyüb, rinqdən çıxarıb atdı zibilliyə.
Bu qədər zərbələrdən sonra gözlədik ki, nəhayət, bu layihə-dövlətdə ağıllarını başlarına yığmağın şahidi olacağıq. Bəlkə də özlərinə qalsa çoxdan gəlib ayaqlarımızın altını yalayıb deyərdilər ki, bir qələtdi eləmişik, bizə yazığınız gəlsin. Amma dili makaron kimi uzanan Makronun və onun küyünə gedənlərin sayəsində yenə yerdən qalxıb bizə yumruq atmağa cəsarət elədi. Bu dəfə sərhəddə təxribat törətdi ki, ordumuz bir yumruq vursun, onlar da, əlləri ilə ağızlarını örtüb xaricdəki dostlarının əllərinə “fakt” versinlər və onlar da şivən qoparsınlar ki, Azərbaycan qaydadankənar zərbə vurdu. Amma yenə əli boşda qaldı. Azərbaycan ordusu video-görüntüləri qoydu ortaya və sübut elədi ki, qaydalardan kənar ilk zərbəni haylar vurmaq istəyib. Biz, sadəcə, bu qaydalardan kənar zərbənin qarşısını almışıq və əks-zərbə ilə onu zərərsizləşdirmişik. Fakt elə şeydi ki, dünyanın ən nəhəng gücləri də onun qarşısında aciz qalır.
Aciz qalıb səslərini içlərinə salsalar da, biz hazır müdafiə vəziyyətində durmağa məcburuq. Çünki hayların zəhərli ilan olduğunu yaxşı bilirik və ilanın da başını nə qədər əzirsən əz, ulduz görməsə olmur. Hələ ona zəhər daşıyan makronların sayəsində bu qədər zərbələrdən hələ də sürünməyi bacarır. Belə getsə onun görməli olduğu “ulduz”u göstərmək vaxtına az qalıb. Ulduzu görəndə isə ilanın öləcəyini biz yox, köhnə kişilər deyib...

Təhmasib Novruzov

Digər xəbərlər