Köşə

  • 7 194

Əhmədin videosu

image

Lalə Mehralı

Qızımın məktəbdən çıxmağını gözləyirdim, mənim kimi övladını götürməyə gələn onlarla valideynlə birlikdə. Valideynlər dəstə-dəstə toplaşıb söhbət edirdilər. Söhbətin mövzusunu da təxmin edərsiniz-oğlulun qətlə yetirdiyi ailə. Qızğın müzakirə gedirdi. Qəfil arxamda dayanan dəstədən bir səs eşidildi: "Videonu gördünüz?" Bütün səslər kəsildi və diqqətlər o səsə yönəldi. "Bacısını və uşağını öldürdüyü video çıxıb teleqramda".

22 ildir mətbuatdayam, mən hələ hansısa mövzuya belə hərislik görməmişdim. Mübaliğəsiz, şişirtməsiz deyirəm. İlahi, insanlar qan görməyə, vəhşilik izləməyə nə vaxt bu qədər sustadılar? Kişilərin soyuqqanlılığından danışırıq həmişə, handa bir kişi baxa bilib o videoya, əksəriyyəti özündə cəsarət tapa bilməyib, açmayıb. Amma zərif, incə məcluq dediyimiz qadınlar əlbəəl gəzirlər videonu, bir-birinə göndərirlər, valideyn qruplarına göndərirlər, müzakirə edirlər. O qədər soyuqqanlılıqla, o qədər rahatlıqla danışırlar ki, insan heyrətindən buz olur.

Jurnalistik, gündəm mövzusunu iztər-istəməz yazmalı oluruq, amma mən o videoya baxmağı ağlımdan belə keçirməmişəm, o haqda yazmadım. Çünki mən daş deyiləm, ətəm, qanam, hisslərim var. İnsanam mən. İnsan olan elə bir mənzərəni necə izləyə bilər? Onu çəkən necə çəkib, necə soyuqqanlılığını qoruyub, o da bir ayrı dərd.

Bəs o videonu izləməyə qadınları nə vadar edir? Nə əldə edəcəklər izləməklə? Bir caninin iki günahsızı qətl etdiyi videonun hansı mənəvi-sosial xeyri, psixologiyanı dağıtmaqdan başqa nə faydası olacaq o qadınlara? Yaxud psixologiyaları korlanacaqmı?

Özləri fərqində deyil, əlbəttə, korlanacaq. Alt şüura yüklənən hər bir informasiya gün gələcək özünü büruzə verəcək. Kimisi övladını döyməklə, kimisi evdəkilərə, çöldəkilərə, yoldakılara, işdəkilərə kin qusmaqla, zəhər axıtmaqla büruzə verəcək. Siz elə bilirsiniz hər gün rastlaşdığımız, üzündən zəhər damlayan, kin yağan insanlar elə-belə yaranır? Hamısı bu yollarla aqressiya ilə yüklənir.

Bu günlərdə axtarış sistemində ən çox axtarılan sözün “Əhmədin videosu” olduğuna adım qədər əminəm. Zombiləşən cəmiyyət zombi filmlərindən betər olub. İnsan niyə belə bir dəhçətə baxmaq istəsin ki? Nə marağı, nə faydası ola bilər? Sosial şəbəkə kanalları bu video üzərindən baxış, üzv toplayır, pul qazanır. İnsanların yeganə ortaq mövzusu bu olub, hamı salamdan öncə bir-birinə “videonu gördün?”, - deyə soruşur.

Hər gün daha da çətinləşir bu cəmiyyətdə yaşamaq. Müəllim şagirdi əzişdirir, müdir işçini alçaldır, ər arvadını boğazlayır, gəlin qaynanasını döyür – bütün cəmiyyət qarşıdurma halındadır. Uşaqlar bir-birini bıçaqlayır, daha nə deyim? Əlləri qələm ləkəsi, rəsm boyasına boyanmalı olan yeniyetmələrin əli biləklərinə qədər qana bulaşır.

Məlum hadisədə də hamı öz fikrini yazır, hamı özünü fikir bildirməyə, hadisəni şərh etməyə borclu hesab edir. Nə journalist kimi, nə də sosial fəaliyyəti olan biri fikir bildirmədim, şərh etmədim. Bu qədər dəhşətli bir faciəni həzm eləmək asan deyil, asan olmamalıdır. Mən hələ həzm edə bilməmişəm, hələ fikrimi cəmləyib nəsə yaza bilməmişəm. O videoya baxmağı ağlımın ucundan belə keçirməmişəm. Mənim övladlarım var, onlar üçün psixoloji sağlamlığımı qorumaq məcburiyyətindəyəm, həyata davam edə bilmək üçün, bu qədər qatilin, caninin, pis insanın içində onları böyüdə bilmək üçün bunu edə bilmərəm. O videoya soyuqqanlılıqla baxa bilənlərin, baxdıqdan sonra eyni soyuqqanlılıqla müzakirə edənlərin içində yaşamaq çətin olacaq…

Digər xəbərlər