Köşə

  • 7 408

O sudan içməyin! – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Son vaxtlar maddi dəyərlər mənəvi dəyərləri üstələməkdədir. İnsanlarda depressiya, stres artıb. Hiyləgərlik və yalançılıq üsulları xeyli rəngarəngləşib və təkmilləşib. Əsas məqsəd çoxlu pul qazanmaq, vəzifə, şöhrət əldə etmək və özünü başqalarından üstün göstərmək üzərində fokuslanıb. Qanunu, qaydanı pozmaq üstünlük sayılır, başqalarından fərqlənmək (bu, əksər hallarda pis şeylərdə olur) azarı gənclər arasında geniş yayılır.

Hətta gərgin münasibətlər ətraf mühitdən ailə daxilinə keçib və məhz bu səbəbdən münaqişələrin, boşanmaların və ailədaxili qətllərin sayı artır. Böyük sözünü vecinə alan da yoxdur. Bir çox gənclər açıqca deyirlər ki, biz hər şeyi bilirik və doğru edirik, siz yaşlı nəsil heç nə bilmirsiniz və səhv edirsiniz. Lakin reallıq bütün dövrlərdə və bütün ölkələrdə olduğu kimi tam əksini göstərir.

Heç kim etiraz etməz ki, son vaxtlaradək milli-mənəvi dəyərlərimiz həyatımızın əsas sütunu idi. El arasında yazılmamış qanunlar adlandırılan ictimai davranış kodeksləri var idi və buna əməl olunurdu.

İnsanlar bir-biri ilə ədəb-ərkanla davranır, böyük-kiçik, qadın-kişi yeri bilinirdi. İctimai yerlərdə şit hərəkətlər, ucadan mahnı oxutmaq, dar keçidlərdə yolu kəsərək söhbətləşmək və ya zarafatyana süpürləşmək, ucadan danışmaq, hara gəldi zibil atmaq, avtobusda sürücü ilə söyüşmək, yarıçılpaq gəzmək... yəqin ki, heç kimin ağlına belə gəlmirdi.

Bəs, sonra nə baş verdi ki, situasiya 180 dərəcə dəyişdi? 21-ci əsrə keçid sanki başqa bir dünyanı gətirdi. Pul və karyera uğrunda amansızcasına mübarizə mənəvi dəyərləri tədricən arxa plana keçirdi.

Təhsilə, elmə, mədəniyyətə marağı əyləncənin əvəz etməsi, ağsaqqal-qarasaqqal münasibətlərinin çərçivədən çıxması, TV-lərdən şou, serial və kriminal verilişlərlə kütləvi əxlaqsızlaşma, psixotron terror, davamlı reklam təcavüzü ilə zövqlərin, xüsusiyyətlərin, davranışların, dəbin hansısa şübhəli xarici mərkəzlərdən formalaşdırılması... siyahı təəssüf ki, xeyli uzundur. Bu psixotron terror mənəvi zombiləşmənin əsasını qoymaqdadır...

Bu tendensiya real həyatdan indi də virtual həyata keçib. Mediada təhqir, böhtan, şantaj yalan xəbər yayıb çoxlu izləyici əldə etmək və pul qazanmaq daha ayıb sayılmır. Sosial şəbəkələrdə biabırçılıq baş alıb gedir. Sosial şəbəkələrdə adamlar normal müzakirə aparmaq əvəzinə bir-birini “qırır”. Heç kimin sözü heç kimə xoş gəlmir. Heç kim heç kimin “kitabını oxumur”. Həqiqəti deyəni, nöqsanlarımızı üzə çıxaranı, düzəltməyə çalışanları, mənəvi dəyərləri müdafiə edənləri “geridə qalmış” adlandırır və az qalırlar linç edələr.

Sosial şəbəkə platformalarında canlı yayımda hərcür əxlaqsızlıq, tərbiyəsizlik, qudurğanlıq nümayiş etdirilir. Belələrinə də kütlə necə lazımdı dəstək verir və tezliklə məşhur olub özlərinə yaxşı həyat təmin edirlər. Digərləri də onlara baxıb həvəslənir... artıq domino effekti işə düşüb.

Televiziyalar daha çox mənfi şeyləri təbliğ edir, maddi dəyərlərin mənəvi dəyərlərdən üstün olduğunu “göstərirlər” (burada əlbəttə dövlət və ictimai televiziya kanallarını istisna etmək lazımdır, onlar hələ də televiziyanın əsas funksiyasını unutmayıblar). Vaxtilə ABŞ MKİ-nin rəhbəri olmuş Allen Dallesin şərq ölkələrində mənəvi deqradasiyanı necə yaratmaq barədə məşhur “Məhvetmə” doktrinası tam gücü ilə işləyir və çox yaxşı da effekt verir.

Başqa cəmiyyətlərdə olduğu kimi, bizim cəmiyyətdə də məlum qlobal qüvvələr tərəfindən məşhur “Overton pəncərəsi” tətbiq olunur, dəyərlərin tədricən dəyişilməsi prosesi aparılır. Bu “Overton pəncərəsi” haqda oxuyun, prosesin necə aparıldığını görəcəksiniz, hər şeyə sizə aydın olacaq. Cəmiyyət dəyərlərin kəskin və sürətli dəyişməsinə razı olmadığı üçün, burada “diri qurbağını qaynar suda necə bişirmək” təcrübəsi tətbiq olunur.

Bəli, bu gün, yad dəyərlər, xüsusi nəzəriyyələr və peşəkar təcrübələrlə hər şey tədricən dəyişdirilir. Bunun nəticəsində, indi müsbət şeylər mənfi sayılır, mənfi şeylər müsbət. Mənfilər çoxaldıqca müsbətlər azalır. Azlıq çoxluğa tabe olur. Burada qədim bir hind pritçasını yada salmağa dəyər.

Rəvayətə görə, qədimdə bir şəhərin ətrafındakı meşəlikdə tək yaşayan, ibadət və elmlə məşğul olan bir zahid müdrik varmış. Dünyanın qızıl dövrü imiş. Hər yanda əmin-amanlıq bolluq və mehribanlıq. Bir gün bu müdrik dağdan enir şəhərə və adamlara deyir ki, tezliklə hər şey dəyişəcək, tam tərsinə olacaq. Bunun əlamətini onda biləcəksiniz ki, su dadını dəyişəcək bir qədər acı dadmağa başlayacaq. İnsanlar ona inanmırlar. Yalnız bir gənc inanır və gedib çay kənarında özünə koma tikir, yeri qazıb anbar düzəldir və oraya su daşıyıb toplayır.

Vaxt keçir, vədə yetişir, suyun dadı tədricən dəyişməyə başlayır. Gənc dərhal köçür ordakı komasına və ancaq əvvəldən yığdığı sudan içməyə başlayır. Hər dəfə şəhərə düşdükdə baxır ki, adamlar dəyişib, əvvəl ayıb sayılan şeylər indi normal sayılır, əvvəl yaxşı sayılan işlər indi pis sayılır. Bu gənc onunla bununla mübahisə etməkdən yorulur, heç kimə izah edə bilmir ki, elə deyil, belədir. Hər dəfə bunu döyüb qovurlar ki, sən bizdən ağıllısanmı. Gedir o müdrikin yanına ki, bəs mən neyləyim. Müdrik deyir ki, 3 yolun var, ya bu kütlə ilə axıradək mübarizə aparacaqsan, amma səni fiziki olaraq öldürə bilərlər, ya onların suyundan içib onlar kimi olacaqsan, bu halda mənəvi cəhətdən öləcəksən, ya da cəmiyyəti tərk edib mənim kimi uca dağların başında tək yaşayacaqsan. Bu gənc çox düşünür, axırda 3-cü yolu seçir. Gedir müdrikin yanına və ona xidmət etməklə ömrünün sonunadək orada yaşayır.

İndi həmin “su” bəzi xarici mərkəzlər tərəfindən ölkəmizə, cəmiyyətimizə təklif olunur, çoxumuz isə bu suyun tərkibi haqda məlumatlı deyilik, elə “sudur də” deyib içirik. Lakin cəmiyyətimizdə hələ də o sudan içməyənlər var, onları o sudan içməyə məcbur etmək, ya da onun qaçıb dağ başına (xaricə) getməsinə səbəb olmaq lazım deyi. Kefli isgəndərləri vurub öldürməyək. Mirzə cəlilləri, haqverdiyevləri, sabirləri, nərimanovları, hacıbəyovları, cəfərləri, zərdabiləri... xalqın uğrunda çıraq kimi yanmış mütəfəkkirləri, mənfi adətlərə, cəhalətə qarşı böyük bir qüvvənin qarşısında qorxmadan mübarizə aparanları da belə etmişdik. Hərəsini bir cür çərlədib öldürdük. Lakin onların davamçıları dayanmadı, ideyaları, amalları ölmədi, yaşadı və xalqımızı da yaşatdı.

İndiki qloballaşma dövründə milli-mənəvi dəyərlərimizi daha çox qorumalıyıq, çünki indiyədək heç vaxt olmadığı qədər güclü təzyiq və terror altındadır. Elmə-təhsilə daha çox fikir verib irəli getməliyik. Sağlam düşüncəli, savadlı uşaqlar yetişdirib tərbiyə etməli, xalqımızı, ölkəmizi dünyanın inkişaf etmiş ölkəsinə çevirəcək insanları qorumalı, küçə müğənnilərini və yarıçılpaq modelləri dinləmək əvəzinə alimləri, ziyalıları dinləməliyik. Yalnız bu yolla bir millət kimi yaşaya və inkişaf edə bilərik.

Digər xəbərlər