Köşə

  • 4 629

Həkimlərin “cicibebe”, banan sevdası...

image

Elə ki, körpə dünyaya gəldi və müasir analar onlara süd verməkdən imtinaya başladılar, birinci növbədə həkimə müraciət edirlər ki, bəs nə edim, südüm yoxdur. Əslində isə ananın südünün olmaması mümkün deyil, var, lakin körpəsinə vermək istəmir. Çünki onun beyninə doldurulub ki, uşağa süd vermək qadının formasını pozur. Bu, təbii ki, yanlış düşüncə tərzindən başqa bir şey deyil.

Bəzi uşaq həkimləri anaları möhkəmcə danlasalar da, əksəriyyəti süni qidalardan yazıb vəzifəsini bitmiş hesab edir. Analar da başlayır rahatlıqla bu süni qidaları su ilə qarışdırıb uşağın mədəsinə doldurmağa. Daha sonra isə axı uşağa əlavə qidalar lazımdır. Ana yenə həkimə müraciət edir, bu dəfə isə illərin dəyişməz sevdası ilə “cicibebe” və banan tövsiyə olunur. Ana da sevinclə evə qayıdır və marketlərdən həmin məhsulları alıb, yenə doldurur uşağın mədəsinə. Nəticədə uşaq gündən-günə şişir, ana da fərəhlənir ki, gör, uşağa necə baxıramsa, gündən-günə gümrahlaşır.

Bu dəfə ana nə edir? Bu qidaları rəfiqələrinə də məsləhət görür. Beləliklə, cəmiyyətimizdə əksər ana öz südündən imtina edir, keçir süni qidalara. Ardınca da “cicibebe” və banana...

Banan meyvədir, əslində onun uşaq üçün elə bir ziyanı ola bilməz. Lakin biz nə üçün xaricdən gətirilən meyvələri öz meyvələrimizdən üstün tuturuq? Axı əslində kəndlərimizdə yetişdirilən almaların tərkibi bananın tərkibindən qat-qat zəngindir. Belə isə həkimlərimiz körpələrə nə üçün almanı deyil, bananı məsləhət bilirlər? Valideyn də 50 qəpiyə, 1 manata almalı olduğu alma əvəzinə, 2-4 manat arası bananı alır.

Bəs “cicibebe” peçenyesi? Bu da ölkəmizdə istehsal olunmur. Bu qidanın uşağa əhəmiyyəti nədən ibarətdir? O, sadəcə uşağın aclıq hissini təmin edir. Bir də günü-gündən onda çəki artımı yaradır. Başqa heç nə. Əvvəllər uşaqlara un horrası bişirib verirdilər. Keyfiyyətli unla, təmiz kərə yağı ilə. Düşünürəm ki, həmin horra “cicibebe”dən min dəfə keyfiyyətli olar.

Biz nə üçün öz məhsullarımıza, dədə-baba qaydalarına uymur, daha çox müasirliyə can atırıq? Bu müasirlik isə çox vaxt bizim xeyrimizə olmur. Bəlkə də müasir görünmək xəstəliyinə tutulduğumuz üçün bu kimi hallardan əl çəkə bilmirik.

“Cicibebe” və bananı uşaqlara qida kimi tövsiyə edən həkimlərə üz tutaraq demək istəyirəm ki, cəmiyyətimizin gələcəyini düşünün bir az, nə olar. Birincisi, anaları qəti şəkildə uşaqlarını öz südləri ilə qidalandırmağa çağırın. Bəzi hallarda bu mümkün olmayanda isə onlara doğru yol göstərin. Körpələrə elə qidalar tövsiyə edin ki, həm büdcəmizə uyğun olsun, həm də öz elimizin, obamızın, təbiətimizin yetirib-bitirdiyi olsun.

Unutmayaq ki, hansı coğrafiyada yaşayırıqsa, o yerdə bitən, ərsəyə gələn meyvə-tərəvəz bizdən minlərlə kilometr uzaqlarda məxsus olanlardan qat-qat keyfiyyətlidir və bizim orqanizmimiz üçün daha əhəmiyyətlidir.

Həkimlərin “cicbebe” və banan sevdasına son qoymalarının vaxtı çoxdan keçib. Lakin hələ də gec deyil...

Mətanət Məmmədova

Digər xəbərlər