Köşə

  • 2 998

Barbie nə içirsə, ondan içməliyik?.. - TƏRS BAXIŞ

image

Qadınlara özəl istehsal edilmiş enerji içkisi barədə xəbərdar olandan və onun reklamları ilə tanışlıqdan sonra bu barədə yazmaya bilmədim. Reklamda deyilir: Barbie nə içir? Barbie Bizon Pink Edition içir. Deməli, sən də içməlisən. Maraqlıdır, Azərbaycan xanımı nə vaxtdan Barbie olub? Nə üçün Barbienin vətənində bircə dəfə onu Azərbaycan xanımına bənzədən olmayıb. Lakin biz Barbieni öz qadınlarımıza nümunə çəkir və onun içdiyi içkidən qadınlarımıza məsləhət görürük.

Hanı bizim çiynində səhəng evindən kilometrlərlə aralı bulaqlardan su daşıyan qadınlarımız? Onlar məgər Bizon içib enerji toplayıb iş dalınca gedirdilər? Axşamdan səhərədək körpəsinin beşiyi başında laylay deyən qadınlarımız var. Səhərdən axşamadək həyat yoldaşı ilə təsərrüfat işləri ilə məşğul olan qadınlarımız var. Müəllim, həkim, inşaatçı qadınlarımız var. Heç enerjisi bitmir də, tükənmir də. Ürəkləri də xəstə-filan deyil. Onlara Barbieni nümunə göstərmək nə dərəcədə düzdür, siz deyin.

Axı bu Bizon nədir?

Boşbuynuzlular fəsiləsindən öküz cinsidir. İki müasir növü var: Zubr və Amerika bizonu. Bizonlar 10-20 baş kiçik sürülər halında yaşayırlar. Bu, daha maraqlıdır. Biz nə üçün məhz Amerika öküzündən enerji almalıyıq? Orası daha maraqlıdır ki, Bizon içkisinin qablaşdırılması üzərindəki bizon başı öküzdən çox şeytana oxşayır... Bunun yəqin ki fərqində olanlar var. Belə isə biz Amerika öküzləri ilə nəyi aşılayırıq, nədən söhbət açırıq, nə demək istəyirik, bunu da izah edən olsa, dinləyərik.

Od çərşənbəsi hara, Amerika öküzü hara?..

Belə bir “məsləhətə” də rast gəldim: Od çərşənbəsində iki Bizon seç və onlardan birinə nişan qoy. Daha sonra həmin nişanı gizlədərək niyyət tut və ətrafındakı birinə Bizonlardan hansınısa götürməsini de. Həmin adam əgər nişanlanmış Bizonu götürərsə, bu, niyyətin doğrulacağına işarədir.

Bunu oxuyandan sonra isə şair demişkən, dəli bir ağlamaq keçdi könlümdən. Niyə belə edirsiniz, ay bunu yazanlar, paylaşanlar. Niyə bizim dəyərli adət-ənənələrimizi bu günə qoyursunuz? Bizim od çərşənbəsində iki stəkan tərtəmiz, saf su ilə niyyət kimi dəyərimizi niyə bizonlara qurban verirsiniz. Sizin gənc nəslə tövsiyəniz, məsləhətiniz budurmu? Gənclərə adət-ənənələrimizi yaşatmağı belə aşılayırsınız?

Axı qədimdən qədim Azərbaycanının bu günlərə çətin, keşməkeşli yollarla gətirib çıxardığı adətlər var. Onları Bizona dəyişmək olarmı? Bu, ilahi ədalət çərçivəsindən nə qədər kənardadır, bilin axı...

Novruz xonçası hara, Bizon hara?

Başqa bir Bizon reklamında isə Novruz xonçasında Bizon görürəm. Bu dəfə elə bil Amerika öküzü o butulkadan çıxıb buynuzları ilə mənə elə bir zərbə endirir ki, o dünyalıq oluram. Kaş ki çıxardı, o zərbəni endirərdi, lakin mən xalqımın bayram xonçası içərisində xarıbülbülü deyil, Amerika öküzünü görmüş olmazdım. Ay insanlar, belə etməyin. Evlərimizdə uşaqlar böyüyür, onları milli-mənəvi ruhda, bizə məxsus olanlarla böyütmək borcumuzdur. Necə ki, bizləri milli dəyərlərimiz, adət-ənənələrimiz fonunda böyüdüb bu günlərə gətirib çıxarıblar, biz də uşaqlarımızı o cür böyütməliyik. Barbie, Bizon hara, bizim qədimdən qədim Novruz, od çərşənbəsi hara.

Hələ üzərində "Bizon Karabakh" yazılanı deyim. Bu, daha dözülməzdir. Çünki butulkanın üzərindəki öküz başı ilə Qarabağ sözü əsla bir araya gəlmir. O butulkanın üzərində Qarabağ atları olardı kaş...

Gedin Bizona bizim adətlərdən kənarda alıcı axtarın

Bəli, qadınlardan başlayıb Novruzla bitirdiyim Bizon əhvalatını hər kəs oxusun. Bəlkə mən haqsızam. Deyin, bilim. Lakin haqsız olduğumu əsla düşünmürəm. Haqlıyam, bu haqqı xalqımızdan, onun milli dəyərlərindən, mentalitetindən almışam. Və bu dəyərləri ömrümün sonunadək qoruyub saxlayacağam.

Birinci, bizim qadınlarımıza enerji suyu ehtiyac deyil. Bizonun məxsus olduğu ölkədə qadınlar ailə qurmaqdan, həyat yoldaşı, ana olmaqdan, məsuliyyət daşımaqdan, dünyaya övlad gətirməkdən çox uzaqda olduqları halda, ailə qurmaq, ana olmaq, dünyaya ən az 2-3 uşaq bəxş etmək bizim qadınların ailə “məcəlləsidir”. Qoy Bizonun ölkəsindəki qadınlar gəlib bizim Şuşada İsa bulaqdan, Turş sudan, Narzandan, Mor-mordan, Sirab, Badamlıdan içsinlər, bəlkə bizim dəyərli qadınlarımızın dəyərli düşüncələrinə sahib ola bilələr. Biz Barbie ola bilmərik, biz Azərbaycan xanımıyıq.

Digər tərəfdən, qoy Bizonlar məxsus olduqları ölkənin milli bayramlarının süfrəsini bəzəsin, bizim bahar təravətli Novruz xonçamıza fındıq, qoz, badam, şəkərbura, paxlava, badambura, qoğal kifayət edər.

Qoy əlimizə iki stəkan alıb niyyətə gedək. Niyyətimiz hasil olsa da, olmasa da, bilək ki, içdiyimiz öz dağımızın, dərəmizin suyudur; saf, təmiz, pak. Tərkibi də yetərincə zəngindir.

Mətanət Məmmədova

Digər xəbərlər