Köşə

  • 5 119

Quranda olmayan “islam” – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Bu gün bütün müsəlman ölkələrində Qərb dairələrindən idarə olunan qüvvələr islam haqda səhv məlumatları təbliğ edir, Quranı təhrif edir, kütlələrin öz dinlərinə nifrət etməsinə çalışırlar. İslama dəxli olmayan o qədər saxta hədis, nağıl uydurublar ki… Bir çox dini icmaların, camaatların başına öz adamlarını qoyub zombi yetişdirməyə çalışırlar. Quranı oxumayan, oxusa da dərk etməyən kütlələr isə bu “şeyxlərin” tələsinə düşür. Onların danışdığı absurd fikirləri islam, Quran deyirmiş kimi başa düşüb dini zərərli bir şey kimi qəbul edirlər. Halbuki, Quranda bircə cümlə belə zərərli fikir yoxdur. Bu gün islam adı təqdim olunanların, qədimdən qalan və ya yeni formalaşn adətlərin Qurana zərrə qədər də dəxli, aidiyyatı yoxdur. Quran özü açıq şəkildə bunların əleyhinə çıxır.

Bir çox məsələlər isə, Quranın səhv tərcümələri və səhv izahları ilə bağlıdır. Hansı ki, araşdıranda görünür ki, fikir kontekstdən çıxarılıb və fərqli mənaya yozulub. Bu, ərəb dilinin hədsiz zənginliyi və mürəkkəbliyi ilə bağlıdır.

Gəlin Quranda olmayan lakin islam kimi qələmə verilən anlayış və əməllərin qısa siyahısına baxaq;

-Məzhəblər, təriqətlər yoxdur

-Şeyx və ya imama bağlılıq yoxdur

-Kişi və ya qadın sünnəti qadağandır

-Quranı başa düşmədən oxumağın mənası yoxdur.

-Bir fikrə və ya bir insana sorğu-sualsız tabe olmağq yoxdur.

-Uşaq evliliyi yoxdur

-Fatalizm (taleyə, alın yazısına inanmaq) yoxdur

-Namusda/zinada kişi ilə qadın arasında fərq yoxdur.

-Dinini dəyişənləri, namaz qılmayanları, içki içənləri, zina edənləri öldürmək kimi bir şey yoxdur.

-İslami ad qoymadan və sünnət olunmadan müsəlman ola bilməzsiniz deyə bir şey yoxdur.

-Hədislər yoxdur.

-Yalnız ərəbcə namaz qılmaq və dua etmək yoxdur

-Hərəm saxlamaq və sələmçilik yoxdur

-Ağıl və elmə qarşı fikir yoxdur, əksinə onlar ən üstün xüsusiyyət sayılır

-Musiqi, rəsm, şeir, heykəltəraşlıq, mədəniyyət elementlərinin haram sayılması yoxdur.

-Çadra yoxdur

-Quranın təkamül nəzəriyyəsinə zidd olması kimi bir şey yoxdur

-Adəm ilk insandır deyə bir şey yoxdur. Adəm ilk məsuliyyətli insandır

-Hansısa peyğəmbərin, imamın enəcəyi, dəccalın zühur etməsi kimi nağıllar yoxdur.

-Öləndən sonra ziyafət vermək- 3, 7, 40 yoxdur.

-İslamda xilafət adlı xüsusi bir quruluş və mövqe yoxdur.

-Dini yaymaq üçün ölkələrin fəth edilməsi yoxdur.

-Şeytan daşlama ayini yoxdur

-Quranın ilk və əsas şərti oxumaqdır (elm, bilik əldə etmək)

-Dini və xasiyyəti eyni olmayanları düşmən görmək caiz deyil.

-Ərəb adət-ənənələrini sünnə kimi qəbul etdirmək yoxdur.

Bu siyahını xeyli uzatmaq da olar. Təəssüf ki, bir çoxları bunları bilmir, çünki əksəriyyət Quranı oxuyub, düşünüb, analiz etməyə tənbəllik edir, elə orda burda eşitdikləri, saxta din xadimlərinin dedikləri əsasında özündə fikir formalaşdırır.

Bir çox müsəlman ölkələrində isə hakimiyyətlər dini siyasi alətə çeririr və öz siyasətləri üçün dindar insanlardan istifadə edirlər. Digər dinlərə malik ölkələrdə də belə hallara rast gəlinir. Ona görə də, normal dindar savadlı olmalı, həm elmləri, həm də dinləri bilməlidir.

Bu gün ortalıqda 2 qrup var: biri dinçilər, digəri dindarlar, yəni həqiqi mömünlər. Dinçilər din adından istifadə edib öz məqsədlərini həyata keçirməklə məşğuldur. Əsl dindarlar isə, heç bir təriqətə, məzhəbə qoşulmayaraq, hər hansı bir şeyxin, imamın təbəəsi kimi davranmayaraq yalnız Yaradana və onun göndərdiyi kitaba bağlanır.

Fanatik dindarlar isə dini anlamayan və xüsis mərkəzlər tərəfindən beyni yuyulmuş insanlardır. Terrorçular, canilər əksər hallarda onların arasından çıxır. Fanatizm istənilən sahədə təhlükəlidir, o cümlədən də dində.

Ona görə də, hər hansı bir dinə mənsub olduğunu deyən insanın törətdiyi cənayətə görə həmin dini günahlandırmaq olmaz. Cinayətkarlın milliyyəti, dini, insani dəyərləri olmur.

Əgər dindarsansa, Yaradana bağlısansa, onda onun göndəriyi kitablara inanacaqsan, kimlərinsə xüsusi məqsədlər üçün uydurduğu söhbətlərə yox.

Qısası bu gün bəzi insanların təqdim etdiyi islamla Yaradanın göndərdiyi Quran xeyli fərqli şeylərdir. Hansına inanacağınızı özünüz seçməlisiniz.

Digər xəbərlər