Köşə

  • 5 173

Mən niyə xərçəng oldum ?! – PAMFLET

image

Elçin Bayramlı

- Xanım, bütün analizlərin və müayinələrin cavablarını diqqətlə nəzərdən keçirdik. Təəssüflə deməliyəm ki, sizdə 3-cü mərhələyədək inkişaf etmiş xərçəng xəstəliyi aşkar olunub. 40 yaşa çatmamış biri üçün bu nadir haldır.

- Niyə doktor, bu nədən yaranmış ola bilər?

- Çox səbəblər ola bilər. Xərçəng, sadə dillə desək, orqanizmin təbii bioloji normalarının kobud pozulmasının nəticəsidir. Burada qidalanma, kimyəvi vasitələrdən geniş istifadə, ekologiya, stress, şüalanma, qeyri-aktiv həyat tərzi kimi çox sayda faktorların rolu olur. Nəticədə orqanizmin təbii balansı pozulur, hüceyrələr öz funksiyasını yerinə yetirə bilmir və nəzarətsiz çoxalmağa başlayırlar.

- Doktor, mən hər şeyi düz eləmişəm, məndə niyə xərçəng yaransın ki? Baxın, hər zaman qidalanmama fikir vermişəm, meyvə tərəvəz alanda həmişə üstündə xarici yarlıkları olan parlaq, gözəl görünüşlü olanları seçib almışam, antisanitar şəraitdə olan kənd nehrə yağlarını, pendirini, qatığını yox, mağazalardan satılan məhsulları almışam, çox vaxt bahalı restoranlarda, mak donaldsda və sair brendlərdə yemək yemişəm. Broyler toyuğunun ən bahalısını almışam. Bazarlardakı kəndçi-kündçünün satdığı məhsulları yox, marketlərdə səliqəli və bəzəkli paketlərdə olan qida məhsullarını almışam. Camaat şorba və ya ucuz tərəvəz yeməkləri bişirəndə mən çoxlu ət və kolbasa alaraq qızartma yeməklər yemişəm. Evimdə mikrodalğalı sobanın ən bahalısını qoymuşam.

Bəzi xəsislər ot-ələf çayı içəndə mən 1 dəqiqəyə dəm alan paket çaylarından istifadə eləmişəm. Eləsi var ki, evdə kompot bişirir, ayran düzəldir içir. Nə ehtiyac var ki, mağazada satırlar də hamısını. Xəsisliklərindən evdə bişirirlər yeməyi. İndiki zamanda bu nə geridəqalmışlıqdır, siz Allah? Zəng edirsən kafedən gətirirlər də hazır şəkildə.

Bədənimə də yaxşı qulluq eləmişəm. Tez-tez kimyəvi gigiyenik vasitələrdən istifadə etmişəm, saçlarımı hər həftə boyamışam, həftədə 2 dəfə gözəllik salonlarında özümü gözəlləşdirmişəm. Əllərimi antibakterial sabunlarla yumuşam. Ən bahalı kosmetik vasitələrdən və ətirlərdən mütamadi istifadə eləmişəm.

Camaat piyada gəzəndə mən ən yaxın yerə də maşınla getmişəm, işim də oturaqdır və çox rahatdır. Evdə də, işdə də həm kondisioner var, həm də istilik sistemi. Yay-qış 25 dərəcə tempraturda yaşamışam, nə qışda üşümüşəm, nə yayda tərləmişəm. Tam komfort bir həyat yaşamışam. Həmişə isti otaqda yatmışam. Düzdür, gecə tiktokda zadda çox vaxt keçirib saat 3-ə 4-ə qədər yatmırdım, amma əvəzində səhər də gec qalxırdım. Telefonum da həmişə açıq şəkildə yanımda olub ki, birdən gecə mesaj, bildiriş zad gələr, xəbərim olsun.

Düzdür, şəhərdə hava təmiz deyil, zərərlidir, buna görə də daim qapı pəncərəni bağlı saxlamışam ki zərərli hava evə girməsin. Evi tez-tez xüsusi dərmanlarla kimyəvi təmizləmə etmişəm. Hətta idmana da getmişəm. Özü də bəzi çuşkalar kimi açıq havada idmanla məşğul olmamışam, qapalı salonlarda trenajorlarda məşğul olmuşam. Sonra da energetik içkilər qəbul eləmişəm ki, itirdiyim enerji yerinə gəlsin.

Daim şirniyyat yemişəm ki, əhvalım xoş olsun. Düzdür, daha çox pul qazanmaq və vəzifəmin artması üçün çox gərgin rejimdə işləyirdim və tez-tez stress keçirirdim, amma bundan nə zərər olasıdı ki, əsas odur daha çox pul qazanasan. Adamın pulu çox olanda sağlam olur. Düzdür, işimlə bağlı bütün günü mobil telefonla danışmalı olurdum, amma bunun heç bir zərəri yoxdur.

Camaat gedib çöldə, meşədə, kənddə istirahət edəndə, mən böyük şəhərlərdə qapalı əyləncə mərkəzlərində istirahət eləmişəm. Arada bir evdəkilər məni zorla dənizə-zada aparanda bütün bədənimə krem çəkmişəm ki, Günəş şüaları dərimə dəyməsin.

Bəzi xəsis qadınlar üzlərinə adi krem çəkib ortaya çıxanda mən fərqli növlərdə olan kosmetik vasitələr ilə üstü-üstə 4 sloy makiyaj eləmişəm ki, dərim sağlam qalsın.

Tez-tez arıqladıcı dərmanlar içmişəm ki, bədən formam ideal olsun. Aradabir botoks etdirmişəm, bəzi yerlərimə silikon qoydurmuşam ki, maraqlı görünsün. Hələ çox şeylər var ki, başınızı ağrıtmayım deyə demirəm.

Gördüyünüz kimi, mən hər şeyi düz eləmişəm, həmişə komfort şəraitdə yaşamışam.

Doktor, bəs mən niyə xərçəng oldum ki?!

Digər xəbərlər