Köşə

  • 5 359

Ailə institutumuz niyə dağılır? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

15 may Beynəlxalq Ailə Günü olduğundan bu gün bu mövzuya toxunmağa qərar verdim. Bu problem bizdə artıq fəlakət həddinə çatmaq üzərdir. Evlilik və boşanmalarla bağlı son statistika vəziyyətin necə faciəli və acınacaqlı olduğunu bir daha ortaya qoydu. Uzun illərdir həyacan təbili çalırıq ki, ailə dəyərlərimiz məhv olmağa doğru gedir. Əfsuslar olsun ki, heç bir reaksiya yoxdur və vəziyyət getdikcə pisləşir. Keçən il boşanmalar 40 faiz idisə, indi isə artıq 50 faizi keçib. Boşanmaların sayı çox sürətlə artır. Bu milli genofondun məhv olması deməkdir. Bu tendensiya o qədər sürətli gedir ki, artıq yaxın illərdə çox acınacaqlı vəziyyətin yaranacağına şübhə yoxdur.

Boşanmalara müxtəlif səbəblər göstərilir. Mən həmin səbəblərin heç biri ilə razı deyiləm. Bu səbəblərin heç bir ciddi arqumenti yoxdur və fakta əsaslanmır. Burada sosial səbəblər göstərilir. Amma onun rolu o qədər böyük deyil. Maksimum 10-20 faiz civarındadır. Mən hesab edirəm ki, problem əsas səbəbi mənəvi deqradasiya ilə bağlıdır. Yəni artıq insanlar, xüsusilə gənclər mənəvi dəyərləri arxa plana atıb, yalnız maddi dəyərlər üzərində həyatlarını qurmağa çalışırlar. Bu müasirləşmək adı altında, guya Avropa dəyərlərinə inteqrasiyasının nəticəsidir. Artıq bir çox insanlar üçün mənəvi dəyərlərin heç bir təsiri qalmayıb. Ancaq ailəyə maddi dəyərlər üzərində baxırlar. Aparılan təbliğatların nəticəsində gənclərin evlənməməsi və ya evləndikdən sonra qısa müddətdə boşanması geniş vüsat alıb.

İndi çoxları həyata əyləncə kimi baxır. Ailə isə bu əyləncəyə mane ola bilər. Bu səbəbdən bəzi gənclər ailə-usaq sahibi olmaq istəmir. Ancaq öz kefləri üçün yaşamağa üstünlük verirlər. Bunların hamısı birlikdə mənəvi deqradasiyanın nəticəsidir. Problemin əsas səbəbi bununla bağlıdır. Maksimum 20 faiz fərqli səbəblər ola bilər. Psixi problemi və narkotikə meyilliyi olanların ailələrinin dağılması normaldır. Çox ağır sosial vəziyyətində yaşayanlar arasında boşananlara rast gəlinir. Bu hallar isə çox azdır.

Əgər boşanmalarda səbəb social problemlərdirsə onda həm bütün tarixdə, həm də indi bütün dünyada belə olardı. Lakin faktlar əksini göstərir. Azərbaycan xalqının ən ağır yaşadığı vaxtlar Böyük Vətən Müharibəsi dövrü, həmçinin 90-cı illərdir. Bu dövrlərdə demək olar ki, boşanmalar yox idi və çox cüzi idi. Bu o deməkdir ki, insanların mənəviyyatı güclüdürsə burada kasıbçılığın, maddi çətinliyin zərrə qədər rolu yoxdur. Görürük ki, əksinə sosial vəziyyət daha yaxşı olanda kütləvi şəkildə boşanmalar gedir.

İkinci bir arqument. Dünya ölkələrində olan statistikalara baxan zaman görürük ki, məhz yoxsul və kasıb ölkələrdə boşanma faizləri çox minimumdur və daha imkanlı ölkələrdə isə bu göstərici maksimumdur. Üçüncü arqument isə odur ki, Azərbaycanda boşananların əksəriyyəti nisbətən imkanlı ailələrdir. Bu 3 faktor onu sübut edir ki, social-iqtisadi səbəblərin payı çox cüzi ola bilər, əsas səbəb mənəvi deqradasiyadır.

Buna görə də, əgər milli genefondumuzu, ailə institutumuzu xilas etmək istəyiriksə, milli-mənəvi dəyərlərimizə qarşı aparılan təbliğatın qarşısı alınmalıdır. Televiziyalarda və internetdə bu təbliğatlar açıq şəkildə aparılır. Müasirlik adı altında bu təbliğatlar gənclərin psixologiyasına mənfi təsir edir və dəyərləri dəyişdirir. Biz bunun nəticələrini görürük. Biz dövlət və gələcək olaraq sağlam milli genofond istəyiriksə, bu təbliğatlara qarşı ciddi mübarizə aparmalıyıq.

Son vaxtlar boşanmaların asanlaşdırılması prosesi gedir. Bir çox vəkillər var ki, boşanmalar ilə bağlı sanki yarışa giriblər. Ətrafdan da hamı buna dəstək verir. Sanki ailənin dağılmasına təkid edirik. Bir çox ölkələrdə ailələrin dağılmasının qarşısını almaq üçün boşanmalar çətinləşdirilir. Uzun müddət ailəli olan şəxslərə müəyyən güzəştlər edilir. Bizdə bu prosesin qarşısını aımaq üçün heç nə edilmir. Ciddi tədbirlər olmasa tezliklə ailə institumuzun və milli-mənəvi dəyərlərimizin tamamilə məhv olduğunu görəcəyik.Bu səbəbdən də həm dövlət, həm də cəmiyyət bu sahədə çox ciddi iradə ortaya qoymalı və problemin həllinə çalışmalıdır.

Digər xəbərlər