Köşə

  • 2 534

Ağ xətt üzərində qara düşüncələr...

image

Ağ xətlər üzərində qara düşüncələrə dalmamaq olmur. Necə dalmayasan ki? Axı ağ xətt hər an sənin qara xəbərin ola bilər. Odur ki, şəhərimizdəki işıqforsuz piyada keçidlərindən istifadə edənlərdən biri kimi, o xətlərin üzərində dəli bir ağlamaq keçir könlümdən. Həyatımın bu ağ xətlər üzərində bir gün qara rəngə boyanacağına ağlamaq istəyirəm. Elə bu səhər də ağ xəttin düz ortasında yanımdan ildırım sürətilə ötən avtomobillərin küləyindən az qala yıxılacağım anda ağlamaqdan vaz keçib gülməyə başladım.

Desəniz ki, nəyə gülürdün? Deyərəm ki, özümə gülürdüm. Nə üçün gülürəm, keçiddə xəttin üzərində dayanıb sürücüyə yol verdiyim üçün. Onun da məsuliyyətsizcəsinə məni gözlətməsinə gülürəm. Sürücü bir az kənardan görür ki, piyada keçidinin düz ortasındayıq, daha da sürətini artırır ki, qarşımızdan keçsin. Biz də qalırıq düz yolun ortasında ki, sürücü bəy, sürücü xanım keçsin, biz sonra yola davam edək.

Məktəbin qarşısı, ictimai yaşayış binasının önü və sair, hara olursa-olsun bəzi sürücülər üçün heç əhəmiyyəti yoxdur, bizi gözlədib özləri keçəcəklər. Əslində biz onlardan qabağa düşə bilərik. Lakin bu sonuncu keçidimiz olar. Bizi asfalta elə yapışdırarlar ki, tikəmızi yerdən qoparmaq olmaz.

Biz hüquqlarımızı bilirik. Bilirik ki, piyada keçidinə yaxın avtomobili idarə edən sürəti azaltmalı, dayanıb piyadanın keçməsini gözləməlidir. “Yol hərəkəti haqqında” Qanunun 54-cü maddəsinin I hissəsində də deyilir ki, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Sürücünün piyadaya yol verməli olduğu xüsusi bir hal isə adı çəkilən qanunun 75-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulur: sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir. Bu normadan göründüyü kimi, yolayrıcında dönən sürücü hətta döndüyü yolda piyada keçidi olmasa da, piyadaya yol verməlidir.

“İnzibati Xətalar Məcəlləsi”nin 330-cu maddəsinə əsasən isə həm nizamlanmayan piyada keçidlərində, həm də sağa və sola dönən zaman piyadaya yol verilməməsi 50 manat cərimə olaraq qiymətləndirilir.

Bu qaydalardan və cərimələrdən piyadaların xəbərsiz olanı olar, bəli. Lakin sürücülər xəbərsiz deyillər. Bəs belə isə nə üçün bilmək istəmirlər ki, kim kimi gözləməli, kim kimə yol verməlidir? Əksinə, piyada keçidinin ortasında maşını üzərimizə sürür, əsla dayanmaq fikirləri yoxdur. Və yaxud da ki, qarşıdan qəflətən adam çıxar, fikrini ağıllarına belə gətirmirlər.

Sürücülər bu barədə düşünmədikcə, biz hələ ağ xətt üzərində çox qara düşüncələrə dalacaq, ya ağlayacaq, ya da güləcəyik. Öz yolumuzda sürücülərə yol verməyə ağlamayaq, gülməyək, görəsən bəs, nə edək?..

Mətanət Məmmədova

Digər xəbərlər