Köşə

  • 1 151

Qaçqınlığa son!

image

20 iyun-Ümumdünya Qaçqınlar günündə 30 ildən artıq məcburi qaçqın və köçkünlük həyatı yaşayan soydaşlarımızdan söhbət açmaya bilmədik. Artıq dövlətimiz qaçqınlığa son qoyub. Ölkəmizin minlərlə qaçqının hər biri öz ata-baba yurdunun azadlığını görüb, əksəriyyəti yurd-yuvasına qayıdıb. Böyük Qayıdış Proqramı davam edir. Yaxın gələcəklə onların hamısı doğma evlərinə qayıdacaq. Çünki daşı daş üstündə qalmayan Qarabağ və Şərqi Zəngəzurun əraziləri dövlətimiz tərəfindən yenidən qurulur.

1990-cı illərdən başlayaraq ermənilərin Azərbaycan torpaqlarında olan tamah dişi minlərlə soydaşımızın xoş gününü, səadətini didib-parçaladı. Onları doğma ata-baba yurdundan didərgin saldı. 126 yaşayış məntəqəsi zorla boşaldıldı. XX əsrin ən faciəli hadisələrindən biri törədildi - 6000 azərbaycanlının yaşadığı Xocalı şəhəri bir gecədə darmadağın edildi. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olundu, Qarabağ, ətraf rayonlardan, həmçinin Ermənistanla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerindən məhrum olaraq respublikanın 62 şəhər və rayonunda məskunlaşdı. Hərbi təcavüz nəticəsində 20 min azərbaycanlı həlak oldu, 100 min nəfər yaralandı, 50 min insan müxtəlif dərəcəli xəsarət aldı. 1 milyon 200 mindən çox qaçqın, məcburi köçkünü oldu Vətənimizin...

2020-ci ilin 44 günlük İkinci Vətən müharibəsinin Zəfərlə bitməsi yurdundan məcburən qovulan və 30 ildən artıq köçkün, qaçqın həyatı yaşayan soydaşlarımızın üzünü güldürdü. Qəlbləri fərəhlə döyündü, qürur hissi yaşadılar. Çünki artıq bu statusu daşımayacaqdılar. Onlar müzəffər Ali Baş Komandanımızın və əzəmətli milli ordumuzun əyilməz zabit və əsgərlərinin hünər meydanında göstərdiyi qəhrəmanlıqla öz ata-baba torpaqlarının yenidən sahibi olmuşdular.

2023-cü ildə ilin sentyabr ayının 20-də birgünlük lokal xarakterli antiterror əməliyyatı ilə Xankəndi, Xocalı, Xocavənd kimi tarixi torpaqlarımız öz sahiblərinə qovuşdu. Mənfur erməninin Qarabağdan və Şərqi Zəngəzurdan birdəfəlik ayağı kəsildi.

20 iyun Ümumdünya Qaçqınlar günündə 30 ildən artıq qaçqınlıq həyatı yaşayan soydaşlarımızı yada saldıqca, onların 30 il yurdsuz, evsiz-eşiksiz yaşadıqlarını düşündükcə qəlibimiz yenidən düşmənə qarşı sonsuz nifrətlə dolur.

Qələbə qazansaq da, Zəfər bizim olsa da, lakin qaçqın-köçkünlərimizin 30 illik həyatını unutmaq olarmı? Bu torpaqlar uğrunda canından keçən şəhidlərimiz, sağlamlığından keçən qazilərimiz var. Onların hər birinin Qarabağımızın anası Azərbaycana qovuşmasında misilsiz qəhrəmanlığı olub.

Qaçqınlıq həyatı yaşayan soydaşlarımız tarixin bütün dövrlərində anılacaq. Çünki bizim qaçqınlıqda yaşlaşan gənclərimiz oldu. Qaçqınlıqda yurd həsrəti ilə dünyasını dəyişən ağbirçək, ağsaqqallarımız oldu. Evinin, həyətinin xəyalını qəlbinə gömən insanlar, uşaqlığı Qarabağda və Şərqi Zəngəzurda qalan, gəncliyi qaçqınlıqda keçən soydaşlarımız oldu.

Torpaqlarımız bu gün azaddır. Hər azad torpağımızda üçrəngli bayrağımız dalğalanır. Minlərlə insan artıq evindədir, qayıdıb, yaşayır. Digərləri isə qayıdacaq.

Lakin onların qaçqın, köçkün kimi 30 il ərzində nələr yaşadığı unudulmayacaq. Və qaçqınlıq, köçkünlüyü yaşayan xalq kimi bütün dünyada buna məcbur qalan insanlara böyük yanğı ilə yanaşırıq. Çünki onlar da bizim taleyimizin eynisini yaşayırlar.

Qoy bütün dünya ən yaxın gələcəkdə bu günü Qaçqınsız Dünya Günü kimi tarixin səhifəsinə yazsın. Son qoyulsun qaçqınlığa. Bir parça torpağı heç kim sahibinə çox görməsin. Axı insanlar müqəddəs torpaqlarına yaxından bağlıdır. Onlar torpaqsız-yurdsuz özlərini heç yerdə xoşbəxt hiss etmirlər. Görəsən dünya bunu anlayırmı?

Mətanət Məmmədova

Digər xəbərlər