Köşə

  • 2 556

7 oğul istəyənlərin 1-cə qıza qəzəbi

image

Lalə Mehralı

Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında birinci yerdədir. Təsəvvür edirsiniz? Liderlik elədiymiz siyahının dəhşətinə baxın! Əvvəl selektiv aborta görə siyahıda liderlik Çinə məxsus idi və Azərbaycan ikinci yerdə idi. İndi vəziyyət əksinədir. Belə ki, hazırda Çində bu göstərici 100-110, bizdə 100-114 təşkil edir. Dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya uyğun olaraq 102-106-dır. Yəni heç bir xarici müdaxilə olmadığı təqdirdə doğulan hər 100 nəfər qız uşağına 102-106 oğlan uşağı düşür, bu təbiətin yaratdığı tarazlıqdır.

Cinsi ayrı-seçkilik dünyanın bütün ölkələrində həmişə müzakirə edilən və heç vaxt öz həllini tapmayan bir mövzudur. Valideynlər bəzən bilərəkdən, bəzən də bilməyərəkdən övladları arasında fərq qoyur. Doğulacaq körpənin qız olacağını öyrənən bəzi valideynlər sevinsə də, çoxları bu duruma sözün həqiq mənasında kədərlənirlər. Çox təəssüf ki, bəzi halda bu vəziyyət abortla nəticələnir. Elə bu səbəbdəndir ki, statistik rəqəmlərdə balans fərqi açıq-aydın gözə çarpır. Cəmiyyətin oğlan sevdası gender balansını ciddi formada pozur.

Tələf edilən uşaqların ölkəmizdəki statistikası çox acınacaqlı rəqəmlər ortaya qoyur. Statistik göstəricilərə görə, Azərbaycanda hər il 20 min uşaq abort edilir. Qeyri-rəsmi statistika isə bu rəqəmi 25-27 min arasında dəyişir. Çünki edilən hər abort rəsmi qeydə alınmır. Məlumat üçün qeyd edək ki, hazırda mövcud olan qanunvericiliyə əsasən, dölün cinsi məlum olduqdan sonra abort etmək qadağandır, lakin bu məsələnin daha da ciddiləşdirilməsi nəzərdə tutulur. Dölün cinsini müəyyən etmək üçün ultrasəs müayinəsinin qadağan olunub-olunmaması məsələsi selektiv abortun qadağası kimi mübahisəli olaraq qalır.

Ölkəmizdə abort qanunla qadağan deyil, qadının abort olunarkən həyat yoldaşından yazılı icazə alınması məsələsi də qanunla dəstəklənmir. Halbuki bir çox müsəlman ölkəsində, o cümlədən qonşu İranda qadağan olunan abort yalnız ananın həyatı təhlükədə olarsa həyata keçirilir, üstəlik qadının həyat yoldaşı buna yazılı icazə verməlidir. O ki qaldı abortun ümumiyyətlə ölkəmizdə qadağan edilməsi məsələsinə, belə görünür ki, bu yaxın onillikdə belə mümkün olmayacaq. Milli Məclisin deputatları bunu cəmiyyətin belə qadağaya hələ hazır olmaması ilə əlaqələndirirlər. Amma zənnimcə qadağaya hazır olmurlar, alışırlar.

Hər il dünyada 55 milyon uşaq ana bətnindən doğranaraq xaric edilir. Onların 20 milyonu qeyri-leqal abortlardır. Yəni küncdə-bucaqda, evdə, həyətdə, hansısa fəaliyyəti qadağan qadağan olunmuş həkimin çirkli otağında edilən abortlar. Edilən abortların əksəriyyəti dölün 12-13 həftəliyində reallaşır. Bu körpənin cinsiyyətinin bəlli olduğu ərəfədir. Yəni daha açıq desəm, cinsinin qız olması körpənin yaşama şansını azaldır və bu da selektiv abort statistikasını yüksəldir. Qeyri-leqal abortların hər il dünyada 70 mindən artıq qadının ölümünə səbəb olduğunu bilirdinizmi?

Çox şey demək olar, amma deməyəcəm. Qadınlarınızı incitməyn, gəlinlərinizi söyməyin sizə oğul övlad doğmadığı üçün. Bu onun “günahı” deyil, kişinin orqanizmindən qaynaqlanan nəticədir. İnsanın quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomudur. Bu iki xromosom kişidə XY, qadında isə XX kimi tanınır. Y xromosomu özündə kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır. İnsanın əmələ gəlməsi kişi və qadındakı bu xromosomların birinin birləşməsi ilə başlayır. Qadındakı X xromosomu kişidəki X xromosomunu ehtiva edən spermatozoid ilə birləşərsə, doğulan uşaq qız olur. Yox, əgər Y xromosomunu daşıyan spermatozoidlə birləşərsə, uşaq oğlan doğulur. Qısası, uşağın cinsiyyətini müəyyən edən səbəb atadan gələn xromosomdur. Əgər ailənin oğlu yoxdursa və bunun üçün bir “günahkar” axtarılırsa, bu “günahkar” atadır.

Gəlinə 7 oğul, bir qız doğmağı təlqin etməyin, qızınızdan da tələb edəcəklər. Həyat yoldaşınızı qız doğduğuna görə günahlandırmayın, sizin bacınıza da eynisini edərlər. Bu dünya bumeranqdır, hər şey dönür, dolaşır, ilk sahibini tapır – yaxşılıq da, pislik də, sevgi də, nifrət də. Qız uşaqlarınızı sevin, əzizləyin. Oğlan uşaqlarınızdan çox yox, elə onları sevdiyiniz qədər sevin. Seçməyin, ayırmayın, fərqləndirməyin, ikisini də eyni sevin, eyni formulla, eyni tərkiblə sevin. Hər gün bir az da çirkinləşən dünyanın bur təmənnasız sevgiyə ehtiyacı var.

Digər xəbərlər