Köşə

  • 1 769

Torpaq o zaman Vətən olur ki...

image

Lalə Mehralı

“Vətən nədir?” sualına keçmişdən bu günə bir çox insanlar tərəfindən müxtəlif cavablar verilib, bir çox dahi bununla bağlı müdrik kəlamlar deyib. Əslində, vətən anlayışı hər kəs üçün fərqli mənalar kəsb edə bilər, lakin bütün yollar bir nəticəyə gətirib çıxarır – Vətən müqəddəsdir.

Vətən, milli düşüncəli və millət sevdası ilə yaşayanların toplaşdığı yerdir. “Torpaq, uğrunda ölən varsa, vətəndir” deyilməyib boşuna. Bir parça torpağı vətən edən odur ki, onun uğrunda canını fəda edə bilən insanlar var. Ona görə də uğrunda canının verilə biləcəyi torpaqları vətən kimi ifadə etmək olar. Amma "Vətən nədir?" sualına verilə biləcək cavablar bunlarla məhdudlaşmır. Vətən hər şeydən əvvəl bir xalq üçün müstəqillik, suverenlik rəmzidir. Çünki heç bir xalq düşmən tapdağı altında olan torpaqda yaşamaq istəmir və yaşaya bilməz. Əslində, vətən elə torpaqdır ki, onu düşmən boyunduruğunda saxlamaq olmaz. Vətən bizim ümumi evimizdir və o evin sahibi yadlar ola bilməz.

Hamımızın anadangəlmə, yaradılışdan bir vətəni olur - doğulduğu, böyüdüyü, son nəfəsini aldıqdan sonra əbədi yuxuya getdiyi torpaqlar. Hamımız sevincimizi, kədərimizi o torpaqda yaşayırıq, dərdimizi onunla bölüşür, sevincimizi onunla paylaşır, ruzimizi ondan alırıq. İnsanlar öz kökünü, bir millətə mənsubluq hissini adına vətən dediyimiz torpaqlarda qazanır. Ona görə də insanlar dünyaya gələndən ölənədək vətən üçün yaşayır, vətən üçün çalışırlar. Müharibələr vətən üçün baş verir, qələbələr vətən üçün qazanılır. Vətən sevgisi ata mirası kimi nəsildən nəsilə ötürülür, vətən sevdası beləcə müqəddəsləşir. Vətən sevgisini mənsub olduğumuz milləti, vətəndaşı olduğumuz dövləti, səmada dalğalandırdığımız bayrağı, danışdığımız dili, həm yaşayıb, həm də yaşatdığımız mədəniyyəti sevmək kimi izah etmək olar.

Ailə və ağsaqqallıq institutları, doğma dil, din, əxlaqi və mental dəyərlərə söykənən dövlətçilik sistemi əslində bir cəmiyyətin milli-mənəvi sərvətidir, şansıdır. Sarsılmaz dövlətlər bu dəyərlər üzərində yaranır və inkişaf edir. İndi o dövlətlər güclüdür ki, onlar tarixləri ilə bu günlərinin sintezini düzgün qura biliblər.

Vətənpərvərlik təkcə indiki zamana dair hiss və düşüncələrimizlə deyil, həm də gələcək üçün hisslərimiz, ideallarımız və məsuliyyətlərimizlə əlaqəli bir anlayışdır. Bu kontekstdə gələcək nəsillərə miras qoyacağımız vətən sevgisi, onlarda vətən sevgisini aşılamaq baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə də vətən sevgisi təkcə keçmişdə yaşamış əcdadlarımıza, bu torpaqlar uğrunda vuruşmuş görkəmli Azərbaycan sərkərdələrinə, Vətən müharibələrində şəhid olmuş oğullara minnətdarlıq borcu deyil, həm də gələcəkdə vətənin əmanət ediləcəyi gənclərə qalmalı olan müqəddəs bir mirasdır.

Vətənini, millətini sevən insanların qəlblərindəki sevgi bəşəriyyət üçün faydalı olmağı prioritet edir. Əslində, vətənini sevən bir insan dünyanı sevir, ölkəsində sülh olmağını istəyən insanlar dünyada sülhü arzulayır. Nəticə etibarı ilə vətən sevgisi, xəmirində müqəddəslik və mənəviyyat olan xüsusi bir məfhumdur. Mənəviyyatı olan insanlar vətən üçün ölür, mənəviyyatsız insanın vətən sevgisi də saxtadır. Unutmaq olmaz ki, qəlbi vətən sevgisi ilə dolu olan insanlar təkcə öz ölkəsi üçün deyil, həm də dünya üçün faydalıdırlar. Uşaqların vətənpərvər ruhda böyüməsi, gəncliyin milli tərbiyə alması bir dövlətin gələcəyinin qarant altına alınması deməkdir.

Digər xəbərlər