PDF Oxu

Köşə

  • 6 351

Soyuq vətəndaş müharibəsi - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

“Bu camaata nə olub ki, az qala söz də anlamırlar!” (Quran, Nisa 78)

Vətəndaş müharibəsinin odlu silahlarla kütləvi qarşıdurma, qardaş qırğını forması yaxın tariximizdən yaxşı məlumdur. Lakin, onun bu yazımızda danışacağımız soyuq forması da var ki, son illərdə xeyli şiddətlənib.

Xaos dövrünün- 90-cı illərin isti hesablaşmaları, indi “soyuq müharibə” müstəvisinə keçib. Kriminal hadisələrin sayı getdikcə artır. Mətbuatı, televiziyanı, sosial şəbəkələri bircə gün izləmək kifayətdir ki, zorlama, intihar, bıçaqlanma, oğurlanma, zəhərlənmə, güllələnmə, əlbəyaxa dava və s bu kimi soyuq vətəndaş müharibəsi elementlərinin getdikcə çoxaldığını görəsən. Cəmiyyət artıq belə xəbərləri adi hadisələr kimi qəbul edir və xüsusi maraqla izləyir.

Bir-birinin maşınına yol verməmək və ya yanındakı qıza başqasının baxması üstündə baş verən qanlı davalarda bir vaxtlar amerikan kinolarında gördüyümüz mənzərələri indi real görürük. Bəzən münasibətləri aydınlaşdırmaq üçün tapança və ya avtomatla hesablaşırlar. Yaxşı ki, bu ölkədə odlu silah saxlanması qadağandır, yoxsa hər gün şəhərin ortasında adamlar bir-birini güllələyər...

Mənəvi deqradasiya nəticəsində cəmiyyətdə vahid dəyərlər yoxdur. Hərənin öz dəyərləri var. Dindar qrup onlarla təriqətə bölünüb, hər kəs digər dinə, təriqətə mənsub olanı kafir sayır, hətta bir-birinə əsəbiləşəndə “sənin qətlin vacibdir” deməkdən də çəkinmir.

Liberallar bütün mənəvi dəyərlərə tüpürməyi təbliğ edir. Siyasi fəalllar müxtəlif kiçik partiyalar arasında bölünüb, hər kəs başqasını satqın, saxtakar hesab edir. İdeoloji bölünmə də sürətlə gedir- Millətçi, avropaçı, amerikançı, ruspərəst, iranpərəst, ərəbpərəst, kosmopolit, leberal, sosialist, qlobalist... hətta satanist!

Sosial ədalət tam təmin olunmayanda sosial qruplar arasında uçurum böyüyür. Evdə körpəsi acından və ya xəstəlikdən ölən insanın yanından bir harınlamış müxtəxor 150 minlik maşınla keçib onu palçığa batıranda nifrət pik həddə çatır…

Yad adamlar bir yana, son vaxtlar müharibə keçib qohumlar arasına və ailə daxilinə. Ata qızını zorlayır, oğul anasını öldürür, qardaş bacısının başını kəsir, ana körpəsini boğur... Nə baş verir?

Bu suala cavab vermək üçün nəticələrlə uğraşmaq yox, problemin səbəblərini araşdırmaq lazımdır. Bəs problemin əsas səbəbləri nədir? Qruplaşdırsaq, burda fiziki-bioloji (1), mənəvi-psixoloji (2) və sosial-iqtisadi (3) faktorların böyük rolu var. Bir az açıqlayaq.

1-ci faktor. Qida terroru. GMO və süni kimyəvi qidaların, psixotrop maddələrin insanlarda ciddi problem yaratdığı məlumdur. Genetik kodların, bioloji strukturun dəyişməsi aqressiv, ruhsuz, duyğusuz insanlar yetişdirir. Belələri adamı uf demədən milçək kimi əzib öldürərlər. Bir çox müasir “qidaların” insanı zombiləşdirdiyini dünyanın nüfuzlu alimləri dəfələrlə bəyan ediblər. Qidaların psixologiyanı dəyişməsi isə artıq çoxdan elmi sübut olunmuş faktdır.

2-ci faktor. Psixotron terror. Media fasiləsiz olaraq dəhşət saçır- kriminal xəbərləri ən incə təfərrüatları ilə (başını belə kəsdim, ciyərini belə çıxardım filan) evlərə doldurur. Efiri bürüyən amerikan kinoları mənzillərə qan, ölüm, qırğın saçır. Şoular, seriallar, reklamlar… açıq mənəvi terror aparır, qadınlara ərinə necə xəyanət etməyin asan və üstü açılması mümkün olmayan yollarını öyrədir. Mediadan və internetdən durmadan əxlaqsızlıq, fahişəlik, qeyrətsizlik, özbaşınalıq, boşanmalar, nigahdankənar cinsi əlaqələr təbliğ olunur. Gənclərə mənfi obrazlar nümunə göstərilir. Nəzarətsiz buraxılmış uşaqlar qorxunc multfilmlərlə, dəhşətli komputer oyunları ilə psixi xəstəyə çevrilir...

3-cü faktor. Sosial-iqtisadi problemlər. İşsizlik, evsizlik, yoxsulluq gəncləri ailə qurmaqdan çəkindirir, zərərli vərdişlərə meyilləndirir. Kasıb olduğu üçün aşağılanan, təhqir olunan adamda imkanlı şəxslərə qarşı güclü qəzəb və qıcıq yaranır. Məsələn, bir oğlana kasıb olduğu üçün qız verilməyəndə, pulu olmayan şəxs cəmiyyətdə adam yerinə qoyulmayanda onda hər kəsə nifrət formalaşır. Hər hansı bir qarşıdurma zamanı yığılmış bu qəzəb enerjisi bomba kimi partlayır...

Səbəblər aradan qaldırılmasa, soyuq vətəndaş müharibəsi də dayanmayacaq.

Digər xəbərlər