Köşə

  • 3 053

Cəzasız buraxılan körpə qatilləri – KÜNCDƏN BAXIŞ

image

2024-cü ilin ilk yarısı üçün 42 mindən artıq abort faktı qeydə alınıb. Bu, ildə 80 min abort cinayəti deməkdir. Bu göstərici artıq SOS siqnalıdır. Bir neçə il əvvələ nisbətən abort sayında 2 dəfə artım olub ki, bu fakt qorxunc bir faciəvi vəziyyəti açıq şəkildə göstərir. Bu hələ də rəsmi qeydiyyata alınan hallardır. Real rəqəmin dəfələrlə çox olduğu güman edilir.

Abortlar faktiki olaraq qətl hadisəsidir. Bu, hələ doğulmağa imkan tapmamış körpələrə qarşı fiziki terror, ananın sağlamlığının məhv edilməsi deməkdir. Abortlar bir cəmiyyəti xəstə vəziyyətə salır, demoqrafik vəziyyəti ağırlaşdırır, milli genefondu məhv edir. Yəni, abort ən qorxunc və ən dəhşətli bəladır. Xüsusən də, selektiv abortlar daha təhlükəlidir, hansı ki biz bu sahədə dünyada ilk yerlədən birini tuturuq.

Səbəblərə gəldikdə, burada sosial problemlərlə yanaşı, mənəvi psixoloji problemlər də mühüm roy oynayır. Şəxsən mən hesab edirəm ki, abortların arasında ən çoxu elə mənəvi səbəblərdən yaranan abortlardır ki, burda da cəmiyyətin əxlaqi dəyərlərinin getdikcə daha çox deqradasiya olduğunu görürük.

Ana bətnindəki körpələrin abort edilərək öldürülməsinin heç bir bəraəti ola bilməz. Yalnız doğuşun qadının həyatına təhlükə törədəcəyi halda mümkün sayıla bilər. Müşahidələrə görə, abortların yalnız 1-2 faizi son məcburiyyət halında edilir.

Tibbi araşdırmalara görə, ana bətnindəki embrionun ürək döyüntüləri 18 gündən sonra başlayır, 40 gün sonra baş beyinə impulsların getdiyi müşahidə olunur, 6-7 həftədən sonra müstəqil hərəkətə başlayır. Yəni söhbət tam bir insandan gedir.

Yəni, ana bətnindəki uşağı öldürməklə, küçədəki hər hansı bir şəxsi öldürmək arasında heç bir fərq yoxdur. Maraqlıdır ki, qanunlar hər hansı bir qətlə ağır cəzalar verdiyi halda, körpələrin göz qabağında açıq şəkildə qətli həyata keçirildikdə buna nə qanun, nə də bir başqası reaksiya verir. Açıq şəkildə ölkədə hər gün yüzlərlə qətl törədilir. Buna görə cinayət məsuliyyəti olmadığından kim necə istəyir eləcə də hələ doğulmamış körpəsini öldürür.

Abortun vurduğu ziyanlardan biri də gələcəkdə anormal, fiziki və əqli qüsuru olan uşaqların doğulmasıdır. Anaların əvvəllər tez-tez abort etməsi ilə əlaqədar hər il minlərlə uşaq vaxtından qabaq doğulur və bu uşaqlar çox zəif və qüsurlu olur.

Bu gün dünyada mövcud olan dinlər də abortu qadağan edir. Yalnız doğuşun qadının həyatına təhlükə törədəcəyi və sağlamlığına zərər vuracağı halda bu, mümkün sayılır. Abortların sayına görə ən aşağı göstərici dinin hakim olduğu ölkələrdədir. Belə ölkələrdə il ərzində 1000 qadına 10 abort düşür. Digər ölkələrdə bu göstərici hər 1000 qadına 20-80 abort arasında dəyişir.

Bəzi ölkələrdə abortların edilməsinə qarşı daha mühafizəkar qanunlar var. Hətta, bəzi Avropa ölkələrində belə, abort etmək qadağandır və abort edən şəxs sərt cəzalandırılır.

Azərbaycan qanunvericiliyində aborta məcbur və təhrik etməyə görə islah-əmək koloniyalarında cəza nəzərdə tutulub. Lakin könüllü aborta görə cinayət məsuliyyəti yoxdur. Faktiki olaraq, abort birbaşa qətl hadisəsidir, insan öldürməyə görə verilən cəzalar burada da tətbiq edilməlidir. Uşaq qatilləri ciddi cəzalandırılmalıdır, burada iştirak edən həkim də, ailə üzvləri də.

Abortlar geniş planda baxıldıqda milli təhlükəsizlik məsələsidir. Bu proses gələcəkdə ağır fəsadlar verəcək. Bunun qarşısını almaq üçün nə dövlət, nə də cəmiyyət heç bir tədbir görmür. El arasında “arvad-uşaq komitəsi” adlandırılan orqan dövlətin pullarını boş yerə xərcləməklə məşğuldur və bu sahədə heç bir effektiv iş görmür, hansısa ciddi təbirlər həyata keçirmir, nəzarət etmir.

Bu milli fəlakətdən xilas olmaq üçün təcili şəkildə dövlət bu məsələ ilə bağlı ya xüsusi proqram qəbul etməlidir, ya da bu sahə üzrə geniş səlahiyyətlərə malik xüsusi dövlət orqanı yaradılmalıdır. Bu sahəyə çox ciddi nəzarət olunmalıdır və çox sərt cəzalar qoyulmalıdır.

Digər xəbərlər