Köşə

  • 2 873

Dəyişib inkişaf edirik? Hansı istiqamətdə? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Son vaxtlar maddi dəyərlər mənəvi dəyərləri üstələyib. İnsanlarda depressiya, stress artıb. Hiyləgərlik üsulları xeyli rəngarəngləşib və təkmilləşib. Ümumi cəmiyyət maraqları şəxsi maraqlara qurban verilir. Əsas məqsəd çoxlu pul qazanmaq, vəzifə, şöhrət əldə etmək və özünü başqalarından üstün göstərmək üzərində fokuslanıb. Qanunu, qaydanı pozmaq, dəyərlərə tüpürmək üstünlük sayılır, başqalarından fərqlənmək (bu hətta pis şeylərdə olsa belə) azarı gənclər arasında geniş yayılır.

Hətta gərgin münasibətlər ətraf mühitdən ailə daxilinə keçib və məhz bu səbəbdən münaqişələrin, boşanmaların və ailədaxili qətllərin sayı artır. Böyük sözünü vecinə alan da yoxdur. Bir çox gənclər açıqca deyirlər ki, biz hər şeyi bilirik və doğru edirik, siz yaşlı nəsil heç nə bilmirsiniz və səhv edirsiniz. Lakin reallıq bütün dövrlərdə və bütün ölkələrdə olduğu kimi tam əksini göstərir.

Heç kim etiraz etməz ki, son vaxtlaradək milli-mənəvi dəyərlərimiz həyatımızın əsas sütunu idi. El arasında yazılmamış qanunlar adlandırılan ictimai davranış kodeksləri var idi və buna əməl olunurdu.

İnsanlar bir-biri ilə ədəb-ərkanla davranır, böyük-kiçik, qadın-kişi yeri bilinirdi. İctimai yerlərdə şit hərəkətlər, ucadan mahnı oxutmaq, dar keçidlərdə yolu kəsərək söhbətləşmək və ya zarafatyana süpürləşmək, ucadan danışmaq, hara gəldi zibil atmaq, avtobusda sürücü ilə söyüşmək, lütlənib efirə çıxmaq və əxlaqsızlıq təbliğ etmək... yəqin ki, heç kimin ağlına belə gəlmirdi.

Bəs, sonra nə baş verdi ki, situasiya 180 dərəcə dəyişdi? 21-ci əsrə keçid sanki başqa bir dünyanı gətirdi. Pul və vəzifə uğrunda amansızcasına mübarizə mənəvi dəyərləri tədricən arxa plana keçirdi.

Təhsilə, elmə, mədəniyyətə marağı əyləncənin əvəz etməsi, ağsaqqal-qarasaqqal münasibətlərinin çərçivədən çıxması, TV-lərdən şou, serial və kriminal verilişlərlə kütləvi əxlaqsızlaşma, psixotron terror, davamlı reklam təcavüzü ilə zövqlərin, xüsusiyyətlərin, davranışların, dəbin hansısa şübhəli xarici mərkəzlərdən formalaşdırılması... siyahı təəssüf ki, xeyli uzundur. Bu psixotron terror mənəvi zombiləşmənin əsasını qoymaqdadır...

Mediada, sosial şəbəkələrdə təhqir, böhtan, şantaj yalan xəbər yayıb çoxlu izləyici əldə etmək və pul qazanmaq daha ayıb sayılmır. İnternet məkanda biabırçılıq baş alıb gedir. Televiziyalar daha çox mənfi şeyləri təbliğ edir, maddi dəyərlərin mənəvi dəyərlərdən üstün olduğunu “göstərirlər” (burada əlbəttə dövlət və ictimai televiziya kanallarını istisna etmək lazımdır, onlar hələ də televiziyanın əsas funksiyasını unutmayıblar).

Başqa cəmiyyətlərdə olduğu kimi bizim cəmiyyətdə də yad qüvvələr tərəfindən məşhur “Overton pəncərəsi” tətbiq olunur, dəyərlərin tədricən dəyişilməsi prosesi aparılır. Bu “Overton pəncərəsi” haqda oxuyun, prosesin necə aparıldığını görəcəksiniz, hər şeyə sizə aydın olacaq.

Bəli bu gün, yad dəyərlər, xüsusi nəzəriyyələr və peşəkar təcrübələrlə hər şey tədricən dəyişdirilir. Bunun nəticəsində, indi müsbət şeylər mənfi sayılır, mənfi şeylər müsbət. Mənfilər çoxaldıqca müsbətlər azalır. Azlıq isə gec-tez çoxluğa tabe olmalı olur.

Həqiqəti deyəni, nöqsanlarımızı üzə çıxaranı, düzəltməyə çalışanları, mənəvi dəyərləri müdafiə edənləri “geridə qalmış” adlandırır və az qalırlar linç edələr. Cəmiyyətin nöqsanlarını deyən, onu düz yola dəvət edən “kefli isgəndər”ləri vurub öldürməyək. Mirzə cəlilləri, haqverdiyevləri, sabirləri, nərimanovları, hacıbəyovları, cəfərləri, zərdabiləri... xalqın uğrunda çıraq kimi yanmış mütəfəkkirləri, mənfi adətlərə, cəhalətə qarşı böyük bir qüvvənin qarşısında qorxmadan mübarizə aparanları da belə etmişdik. Hərəsini bir cür çərlədib öldürdük. Lakin onların davamçıları dayanmadı, ideyaları, amalları ölmədi, yaşadı və xalqımızı da yaşatdı.

İndiki qloballaşma dövründə milli-mənəvi dəyərlərimizi daha çox qorumalıyıq, çünki indiyədək heç vaxt olmadığı qədər güclü təzyiq və terror altındadır. Elmə-təhsilə daha çox fikir verib irəli getməliyik. Sağlam düşüncəli, savadlı uşaqlar yetişdirib tərbiyə etməli, xalqımızı, ölkəmizi dünyanın inkişaf etmiş ölkəsinə çevirəcək insanları qorumalı, küçə müğənnilərini və yarıçılpaq modelləri dinləmək əvəzinə alimləri, ziyalıları dinləməliyik. Yalnız bu yolla bir millət kimi yaşaya və inkişaf edə bilərik. Azərbaycançılıq ideologiyasına və milli-mənəvi dəyərlərə söykənməklə.

Digər xəbərlər