Köşə

  • 2 981

Təhlükədə olan təhlükəsizliyimiz - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

İnformasiya müharibəsi getdikcə daha fərqli müstəvilərə keçir. Son vaxtlar baş verənlər göstərir ki, nəinki peşəkar agent, adi bir küçə uşağı da saxta bir informasiya ilə savadsız kütlənin başına nə oyun desən aça bilər, onun fikrini, münasibətini hara istəsən yönəldə bilər. Küçə dezinformasiyalarına reaksiyalar göstərir ki, nəinki kütləni, özlərini ziyalı, jurnalist, ictimai xadim sayanların çoxunu da asanlıqla avam yerinə qoyub aldatmaq mümkündür- necə ki, çox uzun müddətdir belə də edirlər.

“Deyirlər, filan şey filandır”, “eşitdiyimə görə, filan hadisə olub”, "feysbukda yazmışdılar ki, filankəs…”, “vatsapda yayılıb” söhbətləri ilə istənilən məlumatı sürətlə hamıya yaymaq və azı 80-90 faiz insanı buna inandırmaq mümkündür.

Bu dezinformasiya sisteminin çox fərqli istiqamətləri və fərqli üsulları var. Məsələn, neçə illərdir sosial şəbəkələrdə bir saxtakarlıq metodu tətbiq olunur- bir nüfuzlu liderin və ya ictimai şəxsin şəkli qoyulur, altında istənilən fikir yazılır, şərhlərdə yüzlərlə, minlərlə aldanmış adam başlayır onu söyməyə. Heç kim tələb etmir ki, ay adam, zəhmət olmasa bu adamın bu sözü dediyi video materialı bura qoy görək.

İstənilən nüfuzlu şəxsi, təşkilatı, şirkəti ləkələmək üçün onun rəqibləri və ya düşmənləri sosial şəbəkələrdə və ya hansısa saytda bir saxta kompramat yayır, sonradan bunun yalan olduğu ortaya çıxsa belə, artıq cəmiyyətdə lazımi rəy yaradılıb və təkzib məlumatı onların çox azına çatır. Üstəlik, ilkin mənbəni də əksər hallarda bilımək, tapmaq olmur. Çünki ilk mənbələr saxta sosial şəbəkə hesabları və ya xaricdəki saytlar olur.

Daha bir metod da milli və dövlət mənafeləri əleyhinə yayılan dezinformalarla bağlıdır. Bu işlə əsasən xarici agentura şəbəkələrinin nüfuz agentləri peşəkar şəkildə məşğul olur. Hətta bu yollarla etnik, dini, sosial, siyasi motivli qarşıdurmalar da təşkil etmək mümkündür, necə ki bəzi ölkələrdə bunu dəfələrlə effektli şəkildə təcrübədən keçiriblər.

Bu sistemdən daha çox, qərb dövlətlərinin texnoloqları geniş istifadə edir və öz düşmənləri olan ölkələr və qüvvələr haqda mənfi rəy yaratmaq üçün uğurla tətbiq edirlər. Digər ölkələr də bu metodlardan bəhrələnir.

Bunların tələsinə milyonlarla savadsız adam düşür və beləliklə “su qiymətinə” ictimai rəy formalaşdıra bilirlər. Bəziləri isə sadəcə savadsız gənclərdir- hardasa belə bir dezoya rast gəlib və bu da başlayıb davam etdirməyə. Belələri özləri də bilmədən hansısa xarici dairəyə işlədiklərini və ondan alət kimi istifadə edildiyini belə anlamır.

İnformasiyanın ən qiymətli və ən vacib şey olduğunu informasiya əsrində daha aydın görmək olur. Xüsusən də gəncləri və savadsız şəxsləri aldatmaq daha asandır. Onlar bir neçə saxta informasiya ilə rahatca tələyə düşürlər və özləri də bilmədən xarici qüvvələrin informasiya ordusunda müftə xidmət edirlər.

Yalnız savadlı, təcrübəli, ağıllı, məntiqli adamları aldatmaq mümkün deyil. Onlar belə saxta dezoları görəndə- “zəhmət olmasa mənbə göstərin”, “rəsmi sənəd göstərin”, “yazdığınızı sübut edin” deyə tələb edir və yalanı ifşa edirlər. Təəssüf ki, belələri çox azdır. Hamı belə etmədikcə, savadsız kütlənin başına nə oyun desən açmaq olacaq.

Belələrini sıradan çıxarmaq üçün çox sadə yolu var- onları kütləvi şəkildə blok etmək. Lakin kütlə bunu edəcək deyil. Çünki hansı informasiyanın hansı qüvvələr tərəfindən nə məqsədlə ortaya atıldığını dərk edə bilmir. Dərk edənlər isə nəsə etmirlər. Bu isə ölkəmizin və cəmiyətimizin informasiya təhlükəsizliyinin təhlükədə olduğunun göstəricisidir.

Ona görə də, dövlət informasiya təhlükəsizliyini təmin etməlidir. Təklif edirəm ki, sosial şəbəkələrə, saytlara həm dövlət, həm ictimai nəzarət mexanizmləri formalaşdırılsın. Bilərəkdən saxta məlumat yayan mənbələr aşkar olunaraq sərt cəzalandırılsın. Xarici mənbələrdən belə məlumat yayan resurslara ölkə ərazisindən giriş qadağan edilsin, qlobal sosial şəbəkələrdə belə məlumatlar yayılanda müəyyən üsullarla həmin profil və ya səhifə blok edilsin. Bu kimi digər tədbirlər də görülməlidir. Əks halda, təhlükəsizliyimiz təhlükə altında qalacaq.

Digər xəbərlər