Köşə

  • 3 630

Milli mənəvi deqradasiya güclənir: xilas yolu nədir? – KÜNCDƏN BAXIŞ

image

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, bu ilin ilk yarısında 22250 nikah və 10430 boşanma halları qeydə alınıb. Bu 50 faizlik boşanma deməkdir və dünyada ən acınacaqlı vəziyyətlərdən biridir. Lakin problem təkcə boşanmalarla da bitmir. Evlənənlərin sayı da kəskin azalır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,4-ə düşüb. Bu, açıq şəkildə ailə institumuzun dağılması və milli genefondumuzun məhvə getdiyinin göstəricisidir. Bəs bu faciəvi vəziyyətin səbəbləri nədir, necə qarşısını almaq olar?

Həm boşanmaların ildırımsürətli artmasında həm də evlənmələrin kəskin azalmasında 2 əsas səbəbi var. Birincisi, mənəvi-psixoloji deqradasiya, ikincisi sosial-maddi problemlər.

Mənəvi deqradasiyanın səbəbi “müasirlik”, “azadlıq” adı altında aparılan təbliğatlardır. Gənclərə təbliğ olunur ki, qətiyyən evlənməyin, karyera qurun və gələcəkdə (30-35 yaşda) evlənmə məsələsinə baxarsınız. Gənclərə daim əyləncə təbliğ olunur və onlara deyilir ki, evlənib ailəyə diqqət, qayğı göstərib pul xərcləməkdənsə, bunu özünüzə sərf edin. Yəni, gənclər eqoist bir əhval-ruhiyyədə formalaşdırılır. 20-30 ildir davamlı aparılan təbliğatın nəticəsi dəyərləri, düşüncələri çox mənfi istiqamətdə dəyişdirib və buna da heç kim “dur” demir. Bu işdə özəl televiziyaların əvəzolunmaz rolu var. Son dövrdə isə interneti və sosial şəbəkələri də bura aid etmək olar. Tanınmış və imkanlı müğənnilər, psixoloqlar bu istiqamətdə açıq aydın təbliğat, daha doğrusu psixotron terror kampaniyası aparırlar.

Boşanmaların əsas səbəbi bəzilərinin dediyi kimi, maddi problemlərlə bağlı yox, daha çox mənəvi deqradasiya ilə bağlıdır. Çünki 3 ciddi və təkzibolunmaz arqument maddi faktoru tamamilə təbzib edir;

Ən ağır sosial iqtisadi böhranlar, aclıq dövrlərində belə boşanmalar aşağı səviyyədə idi. Hazırda da imkanlı şəxslər arasında boşanmalar az imkanlı ailələr arasında olduğundan xeyli çoxdur. Dünyanın bütün maddi cəhətdən zəngin ölkələrində boşanmalar yüksək, yoxsul ölkələrdə çox aşağıdır.

Beləliklə, aydın olur ki, maddi çətinliklərin boşanmalarda rolu çox cüzu ola bilər. Bu, konkret olaraq, mənəvi böhranla bağlıdır.

Lakin evlənmələrin azalmasında mənəvi böhranla yanaşı sosial problemlərin də ciddi rolu var. Yoxsulluq, işsizlik, evsizlik kimi sosial problemlər evlənmələrin kəskin azalmasına səbəb olur. Ölkədə iş yerlərinin az olması, mövcud iş yerlərində də maaşların aşağı olması gəncləri evlənməkdən çəkindirir. Üstəlik, bu gün Azərbaycanda gənclərin 90 faizinin ev almaq imkanları yoxdur. Ev ala bilməyəndə də bizdəki maaşla yalnız kirayə pulunu ödəmək mümkündür. Ona görə də, evi olmayan, tək özünü belə dolandıra biləcək qədər maaş ala bilməyən gəncdən evlənməyi gözləmək olmaz.

Bununla belə, bu, yeganə səbəb deyil. Mənəvi səbəblər də var. Bu gün “müasir” təfəkkürdə olan gənclər evlənmək istəmirlər, onlar eqoist əhvalda formalaşıb və yalnız öz əyləncələri üçün yaşamağa üstünlük verirlər.

Bununla da milli genefondumuza və ailə institutuna ciddi zərbə dəyir və biz həm mənəvi dəyələrimizi itiririk, həm də demoqrafik böhrana doğru gedirik. Evliliklərin azalması, ailələrdə uşaq sayının azalması, əhalinin sayında yaşlıların payını artırır, uşaq və gənclərin payını azaldır. Beləliklə, əhalinin qocalması, artımın dayanması baş verir və proses əksinə dönür.

Əhalinin azalması ciddi strateji təhlükədir, qarşısı alınmasa, bir neçə onillik sonra isə millət və cəmiyyət olaraq tarixdən silinib gedirsən. Bu səbəbdən bütün ölkələr, ailələrin artması, uşaq sayının çoxalması üçün çoxsaylı tədbirlər həyata keçirirlər. Ailə quranlara yardımlar, uşaqpulu, müxtəlif güzəştlər tətbiq olunur. Gənc ailələrə güzəştli şərtlərlə ev almaq imkanı yaradılır, çoxuşaqlı ailələrə özünüməşğulluq üçün təminatlar verilir.

Bizdə də artıq uşaq doğumu və ailə qurulması sayı kəskin azaldğı halda, bunun qarşısını almaq üçün heç nə etmirik. Üstəlik, evlənmələrin azalmasına və boşanmaların artmasına da hər cürə şərait yaradırıq. Ailələr üçün ciddi sosial dəstək yoxdur. Mənəvi dəyərlər əleyhinə təbliğat isə tam gücü ilə aparılır.

Bu iki səbəb aradan qaldırılmasa, tezliklə, ailə instutumuz tam dağılacaq, milli genefondumuz ciddi zədələnəcək, demoqrafik vəziyyət pisləşəcək. Dolayı yolla bu dövlətin sosial yükünü və iqtisadi problemlərini də artıracaq. Son nəticədə əhalinin azalması ilə millət olaraq yoxa çıxmaq və iqtisadi gücümüzü itirməklə qarşılaşacağıq.

Bu, strateji milli təhlükəsizlik məsələsidir. Düçar olduğumuz faciənin qarşısını almaq üçün mənəvi dəyərlərimiz əleyhinə təbliğat, psixotron terror dayandırılmalı, ailələrə sosial dəstək proqramları həyata keçirilməlidir. Başqa xilas yolu yoxdur.

Digər xəbərlər