Köşə

  • 1 952

İnternet benzinlə işləmir "cənablar"!

image

Bu gün dünyada elə bir yer-bucaq tapılmaz ki, oranı internetsiz təsəvvür edəsən. Artıq bütün kainat ən sadə işləri də internet yolu ilə reallaşdırır. Dağdakı çobandan tutmuş ən iri meqastar şəhərlərdəki iri müəssisə və holdinqlərə qədər hər kəs işini cib telefonundakı internetlə idarə edir. Zaman bu zaman...Maşallah, min dəfə maşallah olsun ki, bizim ölkəmizdə də ilk gündən internet elə sürətlə yayılıb özünə elə yer edib ki, cəmiyyətdə yaşından, pulundan, sosial statusundan asılı olmayaraq hər kəs - evdar xanımlar və məktəb şagirdləri, pensiyaçı nənə və babalar əllərində mobil telefon vatçap, tik-tok şəbəkələrində gün keçirirlər. Bir qisim əhalimiz internetdən iş-gücünü aşırmaq üçün yararlanırsa, böyük bir hissəmiz bu vacib dünya texnologiyasından laqqırtı vurmaq, “qız tutmaq”, tik-tokdakı gic-gic videoları acgözlüklə izləmək üçün istifadə edirlər. Amma adı üstündədir, əsas odur İSTİFADƏ EDİRİK, vəssalam! Həm də biz elə aşırı şəkildə internet xəstəsi olmuşuq ki, hətta gecələr tik-tok, vatçap arxasında yuxuya gedən əhali sayımız dünya rekordu vurur. Bizim də bu “yenilik xəstəliyimiz” olmaya da. Dünyada yeni nə icad olunursa “ondan bizdə də olmalıdır” yarışına giririk. Faydalanmasaq da dadına baxmalıyıq axı... Yəni bir sözlə, bizim üçün internet “hər şeydir” anlamına gəlir.Hə, elə bu internet həvəsimizə görə Azərbaycanda internet xidmətlərinə görə ödənilən qiymətləri bahalaşdırmaq qərarına gəliblər. Öncə məlumatı olduğu kimi oxuyaq: “Aztelekom”un yaydığı məlumata görə, avqustun 15-dən Azərbaycanda əhaliyə təklif olunan aylıq İnternet paketlərinin minimal qiyməti və sürəti artırılacaq. Minimal qiymət 18 manat idi və bu ödənişlə vətəndaş 40 Mbit/s sürət əldə edə bilirdi. Sonuncu dəyişikliklə isə minimal sürət 100 Mbit/s-yə olacaq və bunun üçün minimal ödəniş 25 manat nəzərdə tutulub. Oxşar məlumatı “CityNet”, “AiləTV” də yayıb. Bildirilib ki, hazırkı tarif şərtləri cari ilin avqust ayının 2-dək qüvvədədir.
Vəssalam! Bəhanə də hazırdır – internetin sürətini artıracayıq! Adım kimi əminəm ki, qiymət 25 manata qaldırılsa da heç bir sürət dəyişkliyi olmayacaq. Ən dəhşətlisi budur ki, sadə vətəndaşlar 25 manatlıq xidmət haqqı əvəzində vəd edilən sürətli internet “xoşbəxtliyindən” dadası olmayacaqlar. Onlara qarşı sadəcə "çəkidə oğurlamaq" prinsipi tətbiq ediləcək.Ay tünbətün olmuşun oğlu, sən məni hər ay ödədiyim 18 manatlıq 40 Mbit/s internet sürəti ilə düz-əməlli təmin etmirsən və ya da bunu etmək istəmirsən və yaxud mənim internet payımdan kəsib başqa maxinasiyalarında istifadə edirsən, indi də durub qərara gəlirsən ki, öhdənə götürdüyün iş üçün əlavə pul almalısan insanlardan? Bu cibəgirmə cinayətidir, başqa heç nə. Kim bunlara icazə verib ki, ağlına gələn qiymət artımını elan etsinlər? Axı bu, benzin deyil, kartof-soğan deyil, nəyə əsaslandırıb bunu edə bilərsən? Sözsüz ki, haralardansa “dobro” alıb edirlər bunu. Bu gün Azərbaycanda rəqabətsizlik şəraitində olan internet “bossları” ödənilən xidmət haqqının əvəzinə heç vaxt normal internetlə abinəçini təmin etmirlər. Özüm 23 ildən çoxdur ki, mətbuatda çalışdığım üçün əla bilirəm ki, bizim internet provayderlərimiz həmişə sürətli internet əvəzinə sürünən, əsəb xəstəliyi yaradan internetlə başımızı qatıblar. Azərbaycanda əksər hallarda ən iri şirkətlərdən başlamış evdar xanımlara qədər hamı internetin yerlə sürünməsindən, əsəb, gərginlik mənbəyi olmasından danışır. Hər kəs şikayətçidir, giley-güzar edir. Niyə?
Çünki heç bir internet şirkəti əhalidən aldığı xidmət haqqı əvəzinə abunəçini normal internet xidməti ilə təmin etmir. İndi də bu hoqqanı çıxarırlar əhalinin başına. Axı hazırda 18 manatlıq internet paketi işimə yarayırsa, mən niyə daha sürətli əlavə internet xidmətinə görə 25 manat ödəməliyəm? Seçim abunəçinindir, mənə bu sürətdə internet bəs edir, amma sən mənə şərt qoyursan ki, 25 manatlıq internet xidmətinə keçəcəksən. İstəsən də budur, istəməsən də. Bu əsl gülünclükdür, bu əsl DƏLƏDUZLUQDUR!
Əslində, internetin sürətinin keyfiyyət məsələsinə diqqət yetirilməli, keyfiyyətə uyğun da qiymətlər tənzimlənməlidir. Burada isə açıq-aşkar camaatın cibinə girmək, dələduzluğun işartıları görünür. İndi hərkəs əla bilir ki, internet bazarında ciddi antiinhisar, sui-istifadə halları və qiymət şişirtmələri var. bu, əhali arasında ciddi narazılığa səbəb olur. İnternet istifadəçilərinin hissləri ilə oynamaq, əhalini narazı salmaq sosial gərginliyə yol açır. Görəsən bunu anlamırlarmı? əla anlayırlar, nə isə... Başqa bir tərəfdən, sürəti qaldırmağı əsas gətirməklə qiyməti də bahalaşdırmaq uşaq başı aldatmaq kimi bir şeydir.Bəs qonşu ölkələrdə vəziyyət necədir internet sahəsində? Gəlin təkcə Rusiyadakı vəziyyətə nəzər salaq. Rusiyadakı “Bilayn” şirkəti vətəndaşlara saniyədə sürəti 500 m/b olan ev internetinin bir aylıq ödəniş haqqını Azərbaycan manatı ilə 2 manat 89 qəpik müəyyən edirsə, Azərbaycanda “Baktelekom” bir aylıq ev interneti üçün 18 manat xidmət haqqı alır və indi də həmin qiyməti 40%-ə qədər bahalaşdırıb, aylıq ödəniş haqqını 25 manat müəyyənləşdirir ki, bu da Rusiyada “Bilayn” şirkətinin insanlara təklif etdiyi ev internetinin bir günlük qiymətindən 8,7 dəfə bahadır.Beləcə, internet tariflərinin süni şəkildə bahalaşması üçün günləri sayırıq. Onsuz da qiymət artımına öyrəşmişik, olmasın 18 manat olsun 25 manat...

Mətləb Salahov

Digər xəbərlər