Köşə

  • 2 069

Əlin qurusun, oğul!

image

Lalə Mehralı

Elə-belə gəlmirik dünyaya, anamızı incidə-incidə, yora-yora gəlirik. Dünyaya təbii yolla uşaq gətirən qadınlar bilər, doğuş bu dünyada verə biləcəyiniz ən böyük imtahan, doğuş sancısı isə çəkə biləcəyiniz ən dəhşətli ağrıdır. Qəribə və möcüzəli olan isə bu ağrı körpənin dünyaya gəldiyi saniyədə dəhşətli bir sevinc və sevgi hissinə çevrilir. Səbəbi qadın bədənində həmin an endofrin hormonunun istehsal edilməsidir. Yəni, orqanizm ananın əziyyət çəkdiyini anlayır və o ağrını təbii narkoz effekti verən endofrinlə yox etmək istəyir. Ana bədəni körpənin dünyaya gəlişinə bu cür möczəvi reaksiya göstərir, özü öz bədənini sakitləşdirir.

Ana olmaq şərtsiz sevməkdir, əvəz gözləmədən özündən, vaxtından, sağlamlığından verməkdir, hər şeyə rəğmən dözməkdir, bağışlamaqdır, heç azalmayan şəfqət göstərməkdir, yorğun olsa belə yorulmamaqdır, durmadan öyrətməkdir, bezmədən qulaq asmaqdır, dəstək olmaqdır, məsuliyyət daşımaqdır, bacaracağımızı səbrlə gözləməkdir, fikri yanında qalsa da “öyrənsin” deyə məsuliyyət verməkdir, sonsuz suallara cavab verməkdir, kəşf etdiyimizlə qürurlanmaqdır, doğulan kimi göbək ciyəmiz kəsilsə də, ömür boyu görünməz bağlarla bağlı olmaqdır.

Ömrümüzü həsr etdiklərimiz qanımıza susayıb. Ana qanı tökməyə həris nə qədər potensial qatil yetişdirirmişik biz?! Nəyi düz eləmədik, harada oldu səhvimiz? Çoxmu əzizlədik, çoxmu dəyər verdik? Çoxmu sevdik balamızı?! Ya sevgisi əskik oldu? Diqqətimizi əsirgədik bəlkə?

İnanmıram ki başqa cəmiyyətlərdə də bizdəki kimi günah öləndə olsun. Analar günahkar olur özünü öldürtdüyü üçün, ölməyi normal olur boşandığı üçün, qətl edilməsi haqq olur uşağının psixologiyasını pozduğu üçün. Bütün bunları elə qadınlar deyir, qulaqdan-qulağa, ağızdan-ağıza, dildən-dilə yayılır. Hamı pıçıldaşır: “görəsən nə paxırı olub ki, oğlu bilib qanına bələyib?!”

Bu günümüzə də Natellanın öldürülməsi xəbəri ilə başladıq. İki övladını tək böyüdən, təhsil verən, xadimə, günəmuzd işlərdə işləyən 45 yaşlı bir ananın ölüm xəbərini oxudum bir az öncə. Öz doğduğu, böyütdüyü oğlu bıçaqlayıb öldürüb anasını. Xəbərin yükü çiynimi əzir, içimdən adam asılmış kimi dolaşdım bütün günü, nə yeyə bildim, nə içə, nə danışa bildim, nə gülə. O qatil övlad əzilirmi görəsən əməlinin yükü altında? Həm anasız, həm qardaşsız qalan bacısının üzünə necə baxacaq bundan sonra? Gecələr rahat yatacaqmı? Necə yaşayacaq bundan sonra əlindəki qanla? Udduğu hər qurtum su, aldığı hər udum nəfəs, yediyi hər loxma çörək ağı, zəhər olacaqmı görəsən ona?

Anasını öldürənlər dünən də vardı, bu gün də var, yəqin ki, sabah daha da çox olacaq. Hamısının bəhanəsi eynidir – namus. Natellanı öldürən də özünü bu cür müdafiə edəcək. Dünyanın ən namuslu qadını olsan da, qətlindən sonra bu cür damğa vururlar, ölüb, özünü müdafiə edə bilmir axı. Onu tanıyanlar nə qədər əksini desələr də, bütün faktlar əksini sübut etsə də. Anasını öldürən də həbsə namus üstə düşmək istəyəcək, ana qatili kimi yox. Nəticədə isə 5-10 il həbs yatıb çıxdıqdan sonra sinəsini gərə-gərə “namus üstə yatmışam” , -deyə gəzən parazitlərin biri də çoxaldı ətrafımızda. Biz də ana qatilləri ilə eyni havanı udmaq, eyni torpaqda gəzmək, eyni səmaya baxmaq məcburiyyətində qalacağıq. Yaşamaq hər gün bir az çətinləşir.

Digər xəbərlər