Köşə

  • 1 338

Putin Bakıya nə gətirmişdi, nə apardı?

image

Vladimir Putin Bakıya gəldi və getdi. Əlbəttdə Vladimir Vladimiroviçin Moskvadan sıxılıb gecəyarısı havasını dəyişmək və yaxud Dağüstü parkda Bakının gözəlliyini seyr etmək üçün paytaxtımıza gəldiyini düşünmürük. Axı internet əsrində, həttda yas yerlərində mollaların axirət dünyası və savab əməllər barədə danışmaq əvəzinə limonlu çaydan içib Donald Trampı, lap elə V.Putinin özünü müzakirəyə qoyduqları bir məmləkətdə əlbəttdə belə sadəlövh düşünənlər çətin tapıla. Çünki dünya siyasətində qanın su yerinə axıdıldığı, Rusiyanın özünün Ukrayna burulğanında can çəkişdiyi bir vaxtda keçmiş KQB çekistinin Qafqazın əsas respublikasına gecəyarısı gəlişi son dərəcə önəmli səfər olmalıdır. Həm də nəzərdən qaçırmayaq ki, Bakı elə bir strateji siyasi məkandır ki, ən kritik qərarlar məhz bu şəhərdə verilir. Bunun üçün təkcə NATO və Rusiya komandanlarının kritik görüşlərini xatırlatmaq kifayət edir.Başqa bir yandan, beynəlxalq sanksiyaların, NATO və Avropa İttifaqının şəxsən onun özünə qarşı amansız mövqe tutduğu bir vaxtda Kreml sahibinin Azərbaycana üz tutması ağıllara o qədər variantları gətirir ki. Gizli siyasi planlar, bölgə üçün son dərəcə həyati önəm daşıyan siyasi layihələr, Rusiyanın bölgənin yeni siyasi xəritəsinin ilkin konturları – Putin yəqin ki əliboş Bakıya gəlməyib. Ukraynada Qərb ilə əsəb müharibəsi keçirən və böyük hərbi toqquşmaya hazırlaşan Rusiya liderinin Bakıda özünün şəxsən əmin olmaq istədiyi mühüm məsələlər üçün gəldiyi də nəzərdən qaçırılmamalıdır.
Bu, sözün əsl mənasında sivilizasiyaların və ən müxtəlif siyasi sistemlərin müzakirə mərkəzi olan Azərbaycanın olduqca mühüm siyasi əhəmiyyətini ortaya qoyur. Əlbəttdə tarixi faktdır, mübaliğəsiz belədir. Həttda neçə gündür ki, erməni mediasında V.Putinin gecəyarısı Bakıya üz tutmasının arxasında dura biləcək ssenarilər üstündə baş sındırırlar. Məlumdur, erməniləri Putinin Bakı səfəri həm də 44 günlük müharibədən daha qorxulu ssenarilərin iqtisadi və siyasi meydanda işə salınması qorxudur. Çünki Nikol Paşinyanın anti-Rusiya isterikasından və Ermənistana Avropa İttifaqının və ABŞ-ın silah-sursatını yerləşdirməsindən sonra Kreml sahibinin Bakıya üz tutması həm də İrəvana tuşlanacaq qorxulu planların anonsu da sayıla bilər.Amma Rusiya bölgədə təkcə hərbi və siyasi məsələri öndə tutmur. İlk planda həm də regionun iqtisadi logistikası yer tutur. Zəngəzur dəhlizindən başlamış Azərbaycanın BRICS-ə daxil edilməsinə qədər mühüm iqtisadi planlar V.Putinin qoltuğundakı qovluqda yer alır. Əslində MDB ölkələri ilə sıx iqtisadi müttəfiqlik siyasətinə Rusiya çoxdan başlamalı idi. Həttda deyərdim 15-20 il əvvəl görməli olduğu, amma xeyli gecikdirdiyi işi bu gün görmək istəyir. Moskva keçmiş müttəfiqlərlə olan biganəliyə görə çox şey itirib. Bu, sadəcə inkaredilməz faktdır. Boris Yeltsinin dövründən qalan və V.Putinin hakimiyyəti zamanında da davam edən keçmiş sovet respublikalarına qarşı biganə, həttda bir çox hallarda yekəxana münasibəti heç kim unutmayıb. Ukraynada, Gürcüstanda baş verənlər məhz Rusiya rəhbərliyinin keçmiş müttəfiqlərinə olan biganə münasibətinin nəticəsində baş verdi. Co Baydenin keçmiş sovet respublikalarına xaos ixracı məhz Kreml başbilənlərinin öz səhvləri və yekəxana münasibəti ucbatından baş verdi. Moskva illərdir MDB ölkələrinə qarşı yürütdüyü yanlış siyasətin acılarını bu gün ən dəhşətli şəkildə çəkir. Rusiya rəhbərliyi keçmiş müttəfiqləri “əldə tutmaq” üçün tək çarəni Qarabağda, Dnesteryanı zonada, Osetiyada lokal münaqişələr yaratmaqda gördü və ölümcül yanlışlıqara yol verdi. Bütün bunların fonunda V.Putin bu gün yeni iqtisadi layihələr və siyasi planlarla səhnəyə çıxmaq istəyir. Görünür ilk dayanacağı Bakı oldu. əlbəttdə V.Putinin Bakı səfərindəki məqsədi və planları barədə heç kim səhih məlumata sahib deyil. Amma görünən bir həqiqət var: Kreml sahibi işə Bakıdan başlayıbsa demək masada böyük işlər var...

Mətləb Salahov

Digər xəbərlər