PDF Oxu

Köşə

  • 6 071

O sudan içməyin! – KÜNCDƏN BAXIŞ

image

Son vaxtlar maddi dəyərlər mənəvi dəyərləri üstələyib. İnsanlarda depressiya, stress artıb. Hiyləgərlik üsulları xeyli rəngarəngləşib və təkmilləşib. Ümumi cəmiyyət maraqları şəxsi maraqlara qurban verilir. Əsas məqsəd çoxlu pul qazanmaq, vəzifə, şöhrət əldə etmək və özünü başqalarından üstün göstərmək üzərində fokuslanıb. Başqalarından fərqlənmək (bu hətta pis şeylərdə olsa belə) azarı gənclər arasında geniş yayılır.

Psixoloji gərginlik ətraf mühitdən ailə daxilinə keçib və məhz bu səbəbdən münaqişələrin, boşanmaların və ailədaxili qətllərin sayı artır. Böyük sözünü vecinə alan da yoxdur. Bir çox gənclər açıqca deyirlər ki, biz hər şeyi bilirik və doğru edirik, siz yaşlı nəsil heç nə bilmirsiniz və səhv edirsiniz. Lakin reallıq bütün dövrlərdə və bütün ölkələrdə olduğu kimi tam əksini göstərir.

Son vaxtlaradək milli-mənəvi dəyərlərimiz həyatımızın əsas sütunu idi. El arasında yazılmamış qanunlar adlandırılan əxlaqi davranış kodeksləri var idi və buna əməl olunurdu. Bəs, sonra nə baş verdi ki, situasiya 180 dərəcə dəyişdi?

21-ci əsrə keçid sanki başqa bir dünyanı gətirdi. Pul və vəzifə uğrunda amansızcasına mübarizə mənəvi dəyərləri tədricən arxa plana keçirdi. Təhsilə, elmə, mədəniyyətə marağı əyləncənin əvəz etməsi, ağsaqqal-qarasaqqal münasibətlərinin çərçivədən çıxması, TV-lərdən şou, serial və kriminal verilişlərlə kütləvi əxlaqsızlaşma, psixotron terror, davamlı reklam təcavüzü ilə zövqlərin, xüsusiyyətlərin, davranışların, dəbin hansısa şübhəli xarici mərkəzlərdən formalaşdırılması... siyahı təəssüf ki, xeyli uzundur. Bu psixotron terror mənəvi zombiləşmənin əsasını qoymaqdadır...

Əvvəllər ayıb sayılan şeylər indi normal, əvvəllər müsbət sayılan şeylər isə indi mənfi sayılır. Haram və vicdansız yollarla pul qazanmaq daha ayıb sayılmır. İnternet saytlarda məkanda açıq əxlaqsızlıq təbliğatı baş alıb gedir. Televiziyalar daha çox mənfi şeyləri təbliğ edir, maddi dəyərlərin mənəvi dəyərlərdən üstün olduğunu “göstərir”, mənəvi dəyərləri müdafiə edənləri “geridə qalmış” adlandırırlar.

Başqa cəmiyyətlərdə olduğu kimi bizim cəmiyyətdə də mənəvi deqradasiya məşhur “Overton pəncərəsi” sistemi ilə tətbiq olunur, dəyərlərin tədricən dəyişilməsi prosesi aparılır. Cəmiyyət dəyərlərin kəskin və sürətli dəyişməsinə razı olmadığı üçün, burada “diri qurbağını qaynar suda necə bişirmək” təcrübəsi tətbiq olunur.

Burada qədim bir hind pritçasını yada salmağa dəyər.

Rəvayətə görə, qədimdə bir şəhərin ətrafındakı meşəlikdə tək yaşayan, ibadət və elmlə məşğul olan bir zahid müdrik varmış. Dünyanın qızıl dövrü imiş. Hər yanda əmin-amanlıq bolluq və mehribanlıq. Bir gün bu müdrik dağdan enir şəhərə və adamlara deyir ki, tezliklə hər şey dəyişəcək, tam tərsinə olacaq. Bunun əlamətini onda biləcəksiniz ki, su dadını dəyişəcək bir qədər acı dadmağa başlayacaq. İnsanlar ona inanmırlar. Yalnız bir gənc inanır və gedib çay kənarında özünə koma tikir, yeri qazıb anbar düzəldir və oraya su daşıyıb toplayır.

Vaxt keçir, vədə yetişir, suyun dadı tədricən dəyişməyə başlayır. Gənc dərhal köçür ordakı komasına və ancaq əvvəldən yığdığı sudan içməyə başlayır. Hər dəfə şəhərə düşdükdə baxır ki, adamlar dəyişib, əvvəl ayıb sayılan şeylər indi normal sayılır, əvvəl yaxşı sayılan işlər indi pis sayılır. Bu onunla bununla mübahisə etməkdən yorulur, heç kimə izah edə bilmir ki, elə deyil belədir. Hər dəfə bunu döyüb qovurlar ki, sən bizdən ağıllısanmı. Axırda gedir o müdrikin yanına ki, mən neyləyim. Müdrik deyir ki, 3 yolun var, ya axıradək mübarizə aparacaqsan, amma səni fiziki olaraq öldürə bilərlər, ya onların suyundan içib onlar kimi olacaqsan, bu halda mənəvi cəhətdən öləcəksən, ya da cəmiyyəti tərk edib mənim kimi uca dağların başında tək yaşayacaqsan. Bu gənc çox düşünür, axırda 3-cü yolu seçir. Gedir müdrikin yanına və ona xidmət etməklə ömrünün sonunadək orda yaşayır...

İndi həmin “su” bəzi xarici mərkəzlər tərəfindən ölkəmizə, cəmiyyətimizə təklif olunur, çoxumuz isə bu suyun tərkibi haqda məlumatlı deyilik, elə sudur deyib içirik. Lakin indi cəmiyyətimizdə hələ də o sudan içməyənlər var, onları o sudan içməyə məcbur etmək, ya da onun qaçıb dağ başına (xaricə) getməsinə səbəb olmaq lazım deyi.

İndiki qloballaşma dövründə milli-mənəvi dəyərlərimizi daha çox qorumalıyıq, çünki indiyədək heç vaxt olmadığı qədər güclü təzyiq və terror altındadır. Elmə-təhsilə daha çox fikir verib irəli getməliyik. Sağlam düşüncəli, savadlı uşaqlar yetişdirib tərbiyə etməli, xalqımızı, ölkəmizi dünyanın inkişaf etmiş ölkəsinə çevirəcək insanları qorumalı, küçə müğənnilərini və yarıçılpaq modelləri dinləmək əvəzinə alimləri, ziyalıları, müdrikləri dinləməliyik. Yalnız bu yolla bir millət kimi yaşaya və inkişaf edə bilərik.

Digər xəbərlər