Köşə

  • 3 129

Tariximizə qızıl hərflərlə yazılmış böyük əmrin kiçik tarixçəsi – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

27 sentyabr- Qələbə ilə bitən 2-ci Qarabağ müharibəsinin başlandığı gün kimi tariximizdə ən şərəfli yeri tutdu. Respublika tariximizdə ilk dəfə işğal edilmiş torpaqları azad etmək üçün apardığımız müharibədə qalib gəldik və düşməni bütün cəbhələrdə məğlub etdik.

Çünki ilk dəfə idi ki, dövlətin, xalqın, ordunun başında qüdrətli strateq, peşəkar siyasətçi, iradəli Ali Baş Komandanımız var idi.

Çünki öz vətən torpaqlarını unutmayan, vətən uğrunda canını qurban verməyə hazır olan milyonlarla oğul və qızlarımız var idi.

Çünki… bu çünkilərin hamısını bu yazıda qeyd etmək mümkün deyil, heç olmasa, bəzilərini qeyd edim - işğaldan sonra torpaqlarımızın qaytarılmasını şərtləndirəcək bütün faktorları nəzərə almaqla strateji planları səbrlə həyata keçirmişdik - güclü iqtisadiyyat və böyük maliyyə bazası yaradılmış, bunun köməyi ilə ordumuz ən müasir hərbi texnologiyalarla təchiz edilmiş, ardıcıl təlimlərlə ordunun peşəkarlıq səviyyəsi yüksəldilmiş, kosmosa çoxlarının "nəyə lazımdır" dediyi peyklər buraxılmış, xarici siyasətdə çoxvektorlu və balanslı diplomatiya yürüdülmüş və qlobal miqyasda ölkəmizin nüfuzunun artırılması təmin edilmiş, problemin həllinə təsir edəcək güc mərkəzləri neytrallaşdırılmış, əhalidə vətənpərvərlik hissi və qələbə üçün vacib olan ruh yüksəkliyinin formalaşdırılması təmin olunmuş, qlobal informasiya müharibəsində erməni təbliğat maşınının təsiri azaldılmış, ölkə daxilində olan agentura, satqınlar zərərsizləşdirilmiş, dövlət və xalq arasında birlik tarixdə görünməmiş səviyyəyə çatmışdı.

Bir sözlə, hərbi qələbədən əvvəl səbrlə və əzmlə aparılan işlər nəticəsində siyasi, iqtisadi və informasiya müharibəsi udulmuşdu. Dünya həqiqətləri artıq bilirdi. Qalırdı yalnız silahlı müharibə, şünki düşmən sülhə razı olmurdu.

Azərbaycan əsgərinin ruh yüksəkliyi, qələbəyə inamı da tarixdə görünməmiş səviyyədə idi. İllərdir bu əsgərlər hər gün Ali Baş Komandanın əmrini gözləyir və hər an vətəni azad etməyə hazır dayanırdılar. Bir qədər gec oldu… amma o gün gəlib çatdı- 2020-ci ilin 27 sentyabrında səbirsizliklə gözlənən o tarixi əmr verildi və… dünyanın ən böyük hərbi strateqlərini, peşəkar analitiklərini, hərbi tədqiqat mərkəzlərini heyran edən bir müharibə başladı.

Döyüş əməliyyatları yüksək komandanlıq məharəti ilə idarə edildi və əsgərlərimiz tərəfindən uğurla həyata keçirildi. Düşmənin keçilməz müdafiə sədləri yenilməz qəhrəmanlarımız qarşısında aciz qaldı. Döyüşlərdə əsgərlərimiz elə bir igidlik nümunəsi göstərdilər ki, uzun əsrlər dastanlara dönüb yaşayacaq. Təkcə, analoqu olmayan Şuşa əməliyyatını misal göstərmək kifayət edər, hansı ki, dünya hərb tarixində hələ çox uzun müddət müzakirə olunacaq, öyrəniləcək.

Vətən müharibəsi üçün olduqca düzgün vaxt seçildi və yaranmış nadir tarixi şansdan məharətlə istifadə edildi. Müharibə dövründə Ali Baş Komandamınız, Prezident İlham Əliyev ən nüfuzlu qlobal media orqanlarına müsahibəsində dünyaya master-klass keçdi, düşməni və onun müttəfiqlərini siyasi-diplomatik cəbhədə də darmadağın etdi, dünya ictimaiyyətinin rəğbətini qazandı.

Minimum itkilərlə maksimum nəticə əldə olundu. İşğalçı ölkə çox uzun müddət özünə gəlməyəcək şəkildə darmadağın edildi, torplaqlarımız azad edildi, həmin ərazilərdə sürətlə quruculuq və bərpa işləri başladı.

4 il keçib, artıq Qarabağ münaqişəsi orada müvəqqəti məskən salmış terrorçu rejimlə birgə tarixin arxivinə gömülüb. Ermənistan demək olar ki, təklənib, Azərbaycan öz müttəfiqlərinin və dostlarının sayını artırıb. Bütün regional iqtisadi, hərbi, siyasi üstünlük bizim tərəfimizdədir.

Ən əsası 2020-ci ildə dünyaya Azərbaycan xalqının və Azərbaycan dövlətinin kim olduğu əyani surətdə göstərildi. Bu böyük Qələbə üçün canlarını vətən uğrunda qurban vermiş 3 minədək şəhidimizə borcluyuq. Onları xatirəsini daim yaşadacağıq, onlar bu xalqın yaddaşında heç vaxt ölməyəcək, cismləri vətən torpağına qarışsa da, ruhları daim bizimlə olacaq.

Vətən müharibəsində həm ön, həm arxa cəbhədə döyüşən hər kəs böyük bir qəhrəmandır. Vətən onlara minnətdardır.

Bu böyük Qələbəni ölkəmizə, xalqımıza bəxş edən, 2 ay yuxusuz gecələr keçirib həm siyasi-diplomatik, həm də odlu-alovlu müharibəni böyük qələbə ilə başa vuran müzəffər sərkərdəmiz İlham Əliyevin adı tariximizin ən şanlı səhifəsinə qızıl hərflərlə əbədi yazıldı.

Bu müharibədə arxa cəbhə də böyük qəhrəmanlıq göstərdi. Ehtiyac olmasa belə insanlarımız orduya, əsgərlərə öz payını göndərmək üçün çalışdılar, hərbi komissarlıqların qarşısı cəbhəyə getmək istəyənlərlə dolub-daşdı. Bununla xalqımız öz ordusuna ən böyük mənəvi dəstəyi verdi.

İnformasiya müharibəsində jurnalistlərimiz, diplomatlarımız, həmçinin, ölkəmizdə və xaircdə yaşayan, beynəlxalq dilləri bilən milyonlarla sadə azərbaycanlı gecə-gündüz qızğın mübarizər apardı, erməni təbliğat maşınını dünya ictimaiyyəti qarşısında təkzibedilməz faktlar, sənədlər və sanballı arqumentlərlə darmadağın etdi. Dünyaya erməni yalanını və Azərbaycan həqiqətlərini çatdırdılar.

Bu müharibədə ölkəmizin, xalqımızın bütün təşkilatları, fərdləri döyüşdü- hərə öz cəbhəsində. Dövlətlə xalq bir yumruq kimi birləşdi. Və bu “Dəmir yumruq” düşmənin başına əsrlərin yığılmış gücü ilə endi- elə formada ki, çox uzun müddət bundan özünə gəlməyəcək.

İndi azad olunmuş torpaqlarımızda böyük yenidənqurma işləri gedir. Şəhərlər, kəndlər bərpa olunur, yollar çəkilir, evlər tikilir, ağaclar əkilir, torpaqlarımız becərilir... Lakin işimiz hələ bitməyib, qarşıda bizi daha böyük işlər gözləyir. Hələ çox qələbələrimiz, uğurlarımız olacaq.

Dədə Qorqudun eyni adlı dastan əsasında çəkilmiş məşhur filmdəki sözləri sanki bu günlər üçün deyilmişdi: "Yurdumuzun başına çox bəlalar gəldi oğul, bu meydanda çox igidlərimiz qırıldı, amma tamam qırılıb qurtarmadıq, hələ varıq, olacağıq, artacağıq... əsas odur ki, torpağı yağılardan qoruyasan, əgər torpağı qorumasan əkib-becərməyə dəyməz, əkib-becərməsən qorumağa dəyməz... oğul, qalx uca dağın başına 3 tonqal qala... qoy elimiz yığışıb gəlsin, yurdumuzu bərpa edək... uca dağın ocaqları həmişə yanar dursun..."

***

4 il qabaq uca dağ başında 2 tonqal qalanmışdı, elimiz yığılıb düşmənə qarşı döyüşdü və qalib gəldi. Və sonra 3 tonqalı qalandı, indi elimiz yığılıb yurdumuzu bərpa edir. Bundan sonra o dağlarda ancaq 1 tonqal qalanacaq- toy-bayram qeyd edilməsi üçün.

Uca Tanrının köməyi ilə, ocağımız heç vaxt sönməyəcək, həmişə ən uca dağların başında şölələnəcək.

Digər xəbərlər