PDF Oxu

Köşə

  • 3 887

Ey hörmətli müəllim… - ESSE

image

Elçin Bayramlı

Deyilənə görə, 20 mindən artıq peşə və sənət növü var. Lakin bütün bu peşələrin sahiblərini bir peşə sahibi yetişdirir. Bu, MÜƏLLİMdir! Əslində, yazı qaydalarını pozmaq bahasına olsa belə, bu sözü böyük hərflə yazmaq lazımdır.

Harada, nə üzrə və hansı qaydada tədris verməsindən asılı olmayaraq MÜƏLLİM özündən daha yüksək biliyə mailk olan, cəmiyyətə töhfələr bəxş edəcək ağıllı, mədəni və ziyalı insanlar yetişdirmək istəyi ilə çalışır. Məhz buna görə MÜƏLLİM adı şərəfli sayılır və uca tutulur.

Bəşəriyyət tarixi elmi-texniki tərəqqiyə, mədəni-ictimai inkişafa görə ustadlara, müəllimlərə borcludur. Qədim mənbələrdə ilk biliyin insanlara İlahidən verildiyini və bunu hamıya çatdırmaq üçün ən təmiz qəlbli insanların seçildiyi qeyd olunur. İnsanın ilk müəllimləri də Tanrının seçdiyi uca insanlar- İlahi bilik sahibləri olub.

Yazının hələ olmadığı dövrlərində biliklər ustad-şagird ardıcıllığı ilə nəsildən-nəsilə ötürülüb və bu günümüzədək gəlib çıxıb. Hansı xalqın müəllimləri aydın fikirli, elmli, dünyagörüşlü olubsa, o xalq daha çox inkişaf edib.

Ta qədimdən Azərbaycan xalqı ustada- müəllimə böyük hörmət bəsləyib, onları valideyn qədər əziz tutub. El arasında müəllimin ən böyük hörmət və izzət sahibi olduğunu göstərən yüzlərlə atalar sözü, deyimlər, aforizmlər, rəvayətlər və s. şifahi və yazılı folklor nümunələri var.

Azərbaycanda həmişə ən hörmətli şəxs sayılan müəllimin sözü ağsaqqal sözü kimi qəbul olunub. Hətta, ən qüdrətli hökmdarlar belə müəllimlərinin qarşısında baş əyiblər, onları özlərindən yuxarı başda əyləşdiriblər. Qədimlərdə valideyn uşağını müəllimə verəndə “əti sənin, sümüyü mənim” deyə tapşırardı.

Böyük tarixi şəxsiyyətlərimizin və sənətkarlarımızın öz ustadlarına nə qədər böyük sevgiylə yanaşdığını və onların yolunu necə böyük əzmlə davam etdirdiyini xatırlamaq burada yerinə düşərdi.

Teymurləngin məzarı önündə bunu daha aydın anlamaq olur. Qüdrətli sərkərdə öz qəbrinin müəlliminin məzarının ayaq ucunda qoyulmasını vəsiyyət etmişdi və onun bu müdrükliyi hələ də dünyanı heyran qoymaqdadır.

Azərbaycan xalqı 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində müəllimlərə çox böyük ehtiyac duyurdu. Böyük mütəfəkkirlər Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı, Mirzə Fətəli Axundov, Əbdürrəhim Haqverdiyev və digərləri xalqın cəhalətdən qurtulması, mövhumata yox, elmə doğru getməsi üçün mübarizə aparırdılar.

Tarixi həqiqətdir ki, xalqımız məhz belə aparıcı ziyalıların, mütəfəkkirlərin çağırdığı yolla gedəndən sonra inkişaf etdi və qısa zamanda dünya xalqları arasında öz layiqli yerini tutdu.

Ötən əsrin ortalarında Azərbaycan əhalinin təhsilə cəlb olunma səviyyəsinə, əhalinin hər 10 min nəfərinə düşən elmi işçi, tələbə və müəllim sayına görə ən inkişaf etmiş ölkələri belə qabaqlayaraq dünyada ilk yerlərdən birini tuturdu.

Keçən əsrin ortalarında respublikada elm-təhsil ocaqlarının, kitabxanaların tikintisi işi böyük vüsət aldı, azərbaycanlı tələbələrin SSRİ-nin və dünyanın inkişaf etmiş digər ölkələrinin nüfuzlu ali təhsil ocaqlarında təhsil alması işi genişləndi.

20-ci illərədək bir nəfər də olsun akademiki, professoru, elmlər doktoru olmayan, əhalisinin 99%-nin oxuyub-yazma bilmədiyi, cəmi 100 nəfər azərbaycanlı müəllimi olan, 800 min uşağının məktəbin nə olduğunu bilmədiyi respublika 30 il sonra əhalisi 100% savadlanmış, minlərlə məktəbi, onlarla universiteti, elmlər akademiyası, elmi-tədqiqat institutları, hətta kosmik tədqiqatlar mərkəzi olan intellektuallar ölkəsinə çevrildi.

Son dövrlərdə yeni təhsil sistemlərinin tətbiqi təhsildə müəyyən problemlər yaratsa da, yenə də xalqımız savadlılıq dərəcəsinə görə dünya xalqlarının ön sıralarında dayanır. Ümumiyyətlə, Azərbaycan xalqı tarixin bütün dövrlərində maarifpərvər və ziyalı bir xalq olduğunu sübut edib. Burada ən böyük rolu müəllimlər oynayıblar. O müəllimlər ki, onlar elm və təhsil yolunda, xalqın gələcəyi uğrunda sözün həqiqi mənasında şam kimi yanıblar. Xalqımız da onların hörmətini saxlayıb, adını həmişə uca tutub. Bütün bunlar xalqımızın elmə, təhsilə nə qədər böyük önəm verdiyinin göstəricisidir.

MÜƏLLİM ucalığı haqda saysız poeziya və nəsr nümunələri, bədii və elmi əsərlər yazılıb. “Bizim Cəbiş müəllim” filmindəki MÜƏLLİM obrazı isə Azərbaycan müəllimi üçün etalondur. Bu obraz həm də bütün cəmiyyət üçün bir insanlıq nümunəsidir- əsl İNSAN və əsl MÜƏLLİM nümunəsi...

5 oktyabr peşə bayramı münasibətilə bütün müəllimləri təbrik edirəm. Nə yaxşı ki varsınız. Bayramınız mübarək!

Digər xəbərlər