PDF Oxu

Köşə

  • 4 272

Öz gözündə tiri görməyənlər üçün master klass – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Bir neçə gündür sosial şəbəkələrdə COP-29 tədbirləri üçün Bakıya gəlmiş Cənubi Amerikalı nümayəndə geyimi ilə bağlı lağa qoyulur. Qeyd olunur ki, bu adam başında quş lələkləri düzüb, yəqin ki buna görə neçə quşu öldürüb, amma gəlib ekologiyanın qorunmasından danışır. İlk baxışda savadsız adamlar üçün lağ obyekti kimi görünür. Amma intellektual və düşünə bilən şəxslər üçün bu irad aşkar biabırçılıqdır.

Gəlin baxaq, görək dünya ekologiyasını kim məhv edir, siz, yoxsa o?

Əvvəla, bu lələklər sünidir, ikincisi də quş lələklərini ölmüş quşdan da götürmək olar. Üçüncüsü, hətta ən pis halda bunun üçün bir-iki quş öldürmüş olsa belə, siz quşların öldürülmədiyi bircə ölkə göstərə bilərsinizmi? Yatdığınız balışın içindəki quş tükü deyilmi? Hər gün toyuq əti yeyərək ildə onlarla quşun öldürülməsini sifariş etmiş olmursunuzmi? Qırmızı ət yeyərək, heyvanların öldürülməsinə siz səbəb olmursunuzmu?

Bu adam Amazon meşələrin yaşayan kiçik xalqın nümayəndəsidir. Tam təbii həyat yaşayır, təbiətlə harmoniyada, sadə və təbii həyat. Amazon meşələri yerindədir, dünyanın ən güclü biomüxtəlifliyi orada qorunur. Lakin dünyanın “inkişaf etmiş” bölgələrində meşələrin 60 faizi son 100 ildə məhv edilib. Heyvan növlərinin 60, bitki növlərinin 40 faizi məhv edilib.

Heyvanları, quşları fermalarda, fabriklərdə işgəncəli şəraitdə saxlayaraq artıran və yeyən siz “inkişaf etmiş” adamlar deyilmi? Heyvanların diri-diri dərisi soyularaq düzəldilmiş şubaları geyinən siz deyilsinizmi? Bəzək əşyaları düzəltmək üçün fil dişi əldə etmək məqsədilə filləri kütləvi qırıb qurtaran siz “inkişaf etmiş” insanlar deyilsinizmi? Kürü yemək üçün bir balığın kürüsünü çıxararaq bir dəfəyə milyonlarla balığı məhv edən siz deyilsinizmi?

Gündəlik fəaliyyətiniz boyu fasiləsiz olaraq təbiətə zəhər, zibil atan siz deyilsinizmi? Təbiəti məhv edən, 1000 ilə yaxın çürüməyən, yandırılanda havanı zəhərləyən, okeanların səthində toplaşıb dəniz qədər yer tutan sellofan paketləri, plastik qabları hər gün təbiətə atan siz deyilsinizmi? İstifadə etdiyiniz kimyəvi təmizlik və kosmetika məhsullarını, işlənmiş maşın yağlarını təbiətə ataraq suyu, torpağı zəhərləyən, torpaqları kimyəvi dərmanlarla zəhərləyən siz deyilsinizmi?

İstifadə etdiyiniz texnikaların, batareyaların, məişət avadanlıqlarının, geyim və bəzək aksessuarlarının, sürdüyünüz maşınların təbiətin anasını necə ağlatdığını guya bilmirsiniz? Yeni dəbdir deyə, yeni tikilmiş villa və həyət evlərində hər yerə tamet döşəyib bircə ağac da əkməyənlər siz deyilsinizmi? Ağacları qırıb yerində obyekt tikən siz deyilsinizmi?

Artıq məhsul götürüm deyə torpağı kimyəvi dərmanlarla zəhərləyən, milyardlarla həşəratın, quşun ölümünə səbəb olan siz deyilsinizmi? Yaşadığınız şəhərlərin üstü bir yana altı belə kanalizasiya deyilmi? Sizin üçün saqqal daraqları düzəldən zavodlar havaya minlərlə növdə zəhərli maddələr buraxmırmı?

Zibili balkondan aşağı vızıldadan, istirahət üçün getdiyiniz təbiət guşələrini zibilləyən siz deyilsinizmi? Komfort yaşamaq üçün istifadə etdiyiniz bütün əşyalar ekologiyaya zərər vuraraq hazırlanır və ya istifadəsi zamanı zərər vurur.

Siz yaşadığınız süni, kimyəvi şəhərlərdən bütün canlı aləm, heyvanlar didərgin düşür ey. “Hər yer və hər şey bizimdir” deyib, digər canlılara heç nə saxlamayan siz deyilsinizmi? Həyətə axıtdığınız paraşoklu suyu quşlar içib ölür ey, xəbəriniz varmı?

İstisnasız olaraq hər biriniz təbiətin məhv olması, ekologiyanın korlanması üçün əlinizdən gələn hər şeyi edirsiniz, özü də hər gün və hər saat. O şəxs isə, hətta hərdənbir qida üçün bir quş və ya heyvandan istifadə edirsə də, sizin təbiətə vurduğunuz zərərin milyonda birini belə vurmur. Sadə, təbii evdə yaşayır, sadə qidalanır, torpaqda zəhmət çəkir, ətrafı kimyəvi madələrlə zəhərləmir, çox az əşya ilə yaşayır. Telekanallarımızın birinə verdiyi müsahibəsinə baxdım, çox savadlı və düşüncəli şəxs olduğu aydın görünürdü.

Çoxsaylı və təkzibedilməz faktlarla sizə sübut etdim ki, ekologiyaya zərər vuran, təbiəti məhv edən o deyil, sizsiniz. Bəli, cənablar və xanımlar, özünü mədəni, sivil, müasir adlandıran məxluqlar.

Faktlar amansız şeylərdir, gec-tez onlarla hesablaşmaq lazım gəlir. Başqasının gözündə tük axtarmazdan əvvəl öz gözündə tiri görmək lazımdır. O adam sizi bəlkə bağışlayacaq, amma öz vicdanınız bağışlayacaqmı, bilmirəm.

İndi siz deyin, sizi bağışlamaq olarmı?

Digər xəbərlər