PDF Oxu

Köşə

  • 2 157

“Black Friday”: Qara cümədə Ağ yalan

image

Black Friday ( Qara cümə) artıq hər il olduğu kimi, bu il də başladı. Bir qədər ticarət mərkəzləri, market, mağaza, “butik”lərdə endirim “siyasəti” ilə bağlı danışmaq bu aralar lap yerinə düşər. Bu “siyasətin” digər tərəfləri ilə yanaşı, ən əsas tərəfini-insanların aldadılması məsələsini xüsusi vurğulayaq ki, aldadılmayaq.

Endirim... Bu hansı hallarda baş verir, bir qədər bu məsələyə aydınlıq gətirək. Məsələn, ticarət mərkəzləri, mağaza və “butik”lərdə o zaman endirim kampaniyaları başlayır ki, hansısa məhsullara alıcı marağı olmur və onlar gətirildiyi kimi də vitrinlərdə qalır. Digər tərəfdən isə, məsələn, qış fəsli artıq başa çatır, baxırlar ki, vay, nə qədər məhsul qalıb vitrinlərdə, düşünürlər ki, bunlara bir qədər endirim edək satılsın ki, gələn qışa yeni dəbdə olan geyimlər gətirək.

Hə, bir də adətən kiçik ölçülər bir o qədər çox alınmır. Nəyə görə? Bunun da səbəbi var. Çünki kiçik ölçülərdə olanlar bizim övladlarımızdır. Hər kəsin isə maddi vəziyyəti bu geyimlərdən bol-bol almağa imkan vermədiyi üçün endirim kampaniyalarında adətən kiçik ölçülərə daha çox təsadüf edirik. Bəli, endirim kampaniyaları olur, bundan yararlananlar da olur. Lakin endirim “siyasətinin” hər birimizin bilmədiyi tərəfləri var ki, bu, ağlımıza belə gəlmir.

Beləliklə endirim kampaniyaları başlayır. Ticarət mərkəzlərinin, mağaza və butiklərin bütün qapı və pəncərələrə böyük rəqəmlərlə 70%, 50% faiz yazılır ki, diqqətləri çəksin. Biz də təbii ki, həmin endirim faizlərini görürük, bir-birimizə xəbər verib sevinc və təlaş içərisində həmin mağazalara yollanırıq... Məsələn, yolumuzu ticarət mərkəzlərindən salırıq. Yaxınlaşırıq endirim kampaniyaları olan mağazalara. Baxırıq qiymətlərə, görürük ki, Allah, hələ bunun qiyməti endirilib belə bahadır, gör əvvəlki qiyməti necə imiş. Beləliklə, gəzirik, gəzirik, görürük ki, yox, bu qiymətlərlə biz buradan vur-tut bircə ədəd nə isə ala bilərik ki, bu da...

Necə ki, bədii filmlər var, bilinməyən sonluqla bitir, uşaqlıqda həmişə ata-anamıza deyirdik ki, bəs bunun axırı necə oldu, onlar da deyirdi ki, bu sonluğu anlamaq artıq tamaşaçının ixtiyarına verilir. Hə, bax, tutaq ki, vur-tut bircə məhsul aldıq. Sonra nə baş verəcəyini isə, əziz oxucular, düşünmək sizin ixtiyarınıza verilir.

Bir qədər də ərzaq məhsulları barədə. Necə ki, bazarlarda göyərti, meyvə-tərəvəz satan satıcı görür ki, əlində xeyli məhsul var, xarab olacaq, bir qədər qiymətdə endirim edir, camaatı səsləyir, onlar da gəlib alırlar. Marketlər də elədir. Görəndə ki, bu məhsulun son istifadə tarixinə günlər qalır, onda endirimlərə başlayır. Marketə girirsən, böyük hərflərlə yazılan “Endirim” sözü səni qarşılayır. Sevinc içərisində yaxınlaşırsan, “nə gözəl”,- deyib başlayırsan səbətə yığmağa.

Bəli, bunlar endirim haqqında gördüyümüz, bildiyimiz və bunların əsnasında deyə biləcəklərimizdir. Keçək endirimdə bəzən insanların aldadılması məsələsinə ki, bu, qəsdən edilir, təsadüfən olur, deyə bilmərəm, lakin qarşılaşanda “yanlışlıq”,- deyib özünü müdafiə edənlər çox olur. Bu yaxınlarda marketlərdən birində şorda olan endirimdən faydalanmaq istədim, aldım və sonra çekə baxarkən onun endirimli yox, əvvəlki qiymətini ödədiyimi gördüm. Marketə qayıtdım. Orada bunu araşdırarkən məlum oldu ki, bəs endirim dünən bitibmiş, lakin yaddan çıxıb endirimli qiymət vitrində qalıb. Bu sözlər sizcə həqiqətə nə qədər yaxındır? Sözə bir də diqqət edin: endirim dünən idi, bitib, qiymət yaddan çıxıb dəyişdirilməyib. İnanan daşa dönsün.

Beləliklə, bax, hər kəsin diqqətli olması gərəkdir. Çünki aldığımız məhsulları səbətə yığırıq. Sonra da kassada ümumi şəkildə ödəniş edirik. Bizə endirimdə olan məhsulları həqiqətən də o qiymətə satılmasının çox halda fərqində olmuruq. Lakin fərqində olmağa çalışaq. Çekə tez-tez baxsaq, belə hallarla qarşılaşdığımızı görə bilərik. Çünki bu, dəfələrlə olur. Soraqlaşsaq, elə bir ailə olmaz ki, bu kimi hallarla ən azından bir-iki dəfə qarşılaşmasın. Ona görə də ayıq-sayıq olmaq lazımdır. Həm istifadə müddətinə sayılı günlər qalan məhsulu alıb kiminsə ticarətinin zəifləməsinə imkan verməyək, həm də endirimli qiyməti deyil, əvvəlki qiyməti ödəyək, bu, doğru olan məsələ deyil.

Qaldı ticarət mərkəzlərində, mağaza və “bütik”lərdə geyım məhsullarının endirimli qiymətlərlə satışına, burada da bizi aldatmağa çalışanlar az deyil. Məsələn, baxmayaraq ki, qapı-pəncərələrinə “Böyük endirim” yazıb, camaatda maraq yaradırlar, lakin burada endirim “siyasətindən” elə məharətlə istifadə olunur ki, nə göz görür, nə də könül bulanır. Belə ki, qiyməti öz aralarında bir qədər qaldırıb, sonra da endirimli qiymətə salırlar, bu da əslində əvvəlki qiymət olur. Lakin “Endirim” çağırışı şüuraltında özünə necə yer edirsə, kütləvi şəkildə mağazalara gedir, sıxlıq yaradır, bir-birimizi əzə-əzə, bir-birimizin başı üzərindən alış-veriş edirik, hələ bundan razı da qalırıq ki, endirimlə aldıq. Lakin əslində burada endirimdən söhbət belə getmir.

Belə, endirim “siyasəti” haqqında bildiklərimiz bundan qat-qat artıq olsa da, lakin yazını uzatmamaq xətrinə bu qədər danışmalı olduq. Uzun sözün qısası, ayıq-sayıq olaq ki, aldanmayaq. Bu endirim söhbəti çox halda boş söhbətdir... Xüsusilə Black Friday (Qara cümə)... Bu, qara cümədə ağ yalandır.

Mətanət Məmmədova

Digər xəbərlər