PDF Oxu

Köşə

  • 3 480

Uşaqlarınıza tərbiyə verməyin... – KÜNCDƏN BAXIŞ

image

...onsuz da sizə oxşayacaqlar

Elçin Bayramlı

Uşaqların düzgün tərbiyə olunması məsələsi daim müzakirə olunur. Təəssüf ki, cəmiyyətimizdə bu sahədəki problem düzəlmək əvəzinə getdikcə pisləşir. Valideynlər indiki uşaqların çətin tərbiyə olunan olduğunu və ipə-sapa yatmadığını deyir. Bir çox psixoloqlar uşaqları qəti şəkildə cəzalandırmamağı təklif edir, digər hissəsi isə tənbeh, cəza olmadan əksər uşaqların tərbiyəyə yiyələnə bilmədiyini deyir. Bəs reallıq necədir? Əvvəlcədən deyim ki, burada qızıl orta tapılmalıdır.

Uşaqları döymək, fiziki cəza vermək, qeyri-sağlam tərbiyə metodudur. Ümumiyyətlə, tərbiyə metodu deyil. Yəni bu, əvvəldən tərbiyə verilməməsinin açıq göstəricisidir. Uşaq tərbiyəsi anadan olan kimi başlayır. Valideyn onu normal psixologiyada, normal tərbiyə sistemində böyütməlidir, hər şeyi izah edib, başa salmalıdır ki, sonradan fiziki təzyiqə ehtiyac qalmasın. Ərköyün böyüdülən, nazı iklə çox oynanan uşaqlar sonradan böyük problemə çevrilir.

Çox təəssüf ki, son dövrlərdə uşaqları ərköyün böyüdürük. Nə istəsə o saat təşkil edib alırıq və bir dəfə də bunu etməyəndə artıq uşaqda isterika yaranır, ciddi müqavimət göstərir, ağlayır, müxtəlif oyunlar çıxarır. Artıq bundan sonra valideynin onu düzəltmək üçün imkanı qalmır, əl atır fiziki təzyiq göstərməyə. Ona görə də, sistem əvvəlcədən düzgün qurulmalıdır. Bir çox ölkələrdə buna görə uşaqlara fiziki və ya psixoloji zərərə vuran valideynlər cəzalandırılır, hətta bəzi ölkələrdə uşaq valideyndən alınır, dövlət himayəsinə götürülür, internat məktəblərinə yerləşdirilir.

Artıq belə çıxır ki, bizdə də bununla bağlı xüsusi bir qərara və qanuna ehtiyac olacaq ki, valideynlərin məsuliyyəti artsın. Vaxtında ərköyün böyüdülən, tərbiyə verilməyən uşaqlar böyüyəndə cəmiyyət üçün çox ciddi problemlər yaradır. Onlar psixologiyası pozulmuş, aqressiv, narsist və eqoist uşaqlar olur. Gələcəkdə cinayətkarlığa meyilli olur, başqalarına qarşı fiziki təzyiqə meyilli olur, öz ailəsinə də, dostlarına da belə davranır ümumiyyətlə yekun nəticədə bütün cəmiyyətə zərər vurur. Bu baxımdan, valideynlər bu məsələlərdə diqqətli olmalıdırlar.

Uşaq düzgün tərbiyə olunmalıdır, uşaq ailənin mərkəzinə qoyulmamalıdır ki, ağzından nə çıxdı o saat alınsın, hazır olsun ki, sabah da birini etməyəndə uşaq belə oyunlar çıxartsın, valideyn də onu vurmağa məcbur olsun. Yəni bu artıq vaxtında görülməyən tədbirlərin, vaxtında yerinə yetirilməyən borcların hazır nəticəsidir. Bundan sonra bunu heç cür düzəltmək olmur. Ona görə normal qaydada izah olunmalıdır vəziyyət, başa salınmalıdır, nəyə görə bu qadağan olunur və yaxud nəyə görə bu ona alınmır? Normal qaydada uşaq əvvəldən nə formada tərbiyə olunursa o formada da davam edir. Yəni problem sırf valideynlərin məsuliyyətsizliyindən savadsızlığından, uşaq psixologiyasından heç bir məlumatı olmamasından bağlıdır.

Deməli, məsələyə çox sadə yanaşmaq lazımdır. Uşaqlar tam olaraq eqoist də böyüdülməməlidir eyni zamanda fiziki olaraq zərər vurmamaq lazımdır. Bunların ortasında elə bir qızıl orta tapılmalıdır ki, vaxtında görülən tədbirlər nəticəsində heç buna ehtiyac yaranmasın. Uşaq sağlam, düzgün mühitdə, tərbiyəvi mühitdə böyüsün və belə hallar yaranmasın. Sonradan yaranan problemlərin nəticəsi ilə uğraşmaqdansa, əvvəldən bu məsələni düzgün həll etmək lazımdır. Əvvəllər belə yanaşılırdı, son dövrlərdə həddindən artıq ərköyün uşaqlar böyüdülür. Bu isə bütün ailə üçün də, cəmiyyət üçün də, uşağın özünün psixologiyası üçün də çox ciddi problemdir və burada yeganə günahkar valideynlərdir- uşaqlara düzgün tərbiyə verməməkdə.

Normal valideyn uşağı uşaqlıqdan zəhmətə öyrəşdirməlidir, ona hər ağzından çıxanın anında hazır olmayacağını izah etməlidir, bəzi şeylərin zərərli olduğuna görə onun alınmayacağını başaa salmalıdır, neqativ hərəkətlər etməyin yolverilməz olduğunu deməlidir. Ən əsas uşağını düzgün tərbiyə etmək istəyən valideyn özü bunu öz nümunəsində göstərməlidir. Məşhur bir söz var- uşaqlarınıza tərbiyə verməyin, onsuz da sizə oxşayacaqlar. Bu sözlərdə həqiqət var və əslində deyilmir ki, uşağa tərbiyə verməyin. Deyirir ki, özünüz normal deyilsinizsə, uşağa tərbiyə verə bilməyəcəksiniz və o da sizə oxşayacaq. Bu gün ortadakı uşaqlar bizim inikamızdır, bizim əsərimizdir, bizim güzgümüzdür. Biz necəyiksə, uşaqlar da elə formalaşacaq. Əgər uşağımızın sağlam fərd kimi yetişməsini istəyiriksə, əvvəl özümüz sağlam olmalıyıq. Bunun başqa yolu yoxdur.

Digər xəbərlər