PDF Oxu

Köşə

  • 1 283

Məzələnmək Felyeton

image

Bu məzələnmək var ha, başqa aləmdir. Adam ya zarafat edir, ya da hirsini, qəzəbini sətiraltı mənayla qarşısındakı adama bildirir. Adam məzə qurur, atmaca atır ki, hər kəs payını götürsün. Xalq bizdə əsasən sosial-məişət səviyyəsində məzələnir. Camaatın siyasi məzələnməklə işi yoxdur, ora qırmızı çizgidir, ora girsən başın ağrıyar, səndə ağrımayan başına niyə yaş dəsmal qoyasan? Amma, bu, o demək deyil ki, başqa sahələrdə məzələnmək mövcud deyil. Əlbəttə, var, məsələn məmur, dini və sairə sahədə məzələnmələr. Lökbatanda Ağa Lökbatanlı TV var, o da xalqın məzəsindən danışır, mərifətdi də danışır. Onsuz da hamı bir-birilə məzələnir. Bu da hamıyla.

Adam tanıyıram, həmişə zibili -"bura zibil atan eşşəkdi" yazısı olan yerə atır. Soruşanda deyir ki, neyləyim, o biri divara da var-yox söyüşü yazıblar. Bax, adam eşşəkliyini qəbul edir, amma var-yox məsələsini özünə yaxın buraxmır. Elə eşşəkdi ki, eşşək. Olmazmı eşşəkliyi də özünə yaxın buraxmayasan?!

Eşşək yazdım, yadıma bir lətifə düşdü: "Bir gün şir iş axtarır, buna meşədə iş tapılmır. Deyirlər yalnız dovşan ştatı boşdur. Şir əlacsız qalıb dovşan kimi işləməli olur. İşə başlayandan sonra görür ki, zürafə dələ, ayı meymun, canavar kirpi, dəvə kərtənkələ vəzifəsində çalışır. Bir ara Avropadan meşəyə yoxlama gəlir, vəziyyəti öyrənib çox təəccüblənirlər. Deyirlər, gedək, kadrlar şöbəsilə danışaq, görək bu nə məsələdir. Gedib görürlər ki, kadrlar şöbəsi vəzifəsində eşşək işləyir. Hə, belə kadrlar bizdə kifayət qədərdir; atın qabağına ət, itin qabağına ot qoyurlar. Hər ikisi də ac qalır. Udan kim olur, əlbəttə məmur. Vəzifəyə "təyin" olunandan sonra bildi-bilmədi, hikkəsini həyata keçirmək istəyir.

O gün bir tədbirdə eks "qaişnik"lə, Vaqif Əsədovla söhbət edirəm. Fotoqraf Bayram əvvəl şəklimizi çəkir, sonra yaxında dayanan şairəni göstərib deyir ki, Vaqif müəllim, o şairəni tanıyırsan? O da məzə ilə deyir ki, əgər radara düşübsə, hökmən tanıyıram. Neyləsin, ona xahişlə ən çox müxbir və şairlər müraciət edir. Deməli Vaqif Əsədov pensiyada olsa da, sevimli işini davam etdirir.

Binanın divarında elan yazılıb: "Boz rəngli, baha qiymətə alınmış pişik evdən gedib. Görənə, ya yerini deyənə mükafat nəzərdə tutulur". Elandan aşağıda bir qeyd yazılıb: "Bu hələ başlanğıcdır. Qaz pulunu ödəyin! Qaz İdarəsi".

Rəhmətliyin oğlu, bahalı pişik alırsan, pul mükafatı vəd edirsən, amma qaz pulu ödəmirsən. "Bu hələ başlanğıcdır" deməklə, işarə vurur ki, evdə qaz olmasa sən də çıxıb gedəcəksən.

Bu qaz məmurları xalqla hər ilin sonunda əməlli-başlı məzələnirlər. Dekabr ayında elan verirlər ki, bəs filan vaxtda, filan rayonda qaz olmayacaq, lap yaxşı. Bəs bunu dekabr ayında niyə edirsən, axı indi havalar soyuqdur?! Bu təmiri yay aylarında niyə etmirsiniz? O zaman xalq, demək olar ki, qazdan istifadə etmir. Hə, xoruzun quyruğu burada görünür. Saat altıda guya qaz verirlər. Düz dörd saat qaz plitəsindən hava gəlir. Sayğac da fırlanır.

Yayda işlətmədiyin qazın pulunu bizdən belə çıxırlar. Hava da soyuq, "mıqq" eləyə bilmirsən. Bir gün bir kişinin qarnı ağrıyır, arvadına deyir ki, qarın ağrısı dərmanı ver. Kişi dərmanı atıb, gedir işə. Qadının sonradan yadına düşür ki, bəs kişiyə əsəb sakitləşdirən dərman verib. Tez ərinə zəng vurub soruşur ki, kişi, necəsən? Kişi də cavab verir: "Arvad, batırmağına batırdım, amma heç vecimə deyil". Bəli, bəli, düz tapdınız, yolun ortasına parkinq, avtobus dayanacağı qoymaqla əməlli-başlı batırıblar, amma heç veclərinə də deyil. A kişilər, sənə cərimə göndərirlər ki, bəs maşını evinin qabağında saxlamısan, İndi də velosiped yolu çəkiblər. Vallah, bizim tərəfdə o yoldan hələ bir velosiped də keçməyib. Bizdə mentalitet var e. Velosiped sürənə birtəhər baxırlar. Onu sürənlərə, heç qızlar da ərə getməzlər. Bax, buna mayanı batırmaq deyirlər.

Hələ bir buna baxın! Bəzi hakimlər qanunlarla məzələnirlər. Qanunu istədikləri qədər rezin kimi dartırlar, təki ədaləti yox, istədiklərini yekunda yazsınlar. Onlara ayrıca yazı həsr etmək lazımdır.

Hələ gör, "Azərişıq" necə məzələnir, yazmaqla qurtarmır. Bütün magistral yollarda, müştəri cəlb etmək üçün kafe və restoranların önündə yüz-iki yüz lampa asıblar. Zalımın oğlu, buna işıq pulu çatdırmaq olar? Əlbəttə, subsidiya hökmən lazımdır. İşıq da qaranlıqla belə məzələnir.

Liftlərə baxan "Tross Qüdrət" var idi. Yerindən duran ona döşəyirdi, zatən düz də edirdilər, çünki, o da liftlərlə məzələnirdi, axırın da bilən olmadı.

Məmurlar haqqında hələlik bu qədər. Keçək din məsələsinə. Oxucularımız yazır: "Kənddə araq çəkən bir seyid vardı. Hamı arağı ondan alırdı ki, bəs, seyid adamdı, haram qatmaz". Pah, atonnan! Seyid ha! Hələ bu yaxşıdır. Ət məhsulları istehsal edən bir şirkət kolbasa və sosislərə "Cənnət" adı qoyub. Belə çıxır ki, bunları yeyən cənnətə düşəcək. Ayə, mən ölüm, lotusunuz! Belə çıxır, orda da kolbasa, sosis yeyəcəyik. Bunlar birbaşa cənnətlə məzələnirlər. Cəhalət bax budur. Qonşu kənddə bir nəfər oturur taksiyə. Taksi sürücüsü də ön şüşənin kənarlarına seyidlərin şəkillərini vurubmuş. Müştəri də qayıdıb sürücüyə deyib ki, qardaş, bunlar axtarışdadır? Bax, belə, o qurban olduğum seyidlərin şəkillərini maşının şüşəsinə vurmaqda məqsəd nədir? İki variant var; ya sürücü seyidlərlə (əstəğfurullah), ya da müştərilərlə məzələnir, o yanı, bu yanı yoxdur.

Birini də deyim, yazını bitirim. Dığ-dığ qadınlar da olur. Ərinin başını sözlə partladır... Biri arvadının əlindən bezir, gedib dükandan oğurluq edir. Düşünür ki, bəlkə arvaddan bir müddət canım belə qurtarar. Hakim də oğurluğa görə kişiyə üç il ev dustağlığı verir. Di get, canını qurtar.

Ümumiyyətlə, dünya bir-birilə məzələnir; Amerika dünya ilə, Paşinyan Putinlə, İsrail İranla, Avropa üçüncü dövlətlərlə və sairə. Məzəsiz dünya ötüşməz. Bir azdan dünyada bütün insanlardan karbon vergisi alacaqlar. Çünki onlar da qoz ağacları kimi oksigen alıb, ətrafa karbon buraxırlar.

Telefonuma zəng gəldi. Mən də məzələndim. Dedim ki, sənə təmiz türk dilində deyirəm ki, beş dəqiqəyə çatıram. Hər yarım saatdan bir niyə zəng edirsən?

P.S. Elzaya deyiblər ki, bir də millətin ağzını tikmə. O da yeni şeir yazıb. "Söküm sizin ağzınızı". İndi də tikdiyini sökməyə başlayıb.

Di gedin, məzələnin...

06.12.24.

YUNUS OĞUZ

Yazıçı-dramaturq

Digər xəbərlər