Elçin Bayramlı
əvvəli burada
https://sesqazeti.az/news/articles/1215066.html
Uca Tanrım, üzüm Mübarək Qədəmlərinin altına, bəzi üzüqara bəndələrin Sənin ən böyük enerjin olan Sevgini döndəriblər lap həsənsoxdu dəyirmanına. Orda-burda onun-bunun ana-bacısı ilə min oyundan çıxır, adını da qoyurlar ki, bu sevgidir, nə bilim təbiətin qanunudur.
Üstəlik, söhbət düşəndə özlərini öyüb mən xristianam, nə bilim müsəlmanam kimi sərsəm iddialarda bulunurlar. Bunlara baxanda adamın lap əti tökülür, çünki bu bədbəxtlər qanunsuz cinsi münasibətləri Sənin Yaradılışda ən möhtəşəm enerjin olan Sevgi ilə qarışdırırlar. Həmin bu adamlar o uzunboğaz çəkməyə bənzər ölkədə həyasızlıq və əxlaqsızlıq edən bir pozğunun tonqalda yandırılması tarixini Sevgililər Günü kimi cəmiyyətə soxuşdurublar.
Bunlar bir yana, hələ mən eynicinsli nigahları və cinsi münasibətləri demirəm. Düzü, utanıram bu haqda danışmaga... Son yarım əsrdə çox şey dəyişib Səxavətli Tanrım, mənəvi dəyərlər itmək üzrədir, İnsanlıq yoxa çıxma ərəfəsindədir. İndi evi və pulu olmayan vicdanlı və namuslu oğlana qız vermirlər, indi pulu-vəzifəsi olmayanı adam yerinə qoymurlar, indi “Haqq” deyənin dilini, “Ədalət” deyənin qolunu, “Qanun” deyənin başını kəsirlər. İndi həkimlər can biznesi ilə, mollalar ölü biznesi ilə, müəllimlər qiymət biznesi ilə, siyasətçilər fırıldaqçılıqla, tacirlər xalqın qanını sormaqla, məmurlar rüşvətxorluqla, zəhmətkeş proletariat isə acından ölməmək üçün hamballıqla məşguldur.
İndi adını həkim qoyan bəzi para dəlləklər Sənin insan orqanizmində yaratdığın ən vacib orqanları amputasiya edib atırlar ki, bu artıqdır. Hələ üstəlik, belə əməliyyatlardan birinin- sonralar dəhşətli nəticələrə gətirib çıxaran sünnət əməliyyatının həyata keçirilməsi şərəfinə şənlik edib bir toy çaldırırlar ki, adam gülməkdən az qalır rəhmətə gedə. Hələ bunu dinlə də bağlamağa çalışırlar, baxmayaraq ki müqəddəs kitablarda belə cinayətlər qadağan edilmişdir.
Belə çıxır ki, bunlar Səndən yaxşı bilir nə artıqdır, nə əksik. Beləlilklə də, sağlam adamı şikəst edib qoyurlar bir tərəfə ki, Tanrının səhvini düzəltdik (?). Niyə onların cəzasını vermirsən, yazıq deyilmi xalqın günahsız balaları?
Bunlar bir yana, adlarını dindar qoyan, özlərini Allah əsgəri elan edən bir para qorxunc "roja"lı terrorçular orda-burda bomba partladıb minlərlə günahsız insanı-uşaqları, qadınları, qocaları qətlə yetirəndə Sənin Adını çəkirlər. Lap gülməlidir, guya ki, bu kütləvi qətlləri və qanlı qırğınları bu Şeytanabənzər məxluqlara Sən sifariş vermisən.
Bilirəm ki, çox çərənləyib baş-beynini aparıram, amma başına dönüm ürəyim doludur. And olsun Şöhrətinə və Qüdrətinə ki, mən Sənin və bəndələrinin halına yanıb uzun yazıram, yoxsa mənə nə düşüb ki, gözümü kompüterin monitoru, barmaqlarımı klaviaturanın düymələri şikəst edə-edə bu sicilləməni yazıb qızıl kimi Vaxtını alım. Ona görə də, hələ bir xeylax söhbətim də var ki, oxusan şad olaram.
Bildiyin kimi, artıq bu lənətə gəlmiş planetdə artıq çox adam nəinki Sənin Kitablarını, heç bir-birinin kitablarını da oxumur. Bu səbəbdən də Sənin böyük mələklərindən olan İblis dünyamızda meydan sulayır, aciz və köməksiz bəndələrini yoldan çıxarmaqla məşğul olur. Həm də təkcə yoldan çıxarmağa cəhd etsə nə vardı ki? Səlahiyyətlərini aşaraq insanlara zülüm çəkdirir, öz əlaltıları vasitəsilə mömin və təmiz bəndələrini fəlakətə düçar edir.
Bizim də Səndən başqa heç kimimiz yoxdur. Hara gedək, kimə deyək, indi bir qələtdi eləmişik, gəlib bu dəlixana planetə düşmüşük, çevir bizi o yanındakı tanrıçaların, mələklərin, pərilərin və cinlərin başına qurtar bu müsibətdən. Səni and verirəm 124 min peyğəmbərin əziz ruhuna ki, bu məsələ ilə Özün Şəxsən məşgul ol. Daha Tanrıçalara, Mələklərə filana tapşırma.
Qədim elmi-fəlsəfi və dini kitablarda deyilənə görə, biz kainatın əbədi dövranında milyonlarla həyat yaşayırıq. Hər dəfə də yenidən doğulur və ölürük. Yəni, əslində ölmürük, formamızı, məkanımızı, zamanımızı dəyişirik. Və yeni dünyaya gələndə də, ötən həyatımızda nəyə layiq olmuşuqsa, ona uyğun da həyat alırıq. Bu hesabla əhli-kürrün 90 faizi əvvəlki həyatında nəsə ciddi bir qələt qarışdırıb ki, gəlib burda cəhənnəm əzabı çəkir.
Düzdür, biz başa düşürük ki, Sən bu təhlükəli məxluqları- insanları yaratmağına xeyli peşman olmusan. İndi neynəmək olar, sonrakı peşmançılıq fayda verməz deyiblər, biz Sənə oxşadığımız kimi, Sən də bizə oxşayıbsan, hərdən bir səhv də edirsən. Amma biz səhv edəndə Səndən bağışlanmağımızı diləyirik. Maraqlıdır, Sən səhv edəndə neyləyirsən?
Düzdü, yeganə səhvin Sənə çox baha başa gəldi, ilahi dərgahda keçirdiyin prezentasiyada mələklərin çox dedi, Sən az eşitdin. Dedilər ki, bu insan deyilən məxluq Sənin başına oyun açacaq, inanmadın. İndi də qürurunu qıra bilmirsən, dəqiqədən bir Elçi, Kitab-dəftər göndərirsən ki, bəlkə əhliləşdilər. Amma öz aramızda qalsın, biz düzələn zad deyilik. Bizim mayamıza haram, xəyanət, satqınlıq, xəbislik, zorakılıq, paxıllıq qarışıb. Bunu sən də bilirsən, amma Yaradılış kompüterində "İnsan" proyektini seçib “delete” düyməsini basa bilmirsən. Əlin gəlmir... Yəqin olur ki, mərhəmətin ədalətindən güclüdür...
Ardı var