Adı “sonsuzluq” olan bu ifadə müsbət və mənfi olaraq, iki məna daşıyır. Sonsuz sevgilər, sonsuzadək yaşananlar, sonsuzadək anılanlar kimi sonsuzluğun acısını yaşayanlar da var: sonsuzluqla mücadilə edənlər, sonsuzluğun sonunun olmadığını bilə-bilə bir sonun çatmasını gözləyənlər kimi... Üç gün əvvəl Bakıdan Qroznıya uçan təyyarənin ayağın yerdən kəsildiyi minlərlə metr yüksəklikdə öz məhvərindən çıxarılıb sonsuzluğa salındığı kimi...
Təyyarə sonu olmayan fəzada içərisindəki insanların sağ qalması üçün saatlarla mücadilə etdi. Lakin öz yolunu itirmişdi. Başqa səmtə istiqamətləndirilmişdi. Sulara qərq ediləcəkdi. Lakin fəzanın sonsuz olduğunu isbatlayan insan övladlarından biri olan bacarıqlı pilot bu izin itirilməsinə izn verə bilməzdi. Nəyin bahasına olursa-olsun təyyarə quruya enməli, hadisənin nə səbəbdən baş verdiyini bildirməli idi. Ona görə də sonsuz fəzada sonsuzluq yolundan keçməli oldu. Sonsuzluğun düsturunu yenidən cızmalı oldu. Bir daha təsdiq etdi ki, fəza sonsuzdur və öz yolunu itirən hər bir təyyarə onun qurbanı ola bilər. Və bir də onu ki, sonu olmadığını təsdiq etdiyimiz sonsuzluq nəyinsə, kiminsə sonu ola bilər...
Təyyarədə olan 62 sərnişin və 5 ekipaj üzvü təyyarə sonsuzluqda özünə yol axtararkən sonsuz dərəcədə həyəcan, qorxu, təşviş yaşadı. Bu həyəcana, qorxuya, təşvişə eyni zamanda onların ölüm-qalım fikirləri də qarışmışdı. Bir də arzuları... Kimi yerə enəndə hara gedəcəyini, kiminlə görüşəcəyini, nəvəsini, oğlunu-qızını bağrına basacağını, lap çoxdan görmədiyi qohumunun evində necə qarşılandığını düşünərkən, yaxınları ilə harada gəzib-dolaşacağını planlaşdırarkən və yaxud ya işləmək, ya xəstəlik üçün üz tutduğu şəhərdə bu problemlər həll olunacaqmı deyə fikirləşərkən özlərindən xəbərsiz həmin sonsuzluq xətti üzərində sonsuzluq işarəsini cızırdılar. Ya bu xətdən çıxacaq, yerə sağ-salamat enəcək, ya da sonsuzluğun içərisində bir sona qovuşacqdılar.
Təəssüf ki, sonsuzluq sonu oldu onların qədərinin. Pilotun böyük məharətlə təyyarəni qurtarmaq, insanların həyatını təhlükəsizləşdirmək mübarizəsinə baxmayaraq artıq hadisə baş vermişdi və yerə enmək mümkünsüz idi. Təyyarədəki 67 insan övladının qədərində bu faciəni yaşamaq, Allahın həmin gün “öl” və “ölmə” əmrinə boyun əymək varmış...
Və belə də oldu. Həyatı həmin günə nöqtələnən və Allahın “öl” əmri verilən 38 nəfər bu səfərin qurbanı, 29 nəfər isə Allahın ölmə əmri ilə həyatda qalmalı oldu. Bu hadisə bəzən Allahın da varlığına şübhə edən insan övladı üçün sonsuzluğun sonu olduğu kimi, Allahın-kainatı yaradan qüvvənin də olduğunu bir daha sübut etdi. Əgər belə deyilsə, o yanğından, o bombardmandan kim xilas ola bilərdi?..
Hər kəs mücadilə apardı. Stüardessanın “Sakit oturun, narahat olmayın” sözlərinə riayət etdi. Hökumə Əliyeva “Hər şey yaxşı olar” deyəndə sonsuz bir ümid də yarandı qəlblərində. Bu gənc stüardessanın təcrübəsini öz mülahizə və ehtimallarından üstün tutdular. Lakin bu hər şeyin yaxşı olacağına çağırış əslində hər şeyin yaxşı olmayacağının da təsəllisi idi. Özünün də onlarla insanla birlikdə bir qədər sonra sonsuzluqda sonu çatacaq gözəl, vətənpərvər, təhsilli, vəzifəsinin öhdəsindən layiqincə gələn azərbaycanlı bir qadının təsəllisi, ümidə inam hissi idi...
Lakin az sonra 67 insan qəlbində min bir arzu ilə, gələcəyinə hesabladığı və ardınca qaçdığı diləklə göydən yerə çırpıldı: parça-parça olanlar, tanınmaz vəziyyətə düşənlər, yanğına məruz qalanlar və ağır xəsarət alanlar, ölümlə mücadilə edənlər, lakin sağ qalanlar, yaşayanlar...
Xalqımız üç gündür matəm içindədir. Bu hadisə öz ağırlığı, dəhşəti ilə ürəkləri göynədir, ağrıdır. İstər soydaşlarımızın, istər təyyarədə olan digər millətlərin nümayəndələrinin fəzada nələr yaşadığını düşündükcə insan varından yox olur.
Nə etməli ki, hadisə baş verdi, bütün bunlar yaşandı. Sən demə sonsuzluq da insan övladının sonunu gətirməyi bacaran bir qüvvə imiş. Ölüm haqdır, kim ondan yayına bilər ki... Lakin belə ölümlər özündən heç kimin fikrini yayındıra bilmir: baş verməsi, ağırlığı, ağılagəlməzliyi ilə...
Allah hadisədə həyatını itirənlərə rəhmət, yaralılara şəfa versin. Hər il dekabrın 25-i bizim üçün sonsuzluğun canlarına qıydığı, həyatlarına son verdiyi soydaşlarımızın o an, o saatda yaşadığı faciə ilə anılacaq. Əvvəlki təyyarə qəza və hadisələri, onların qurbanları kimi.
Mətanət Məmmədova